İsrailin siyasətini biz formalaşdırmırıq... - Fazil Mustafa

16:00 02.10.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bizi İsrailə görə ittiham etmək, tələb irəli sürmək axmaqlıqdan başqa bir şey deyil...”

Bu gün regionda və dünyada cərəyan edən mövcud kataklizmlər, ziddiyyətli münasibətlərin Türkiyə–Azərbaycan münasibətlərinə təsir edəcəyi iddiası ilə çıxış edənlər türk dövlətləri, eləcə də türkə dost ölkələr arasında inamsızlıq toxumunu əkməyə çalışırlar. Bu kontekstdə regionda cərəyan edən proseslər maraqla izlənir.

Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Fazil Mustafadır.

- “Azərbaycan-Ermənistan liderlərinin ABŞ səfəri, Zəngəzur dəhlizi və sair razılaşmalarda Türkiyə də iştirak etməli idi” iddiası ilə çıxış edənlər ikitərəfli münasibətlərə kölgə salır. Bu kontekstdə iki qardaş dövlət - Azərbaycan ilə Türkiyə arasındakı möbcud vəziyyəti necə təhlil edərdiniz?

- Türkiyə heç bir halda Azərbaycan-Ermənistan sülh danışıqlarından kənarda deyil, əksinə, tam içərisindədir. Sadəcə, əgər ABŞ Azərbaycanla Ermənistanı bir araya gətirib üçlü müzakirələr aparırsa, Türkiyəni bu görüşə necə qata bilərik? Yaxud, cənab Ərdoğan Trampla ikili görüşürsə, Azərbaycanı ora necə çağıra bilər? Yəni diplomatik görüşlər, müzakirələr müxtəlif formatlarda aparılır. Bu formatlardan hansında mümkündürsə, biz orada Türkiyənin də təmsilçiliyini nəzərdə tuturuq. Əgər ikitərəfli danışıqların aparılması nəzərdə tutulursa, biz bu görüşlə bağlı Türkiyəni məlumatlandırma vasitəsilə onun iştirakçılığını həyata keçirə bilərik. Heç şübhəsiz, əgər biz bütün danışıqlarda Türkiyənin iştirakını istəsək, Ermənistan da Fransanı, yaxud başqa bir dəstəkçi dövləti daxil etmək istəyəcək. Yəni elə məsələlər var, orada iştirakçılıq görüşün formatından asılıdır. Əgər format imkan verirsə, Azərbaycan mütləq orada Türkiyənin iştirak etməsini istəyir. Burada təzadlı heç nə yoxdur və məsələnin iki qardaş dövlət arasında ziddiyyət, narazılıq kimi qələmə verilməsi bu münasibətləri qəbul etməyən tərəflərin maraqlarına xidmət edir.

- Ermənistan ABŞ-də baş tutan 8 Avqust razılaşmasına əsasən nə dərəcədə adekvat addım atır? Türkiyə ilə sərhədlərin açılması, eləcə də Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün hansı lazımi gedişləri edilir?

- Ermənistanın 8 Avqust razılaşmasına əsasən müəyyən addımlar atdığı görünür. Təbii ki, bunlar bir günün içərisində hökumət qərarı ilə həll olunacaq məsələlər deyil. Konstitusiyada qonşu ölkələrə qarşı torpaq iddiası ilə bağlı maddənin silinməsi, bir sıra dəyişikliyin edilməsi uzun müddətli vaxt tələb edir. Əsas onun başlanması ilə bağlı niyyətin olmasıdır və bu, dəfələrlə bəyan edilib və konstitusiyada dəyişikliyin ediləcəyi ilə bağlı fikirlər bildirilib. Ümid edək, bütün bu tələblər həyata keçiriləcək. Azərbaycan tərəfi isə öncədən özünün şərtlərinin nədən ibarət olduğunu söyləyib və Ermənistanın atacağı addımları gözləyir. Hesab edirəm, bu faktiki işlərin həyata keçirilməsi bizdən asılı deyil. Burada ABŞ-nin faktiki hərəkətə keçməsi fonunda bu məsələlər gerçəkləşə bilər. Nəzərə almaq lazımdır ki, buna maneə yaratmaq istəyən qüvvələr də kifayət qədərdir.

- Ermənistanla münasibətlərin normallaşma prosesi hansı mərhələdədir? Ermənistan cəmiyyəti buna nə dərəcədə hazırdır?

