İsveçdə Quran və digər müqəddəs kitabların yandırılmasının qadağan edilməsini istəyənlərin nisbəti 51 faizə yüksəlib.
Hafta.az-ın "Sifo" araşdırma şirkəti tərəfindən aparılan sorğunun nəticələrinə istinadən yazdığına görə, ifadə azadlığı çərçivəsində müqəddəs kitabların yandırılmasını dəstəkləyənlərin nisbəti 34 faiz olub, digərləri isə fikir bildirməyib.
Sorğu 14-16 mart tarixlərində təsadüfi seçilmiş 1370 nəfər arasında aparılıb.
Bildirilib ki, Danimarkanın ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludan bütün İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı təxribatlara görə dövlətə 88 milyon kron (15 milyon manat) ziyan vurub.
Bildirək ki, Rasmus Paludan 2022-ci ildə Pasxa bayramları zamanı İsveçin Malmö, Norköpin və Yönköpinq şəhərlərində və paytaxt Stokholmda Qurani-Kərimin yandırılması ilə bağlı təxribatlarını davam etdirib. Paludanın dayandırılmasını istəyən nümayişçilər yollarda təkər yandıraraq polisə daşla hücum ediblər. Hadisələrdə 104 polis əməkdaşı və 14 nümayişçi yaralanıb, 20 polis maşını yandırılıb.