Erməni vəhşiliyi sərhəd tanımır... Torpaqlarımız işğaldan azad edildikcə, Azərbaycan əsgərinin qarşılaşdığı mənzərə, mənəviyyatı olan xalqın nümayəndəsini dəhşətə gətirməyə bilməzdi. Belə ki, onlar bizim məscidlərimizi, ibadət ocaqlarımızı tövləyə çevirib, donuz, inək saxlayıblar.
İllərdir, ürəyi kibirlə alışıb-yanan düşmən dini abidələri dağıdıb, talan etməklə həm də öz mənəviyyatsızlığını bir daha sübut etmiş oldu. İndi belə məscidləri gördükdə ağıllara bir neçə sual gəlir: görəsən, bu məscidlər yenidən istifadəyə verilə bilərmi? Yoxsa yeniləri tikilməlidir? Dini baxımdan bu, nə qədər düzgündür? Digər İslam ölkələrindən və o ölkələrdəki dini qurumlardan məsələyə münasibət?
Bütün bu suallara aydınlıq gətirmək üçün hafta.az mütəxəssislərə müraciət etdi.
Heydər Məscidinin axundu Rüfət Qarayevin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdəki məscidləri bərpa etdikdən sonra istifadəyə verilməsində şəriət və din baxımından heç bir qəbahət yoxdur:
"Bu məscidlər həm bizim milli-mənəvi dəyərlərimiz, həm tarixi abidələrimiz, həm də ibadət ocaqlarımızdır. Erməni vandalizmi hər sahədə öz məkrli siyasətini aparır. Biz onlara məxsus kilsələri, ibadətgahları qoruyub-saxlasaq da, ermənilər bizim məscidlərdə donuz saxlayıb, öz çirkin əməllərini həyata keçiriblər. Həmin məscidlərin üslubu qorunub-saxlanılmaqla yenidən və daha müasir standartlara uyğun olaraq bərpa edilib, ibadət edənlərin ixtiyarına veriləcək. Burada şəriət və din baxımından heç bir qəbahət yoxdur".
İlahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli söyləyir ki, bütün bu baş verənlər – ibadət ocaqlarının dağıdılması və burada heyvan saxlanılması ermənilərin təcavüzkar siyasətinin sübutudur:
“Sentyabr ayının 27-də başlayan müharibə birliyimizi və dövlətçiliyimizi daha da güclü etdi. Şükürlər olsun, biz öz torpaqlarımızı işğaldan azad etdik. Erməni vandalları ekologiyamıza ciddi ziyan vurdu, meşələrimizi yandırdı. Onlar işğal müddəti ərzində məscidlərimizi dağıdıb, burada donuz və başqa heyvanları saxlayıblar. Bütün bu hadisələr dünya kütləvi informasi vasitələrinin gözü önündə baş verdi. Bu gün Qarabağımızın ürəyi olan Şuşamızda, eləcə də işğaldan azad edilən digər ərazilərimizdə bizim əsgərlərimiz məscidləri təmizlədilər. “Paklıq imandandır” buyurulan ayə var ki, elə biz də mövzuya bu fikirlə yanaşsaq, su bütün murdarlıqları təmizləyir. Yayılan görüntülərdən də gördük ki, artıq məscidlərə xalçalar döşənib, namaz qılındı. Bu, Azərbaycan Ordusunun, dövlətçiliyimizin və xalqımızın böyüklüyüdür. Biz dağılmış yerləri abadlaşdırıb insanların xidmətinə veririk. Düşmən isə harada gözəl məkan varsa, oranı viran qoyur, uşaqları öldürür, ekoloji terror törədir, ibadət yerlərini donuzxanaya çevirir. Bütün bunlar bir daha ermənilərin məkrli, pisniyyət olmasından xəbər verir”.
İlahiyyatçı bildirir ki, düşmənin bu hərəkəti təkcə İslam dövlətlərində deyil, qeyri-müsəlman ölkələrində də əks-səda doğurdu:
“Nəinki İslam ölkələri, eyni zamanda, qeyri-müsəlman ölkələri də düşmənin bu əməlini pislədi. Bütün səmavi dinlərdə, istər Yəhudilikdə, istər Xristianlıqda, istərsə də İslamda Allahın evinə qarşı edilən hörmətsizlik bəyənilmir. Bir millət bunu edirsə, burada dindən söhbət gedə bilməz, bu, sadəcə vəhşilikdir. Demək olar ki, bütün dünya əhalisi, dinindən asılı olmayaraq, bu məsələyə öz narahatlığını bildirdi. Ermənilər dinc əhalini vəhşicəsinə qətlə yetirib. Bəs görəsən, daşın, divarın nə günahı var idi? Bu, təkcə dünya müsəlmanlarında deyil, eyni zamanda, qeyri-dinin nümayəndələrində də böyük hiddət yaratdı”.
Sonda isə biz də onu deyə bilərik ki, düşmənin uzun illərdən bəri davam edən təcavüzkar siyasətinə baxmayaraq, Azərbaycan hər zaman öz tolerantlığı ilə dünyaya nümunədir. Bunu ölkəmizdə dövlət investisiyası hesabına təmir və bərpa edilən erməni kilsəsinin timsalında açıq-aşkar görmək mümkündür.
Banu