İsrailli ravvin Şmuel Eliyahu Kahramanmaraşda baş verən zəlzələdən məmnun qaldığını deyib.
Hafta.az-ın yazdığına görə, İsrailin şimalındakı Sefid şəhərinin baş ravvini və İsrail Baş Rabbinlik Şurasının üzvü Eliyahu “Olam Katan” qəzetində dərc olunan məqaləsində zəlzələdən məmnunluğunu ifadə edib. Eliyahu zəlzələni türklərə qarşı “ilahi cəza” kimi qiymətləndirib.
"Middle East Eye"nin verdiyi xəbərə görə, Eliyahu "Allah ətrafımızda bizi işğal edib dənizə atmaq istəyən bütün millətləri cəzalandırır" ifadəsini işlədib. Zəlzələdən zərər çəkən Suriya və Livanı da hədəf alan Eliyahu, bu ölkələrin başına gələnlərin təsadüf olmadığını, daha əvvəl də İsraili işğal etməyə cəhd etdiklərini bildirib.
Eliyahu Türkiyədə baş verən zəlzələ ilə bağlı aşağıdakı ifadələrdən istifadə edib: "Hər sahədə üzərimizə şər atan Türkiyə üçün Allahın planının nə olduğunu bilmirik. Amma biz bilirik ki, Allahın düşmənlərimizlə bağlı hökmləri və etdiyi hər şey dünyanı təmizləməkdir".
Bu arada, qeyd edək ki, baş ravvin Eliyahu ifrat sağçı siyasətçi, İsrailin Qüds işləri və irsi naziri Amihai Ben-Eliyahunun atasıdır.
Yeri gəlmişkən, Kahramanmaraş mərkəzli zəlzələdən sonra axtarış-xilasetmə işlərinə qatılan İsrailin yardım təşkilatı "United Hatzalah", "təhlükəsizlik təhdidi" səbəbiylə fəaliyyətini dayandıraraq ölkələrinə qayıdıb.
Kahramanmaraşdakı işlərə əksəriyyəti tibb işçiləri olan 40 nəfərlik heyətlə qatılan "United Hatzalah", "konkret və təsdiqlənmiş təhdid kəşfiyyatı" səbəbiylə 10 günlük planlaşdırılan yardım əməliyyatını ləğv edərək, özəl təyyarə ilə Türkiyəni tərk edib.
Kahramanmaraşda bir nəfərin xilas edilməsi görüntülərini sosial media hesabında paylaşan İsrail yardım təşkilatının sözçüsü deyib ki, "İŞİD-in Suriya sərhədindəki şəhərlərdəki fəaliyyəti və yerli camaatın xilasetmə prosesində ləngimlərə qəzəbli reaksiyası" bu qərarın qəbul edilməsinə səbəb verib.
"Unayted Hatzalah"ın əməliyyatlar üzrə İcraçı Vitse-Prezidenti Dov Maisel deyib: “Biz komandamızı Türkiyənin Suriya sərhədinə yaxın hissəsinə göndərməkdə müəyyən bir risk olduğunu bilirdik, lakin insanların həyatını xilas etmək missiyamız naminə bu istiqamətdə addımlar atdıq. Amma biz hiss etdik ki, İsrail nümayəndə heyətinə təhlükə var. Odur ki, biz şəxsi heyətimizin təhlükəsizliyinə üstünlük verdik”.