Cəmiyyətimizdə nəcib keyfiyyətləri, saf, mənəvi dəyərləri parlaq şəxsiyyətində cəmləyən böyük düşüncəli insanlar da az deyil. Onların nurlu çöhrəsində həmişə bir həyat canlanır, Yaradanına sitayiş, qəlbində mərhəmət hissi duyulur. Belə insanlardan biri də sadəqəlbli, dərindüşüncəli, ilahiyyatçi İlqar Nəsirovdur.
Xatırladaq ki, İlqar Nəsirov 1959-cu ildə Ağdam rayonunun Yusifcanlı kəndində doğulub boya başa çatıb. Onunla tanış deyildim. Bir neçə ay bindan öncə mənə telefon açıb dedi ki, Ağdamıın Yusifcanlı kəndindənəm, telefonunuzu yaxın bir adamdan almışam, sizinlə görüşüb bir məsləhət almaq istəyirəm. Etiraz etmədim, Elmlər Akademiyası şəhərciyində fəvvarənin qabağında onunla görüşdüm. Utana-utana əlindəki qovluğu göstərib dedi ki, kitabça şəklində balaca bir yazım var, istəyirəm, ona baxasınız və sizin məsləhətinizə, köməyinizə ehtiyacım var. Mən Bakıda yaşamadığımdan heç haranı tanımıram. Ağdamın Bənövşələr qəsəbəsində məskunlaşmışam. Müsafirimin nə demək istədiyini anladım. Ona söylədim ki, qovluğunu ver, aparım evə bir baxım, sabah elə bu vaxt burada görüşərik. Axşam səliqəli dəst-xətlə yazılmış əlyazmanın böyük bir hissəsini oxudum, gördüm ki, gözəl yazıdır, dini, əxlaqi dəyərləri özündə əks etdirən bir kitabdır. Kitabın çapı ilə bağlı nəşriyyatda işləyən yaxın dostlara zəng etdim. Heç kəs bu məsuliyyəti boynuna götürməyib dedi ki, gərək “DQİŞ” komitəsindən yazılı şəkildə icazə alınsın. Bu, başağrıdıcı işdir.
Ertəsi gün kitabın müəllifi İlqar Nəsirovla görüşdüm, vəziyyəti ona danışanda rəngi dəyişdi, çox pis oldu. Dedim ki, ürəyini üzmə, yaxın bir dostum var, onunla birləşib sənin kitabını çap elətdirəcəyəm. Çox sevinib dedi: “Allah köməyin olsun”. İlqar bəy “İslam dinində ilahi həqiqətlər” kitabını hansı səbəbdən yazdığını söylədi: “Bu kitabı Allah mənə hidayət etdi. Açığını deyim ki, 2008-ci ildə dinə-imana qayıtdım, Müqəddəs Kitabımız olan “Qurani- Kərimi” oxudum və bir gün qərara gəldim ki, belə bir kitab yazım”.
Şair dostum Musa Ələkbərlinin yanına gəlib ondan xahiş etdim ki, həmyerlimdir, çox sadə, abırlı-ismətli və imkansız din adamıdır. Dini bir kitab yazıb. Olduqca gözəl və gənc nəsillər üçün əxlaqi tərbiyəyə malik nəsihətdir. Qurandakı kəlamları təhlil edərək, maraqlı bir kitab ortalığa qoyub. Bu kitabı çap etdirmək lazımdır. Sağ olsun Musa müəllim. ”Elm və təhsil” nəşriyyatının rəhbərliyi ilə danışdı. Nəşriyyat bu kitabın çapını öz boynuna götürdü. Kitab tam oxunub hazırlanandan sonra, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılıq məktubu əsasında işıq üzü gördü.
Bu, İlqar Nəsirovun ilk kitabıdır. Kitab bütövlükdə nəsihətdən ibarətdir, İslam dinindəki ilahi həqiqətlərdən söhbət açır. Dini əsaslara köklənərək, insanları təmizliyə, saflığa, haqqa-ədalətə səsləyir və əsl həqiqətləri çatdırır. Bir sözlə, bu kitab, əsasən, insanların əxlaqi dəyərlərinin yüksək olmasından bəhs edir. Kitabın son səhifəsində müəllif yazır: “Allah Qurani-Kərimi bizə həm də öyüd-nəsihət üçün göndərib. Dərk edənlər üçün Qurani-Kərim peyğəmbərləri əvəz edir. Oxu, keçmişlərin etdikləri səhvlərə görə öyüd-nəsihət al və hidayət ol.
Əziz Əhli-Beyt aşıqləri bu olanları müsəlmanlara anlatmaq bizim boynumuzun borcudur. Çünki bizlər haqq sayılırıq”.
İnanıram ki, həqiqi gerçəkliyi və mənəvi dəyərlərimizi özündə əks etdirən bu kitab neçə-neçə gəncimizin tərbiyəsində böyük rol oynamaqla çoxlu sayda oxucu marağına səbəb olacaq.