Ağsuda baş verən yanğın nəticəsində 3 hektar sahədə kol-kos və quru ot örtüyü yanıb

22:50 16.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 16-da saat 16:30 radələrində Ağsu Rayon Bələdiyyəsinin taxıl sahəsində başlamış yanğın sonradan Şamaxı Regional Meşə Təsərrüfatının Ağsu meşəbəyliyinin 8 saylı dolayına keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Nazirliyin Regional Meşə Təsərrüfatı Mərkəzinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Dəstəsinin əməkdaşlarının səyi nəticəsində yanğının qarşısı alınıb. Yanğın nəticəsində 3 hektar sahədə kol-kos və quru ot örtüyü yanıb.

Qeyd edək ki, yanğın hadisələrinin əksəriyyəti vətəndaşların ehtiyatsızlığı və etinasızlığı səbəbindən baş verir.

Nazirlik havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı davranmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırır.