Türkiyənin hakim partiyası AKP-nin Çanaqqala və Ağrı vilayət başqanları Naim Makas və Orhan Güngör ayrı-ayrılıqda açıqlama verərək vəzifələrindən istefa veriblər.
Hafta.az-ın yazdığına görə, AKP-nin Çanaqqala vilayət sədri Naim Makas açıqlamasında, "5 ildir böyük qürur və şərəflə yerinə yetirdiyim AKP Çanaqqala vilayət başqanlığı vəzifəmi sədrimiz cənab Rəcəb Tayyib Ərdoğanın xeyir-duası ilə başa vurdum" deyib.
AKP-nin Ağrı Vilayət təşkilatının sədri Orhan Güngör də, “Mərkəzimizin təqdiri və prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da razılığı ilə ötən ilin yanvarından böyük həyəcanla həyata keçirdiyim vəzifəmi qarşıdan gələn seçkilərlə əlaqədar tərk edirəm. Türkiyə Əsrinin ilk və bəlkə də ən əhəmiyyətli dönüş nöqtəsidir" deyib.
Makas və Güngör rəhbərlik etdikləri müddətdə partiyanın məqsədlərinə çatmaq üçün sıx səy göstərdiklərini bildiriblər. Sözügedən istefalardan sonra AKP-də Çanaqqala və Ağrıda vilayət təşkilatlarının sədri vəzifəsinin kimə veriləcəyi maraq doğurur.