- Ermənistanla münasibətlərin normallaşmasına bu kontekstdən baxıla bilər. Əslində, normallaşmanın əsas mərhələsi keçilib. Yəni sülh sazişi ilə bağlı məsələ paraflanıb, ABŞ-nin bu məsələdə dəstəyi və mövqeyi açıq ortaya qoyulub. Demək olar, münasibətlərin normallaşmasının bu mərhələyə qədərki ən çətin hissəsi arxada qalıb. Bundansonrakı mərhələ, artıq prosesləri sürətlə irəli aparmaq deməkdir. Bu da Ermənistanın öz öhdəliyini nə dərəcədə icra etməsindən asılıdır.

- “Zəngəzur dəhlizi” ifadəsinin səslənməsi Ermənistan baş nazirini niyə bu qədər narahat edir?

- “Zəngəzur dəhlizi” ifadəsinin işlənməsi Ermənistanı daxili ictimai rəyə görə narahat edir. Halbuki bundan narahat olmalı deyillər. Ermənistan düşünür ki, dəhlizin keçdiyi yer onun ərazilərindədir və orada Azərbaycanın terminaloji üstünlük qazanması onlar üçün məqbul deyil. Məsələnin bu tərəfi bizim üçün önəmli deyil. Bizim üçün əhəmiyyətli olan məsələ yolun açılmasıdır. Azərbaycan Prezidenti də çıxışında bir dəfə “Zəngəzur dəhlizi” deyəndə, biri dəfə də “Tramp yolu” ifadəsini işlətdi. Yəni alternativləri ona görə gündəmə gətiririk ki, bizim üçün mahiyyət daha önəmlidir və bu, prosesin doğru istiqamətdə irəliləməsi ilə yekunlaşa bilər.

- Türkiyədə Zəngəzur dəhlizi layihəsində ABS-nin rolunun artması necə dəyərləndirilir?

- Türkiyə bu məsələdə Azərbaycanla kifayət qədər koordinasiyalı şəkildə işləyir. Məncə, Türkiyədə belə bir problem olmamalıdır. Bizim atdığımız addımlar Türkiyə ilə məsləhətləşərək həyata keçirilir. Eyni zamanda, Türkiyə öz xətti ilə Ermənistanla birbaşa münasibətlər qurur. Biz buna normal yanaşırıq. “Ermənistanla münasibətlər qurulmasın”, - deyə qoyulan tələblər, artıq yeni dövrün situasiyasına uyğun gəlmir. Ona görə Türkiyənin də bu istiqamətdə addımlar atması, münasibətlər qurması olduqca vacibdir. Türkiyə Prezidenti də BMT tribunasından bunu ifadə edərkən məsələni diqqətdə saxladıqlarını bir daha göstərdi.

- Azərbaycan İsraillə münasibətlərə görə hədəf alınır və bu say artmaqdadır. İlk dəfə “Eurovision” xəbəri dalınca BMT-də Netanyahunun cıxışı zamanı, guya, Azərbaycan tərəfinin onu alqışlamasına dair feyk foto yayıldı. Məqsəd nədir?

- Azərbaycan və İsrail münasibətlərinin kimlərsə tərəfindən məqsədyönlü şəkildə hədəfə alınması siyasət anlaşmalarının yetərli olmamasını göstərir. Biz İsrailin bölgədə, dünyada apardığı siyasəti müəyyənləşdirmirik, yaxud da buna təsir edəcək imkana sahib deyilik. Əgər belə bir imkana sahib deyiliksə, bizi İsrailə görə ittiham etmək, tələb irəli sürmək axmaqlıqdan başqa bir şey deyil.  İsraillə ikitərəfli əməkdaşlıq qurmuşuq və bu nə İsrailə, nə də Fələstinə qarşı yönəlib. Azərbaycan Fələstin dövlətini tanıyır, ona dəstək verir. Biz bu dövlətin səfirliyini açmışıq və heç bir halda bu məsələdə dünya ictimaiyyətinin mövqeyindən kənar mövqe sərgiləmirik. Fələstinə, Qəzzaya yardım məsələlərində Azərbaycan öndəgedən ölkələrdən biridir. Bu o demək deyil ki, İsraillə münasibətlərimizi pozmalıyıq. Biz münasibətlərə dini, milli, irqi prizmadan yanaşmırıq. Kim dost olursa, dost, kim dost olmaq istəmirsə, ən azı, çalışırıq ki, düşmən də olmasın. Ona görə də bu kimi məsələlərdə reallıq hissini qorumaq lazımdır. Tutaq ki, ABŞ 907-ci düzəlişi illər uzunu əsassız, ədalətsiz qaydada saxlamışdı. İndi biz Amerikadan küsüb, başqa ölkələrdən də istəməliyik ki, nəyə görə ABŞ-dən küsmürsünüz? Yəni siyasətdə bu qaydalar işləmir. Bu baxımdan İsraillə münasibətlərimiz qarşılıqlı maraq müstəvisində formalaşan münasibətlərdir. İsrail bizim Fələstinə dəstək verməyimizə və yaxud ona müəyyən dərəcədə yardım göstərməyimizə də əngəl olmur. Biz müstəqil dövlətik və öz siyasətimizi İsrailin, yaxud başqa dövlətlərin istəkləri üzərindən aparmırıq. Öz dövlət marağımız nəyi tələb edirsə, ədalətli formada ona uyğun davranırıq.

- Azərbaycan-İsrail münasibətləri Türkiyənin maraqlarına toxunurmu?

- Azərbaycan-İsrail münasibətlərinin Türkiyə ilə münasibətlərinə elə bir xüsusi təsiri yoxdur. Hər kəs hər hansı bir dövlətlə qurduğu münasibətləri özü müəyyən edir. İsraillə əlaqələrimizin Türkiyə ilə qardaşlığımıza təsir edəcək heç bir məqamı yoxdur. Yəni biz Türkiyə ilə əvvəlkindən də yaxşı münasibətlər içindəyik. Maraqlıdır ki, İsrail-Türkiyə münasibətlərinin yaxşılaşması üçün Azərbaycan əlindən gələni etməyə çalışır. Bu ərəfədə Azərbaycan Suriya–İsrail münasibətlərinin belə, yaxşılaşmasına kömək etməyə çalışıb. Bu, çox yaxşı nümunədir. Sabah Türkyə–İsrail münasibətlərinin yaxşılaşmasına Azərbaycan normal dəstəyini verəcək. Ona görə də Türkiyə ilə Azərbaycan arasında olan siyasət bizim maraqlarımıza uyğun siyasətdir və İsrail buna qarşı çıxmır. Biz İsraillə yaxın münasibətlərdə olan dövlətik, amma İsraildən Türkiyə ilə qardaşlığımıza görə heç bir qınaq almırıq.

Azərbaycan müstəqil dövlətdir və bütün dövlətlərlə münasibətləri özü müstəqil şəkildə seçir. Əgər o əməkdaşlıqda hansısa məqam Türkiyənin və başqa türk dövlətlərinin marağına zidd olsa, onda o cür fikirlər səslənə bilir. Yaxud biz hazırda kağız üzərində olsa da, Rusiya ilə normal münasibətlərə malikik, amma eyni zamanda, Ukraynanın da ərazi bütövlüyünü tanıyırıq. Rusiya ilə Türkiyə yaxın siyasi, iqtisadi əməkdaşlıq platformasına sahibdir, amma eyni zamanda, Türkiyə Krımın işğalını tanımır, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. İndi Rusiya Türkiyəyə desin ki, sən niyə Ukraynanı dəstəkləyirsən? Yəni hər bir ölkənin öz xətti var. Ona görə də hər dəfə belə məsələlərlə Azərbaycanı ittiham etməyin mənası yoxdur. Bununla yanaşı, bu məsələləri də təqib edirik, Ankaradan hansısa bir fikir varsa, onu da müzakirə etməyə hazırıq. Bütövlükdə, Azərbaycanı bu mövzuda ittiham etmək üçün elə bir əsas yoxdur.

– Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu kimləri, hansı dövlətləri narahat edir və bu cür əks-təbliğatı quranlar nəyə xidmət edir?

- Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun güclənməsindən, resursların birgə hərəkətə gətirilməsindən danışa bilərik. Bəzi region ölkələri üçün bu, arzuolunan deyil. Bu qardaşlıq, dostluq bölgədə sülhün təminatçısı olduğuna görə kimin nə düşünməsi bizim üçün önəmli deyil. Eyni qaydada Orta Asiya respublikaları - Özbəkistanla, Qazaxıstanla olan qardaşlığımız eyni məsələni gündəmə gətirə bilər. Bölgədə varıq və mövcud olmalıyıq. Ona görə də özümüzü qardaşlıq, dostluq, yoldaşlıq əlaqələrinin qurulması ilə təmin etməliyik. Dövlətin özünün hədəfləri var. Bu hədəfləri düzgün, sabit şəkildə irəlilətmək üçün çalışmalıyıq. Türkiyə ilə birlikdə çalışmağımız da dünyaya örnək ola biləcək qardaşlıq nümunəsidir. İstər ingilislər, istər farslar və başqaları bu cür qardaşlıq göstərməyi bacarsalar, sülhə töhfə verərlər. Ona görə də bizim qardaşlığımız kimlərəsə qarşı yönəlməyib, kiməsə qarşı təhdid deyil. Kimlərsə bundan narahat olmasın, əksinə, bu münasibətlərə dəstək versinlər. Nə qədər ki, Azərbaycanla Türkiyə birlikdə olacaqlarsa, bölgədə sülh yaranacaq. Sülhün təminatı bu iki ölkənin gücündədir.