Alimlər istilikdən qoruyan, istənilən rəngdə ola bilən və əsrlərlə qalacağı təxmin olunan enerjiyə qənaətcil boya hazırlayıblar.
Hafta.az-ın “Science Alert”ə istinadən yazdığına görə, Mərkəzi Florida Universitetindən Debaşis Çanda və ABŞ-dakı həmkarları tərəfindən icad edilən material həm də indiyə qədər istehsal edilən ən yüngül boyadır. Hesablamalara görə, bu boyanın cəmi 1,4 kiloqramı Boeing 747 təyyarəsini boyamağa kifayət edir.
Müqayisə üçün qeyd edək ki, bu model təyyarəni adi ticari boya ilə boyamaq üçün 454 kiloqram material lazımdır.
Kəpənək qanadlarından ilhamlanan bu boya rəng piqmentlərindən hazırlanmayıb. Rənglər nanohissəciklərin düzülüşü ilə yaradılıb. Komanda bunu "plazmonik boya" adlandırıb.
Tədqiqatçılar bu boyanı hələ yalnız laboratoriyada istehsal ediblər. Başqa sözlə, kütləvi istehsala və kommersiya istifadəsinə hələ çox var. Bununla belə, Çanda və komandası boyanı ən qısa zamanda bazara çıxarmağı hədəfləyir. Komanda boyanın strukturlarının sərin saxlamağa da xidmət edə biləcəyini vurğulayır. Plazmonik boyanın strukturu bütün infraqırmızı spektri əks etdirir. Başqa sözlə, daha az istilik udur.
Tədqiqatçılar deyirlər ki, yeni boya ilə örtülmüş səthlər ənənəvi ticari boyadan 13-16 dərəcə soyuq qalır.
Çanda deyir: "ABŞ-da ümumi elektrik enerjisinin 10 faizindən çoxu kondisionerlərə gedir. Plazmonik boyanın vəd etdiyi temperatur fərqi əhəmiyyətli enerji qənaətini təmin edəcək. Soyutma üçün daha az elektrik enerjisindən istifadə həm də karbon dioksid emissiyalarını azaldacaq və qlobal istiləşmənin təsirlərini azaldacaq".