İş dəftərləri, test kitablarının narazı salan qiymətləri – Müzakirə

11:11 24.11.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Təxminən, iki aydan çoxdur ki, Azərbaycanda yeni tədris ili başlayıb. Yeni dərs ilinin başlanması valideynlərin qayğılarını artırıb. Onlar zəruri məktəb ləvazimatları ilə yanaşı, iş dəftəri, test kitabları almağa məcbur olublar. Qeyd edək ki, bu vəsaitlərin qiyməti 5-11 manat arası dəyişir. Müəllimlərin bütün fənlərdən iş dəftəri və test kitabları tələb etdiyini nəzərə alsaq, valideynlərin durumunu anlamaq elə də çətin olmaz. Maraqlıdır, görəsən, məktəbliləri bu vəsaitlərlə pulsuz və ya güzəştli şərtlərlə təmin etmək mümkündürmü?

 Məsələn, qonşu Türkiyədə məktəblilər üçün iş dəftərləri yalnız ingilis dili fənnindən nəzərdə tutulub. Həmin vəsaitlər də məktəblilərə dövlət hesabına verilir. Bundan başqa, yuxarı sinif şagirdləri üçün humanitar və texniki fənləri əhatə edən test toplusundan ibarət “Kavrama testleri” adlı 2 kitab dövlət tərəfindən təmin olunur.

Mövzu ilə bağlı hafta.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilov deyib ki, bu məsələ uzun illərdir müzakirə edilsə də, həllini tapmır:

“Artıq neçənci dəfədir, “başıbəlalı iş dəftərləri” ilə bağlı suallarla qarşılaşıram və hətta özüm-özümə sual vermək məcburiyyətində qalmışam ki, sıradan olan bir məsələnin ildən-ilə gündəmi zəbt etməsi nə deməkdir? “İş dəftərləri” ilə bağlı 15 illik müzakirə və mübahisələrə yaşıl və ya qırmızı işıq yandırmaqla son qoymaq, bu qədərmi çətindir? Nə az, nə çox, düz 15 ildir ki, hər yeni dərs ilinin başlanması ilə əlaqədar iş dəftərləri ilə bağlı məsələ yenidən gündəmə gəlib. Yəqin, bilən bilir, bilməyən  isə bilsin ki, Təhsil Nazirliyi “İş dəftərləri”nin tətbiqini yaranan zərurətlə əlaqədar, yəni kurikulum sisteminə uyğun olaraq 2007-2011-ci illər üçün məqbul saymışdı. O dövrdə kurikulumun tələblərinə uyğun dərsliklər hazırlananadək belə dəftərlərdən istifadəyə ehtiyac vardı. Təəssüflər olsun ki, bundan kütləvi şəkildə sui-istifadə hallarına yol verildi. Bu, “iş dəftərləri” təhsilə, biliyə və elmə xidmətdən daha çox kommersiya maraqlarına xidmət etməyə başladı. Qiymətlər çoxları üçün əlçatan olmadı. İctimaiyyət bu məsələnin üstünə getdi. Bu, mətbuatda da geniş işıqlandırıldı və nazirlik iş dəftərlərinin dərslik komplekti siyahısından çıxarılması barədə əmr verdi. Elm və Təhsil Nazirliyindən də zaman-zaman, dəfələrlə bildirilirdi ki, “İş dəftərləri” dərslik komlektindən çıxarılıb, onların istifadəsi məcburi deyil. Belə bir rəsmi bəyanat da verilmişdi ki, əgər məktəblərdə şagirdlərə məcburi şəkildə iş dəftərləri aldırırlarsa, o zaman valideynlər hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Qanunverciliyə əsasən buna dair ciddı ölçü götürüləcək. Belə hallar baş verərsə, biz buna qarşı mübarizə aparacağıq.” Lakin məsələ olduğu kimi qalmaqda davam edir. İş dəftəri aldırılır, onlardan ev tapşırıqları verilir. Bununla belə üstündən artıq neçə illər keçməsinə baxmayaraq, vəziyyət o qədər də dəyişməyib”.

Ekspert problemin düyünə düşməsinin səbəbinə də toxunub: “Kimsə bunu belə qəbul edir ki, iş dəftərləri dərslik komplektindən çıxarılıb, tədris prosesindən ki, çıxarılmayıb. Eynilə belə çıxır ki, iş dəftərlərindən istifadə edə də bilərsən, etməyə də. Bir tərəfdən də, bu məsələdə Elm və Təhsil Nazirliyindən asılı olmayan səbəblər də var, digər korporativ və kommersiya maraqları və s. də öz yerində. Məlum olduğu kimi “İş dəftərləri” 2013-cü ildən Təhsil Nazirliyindən alınaraq müstəqil nəşriyyatlara verilmişdi. Bir məsələ də var ki, bir çox müəllimlər və məktəb rəhbərləri də bizə məlum olan və məlum olmayan səbəblərdən bu iş dəftərlərin istifadəsində maraqlıdırlar. “İş dəftərləri”nin alınmasında ayrı-ayrı valideyn və şagirdlərə müəyyən təzyiqlər barədə də çox deyilib, çox yazılıb. Bir çox valideynlərimiz də bu kimi məsələlərə loyallıq göstərməkdə davam edirlər.

Elm və Təhsil Nazirliyinin mövqeyi isə belə olub ki, dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlər əsas tədris vəsaiti olan dərsliklərlə pulsuz təmin edilirlər. Dərsliklərdə kifayət qədər çalışmalar var ki, onların adi yazı dəftərində həll edilməsi ilə mövcud təhsil proqramının mənimsənilməsi tam təmin oluna bilər. Bununla belə, müəllim təhsil proqramında nəzərdə tutulan standartların reallaşdırılması üçün dərslikdən başqa digər tədris resurslarından da istifadə edə bilər. Müəllim tədris prosesində şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq, onlara müxtəlif vəsaitlərdən, eləcə də iş dəftərindən tapşırıqlar verə və bununla da diferensial yanaşmanı təmin edə bilər. Beləliklə, dilemma qarşısında qalmışıq. Əgər, doğrudan da iş dəftərləri, testlər və s. bu kimi digər əlavə materiallar məcburi deyilsə, o zaman təhsili onun üzərində qurmaq nə  dərəcədə düzgündür? Əks halda valideynlər onları almaq məcburiyyətində qalır və əlavə xərcə düşmüş olurlar. Bu isə, aztəminatlı ailələr üçün xüsusilə çətinlik yaradır”.

Məsələ ilə bağlı hafta.az-la fikirlərini bölüşən təhsil eksperti Elşən Qafarov deyib ki, Azərbaycan qanunvericiliyinə görə, ölkədə yalnız dərsliklər pulsuz verilir: “Həmin dərsliklərdə də hər mövzu ilə bağlı müvafiq çalışmalar olur. Əgər valideyn və yaxud da müəllim əlavə vəsaitlərlə işləmək istəyirlərsə, bu onların şəxsi təşəbbüsüdür. Yəni, tədris proqramında yoxdur ki, hökmən iş dəftərləri və ya əlavə vəsaitlərdən istifadə olunsun. Əslində əlavə materiallardan istifadə olunması yaxşı haldır. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının Tədbirlər Planında nəzərdə tutulmuşdu ki, hələ 2018-ci ilə qədər ümumorta təhsildə səviyyəsində şagirdlərə pulsuz dərsliklər, test topluları, iş dəftərləri və s. vəsaitlərlə yüklənmiş planşetlər verilməli idi. Təəssüflər olsun ki, bu məsələ indiyədək reallaşmayıb. Əgər biz düşünürük ki, əlavə tədris materialları olmadan tədrisi keyfiyyətli qura bilmirik, gec də olsa o zaman ən azı 5-9-cu siniflər üzrə həmin planşetlərin verilməsinə başlamalıyıq”.