Bu sazişin nəticələrini 10-20 ildən sonra görəcəyik...”
Siyasi şərhçi Heydər Oğuz hafta.az-a növbəti geniş müsahibəsində Vaşinqtonda ABŞ prezidentinin iştirakıyla Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış Birgə Sülh Bəyannaməsinin siyasi əhəmiyyətini şərh edib, həmin sənədin imzalanmasından sonra Azərbaycanın mövcud geo-siyasi vəziyyəti və regiondakı gərginliklərdən danışıb. O, “Tramp yolu” adlanmış Zəngəzur dəhlizinin gələcəyi və bu yeni razılaşmaların potensial nəticələrindən də bəhs edib.
Şərhçi həmçinin Alyaska görüşünün, nəinki Ukrayna savaşının durdurulmasında, ümumiyyətlə, yeni dünya düzəninin formalaşmasında mühüm rol oynayacağını qeyd edib və Azərbaycanın bu geo-siyasi gərginlikdən faydalanmaq potensialını da diqqətə çatdırıb.
- Heydər bəy, maraqlıdır ki, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda imzaladıqları sənədlərə ən ciddi etiraz İrandan gəldi. İran dini liderinin köməkçisi Əliəkbər Vilayəti mediaya verdiyi açıqlamada yaralı aslan kimi kükrədi və bizi təhdid etdi. Bildirdi ki, Zəngəzur dəhlizini ABŞ əsgərlərinin qanına boyacaq. Sizcə, İran bunu bacara bilərmi?
- Əvvəla, Vilayətinin bizə hədə-qorxu gəldiyini düşünmürəm. Çünki söhbət Ermənistanla ABŞ arasında bağlanan kommersiya müqaviləsindən gedir. Onun bizə nə dəxli var? Üstəlik, İranın hardasa 45 illik siyasət tarixi göstərir ki, onun gücü ancaq müsəlmanlara çatır. Nə Ermənistan, nə də ABŞ müsəlman ölkəsidir. Doğrusu, mən çox arzu edərdim ki, İran Zəngəzur dəhlizində görəvini yerinə yetirən ABŞ əsgərlərini bombalasın və nəticədə bir neçə amerikalı hərbçinin burnu qanasın. ABŞ-ın gücünün olub-olmadığını biz də görək...
Fikrimcə, İranı bu cür sərt bəyanatlar verməyə vadar edən əsas məsələ Avropa ölkələrinin etirazları ilə eyni mahiyyətdədir. Necə ki, Avropa ölkələri dünyanın bölüşdürülməsi prosesindən təcrid olunublar, İran da dünənə qədər ən yaxın müttəfiqi hesab etdiyi Rusiyanın Alyaska görüşündə onu hərraca çıxaracağını anlayır. Ona görə də ABŞ-a hərbə-zorba gələrək, “ya Rusiya ilə birləşib səni bərabər məhv edəcəyik, ya da Rusiya mənə qatılmasa, özüm təkbaşına səninlə mübarizə aparacağam”, - deyir. Əslində bu sözlərlə də elə Rusiya tərəfindən yalnız buraxılacağı xofunu dilə gətirir.
- Avqustun 8-9-da Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakıyla Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış Birgə Sülh Bəyannaməsi hər iki ölkə üçün böyük uğurdur. Artıq paraflanmış Sülh Sazişinin mətni də yayıldı. Fəqət, hakimiyyətdə olduğu dövrlərdə Donald Trampın bu gün dediyi fikri sabah dəyişməsi hallarına çox rast gəlinib, o cümlədən rəsmi sənədlərlə də bağlı... Bu baxımdan onun Vaşinqtonda Azərbaycan-Ermənistan Sülh Bəyannaməsinin altındakı imzasına nə qədər etibar etmək olar?
- Trampın öz mövqeyində qeyri-ardıcıllığı həqiqətən də bəhs etdiyiniz riskləri yaradır. Bununla belə, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədən geri çəkilməməli, bacardığı qədər müqavimət göstərməlidir. Zira, Azərbaycan hakimiyyətinin mövqeyi istənilən dövlətin varoluş (ekzistensial) prinsiplərinə söykənir və kifayət qədər ədalətlidir. Rusiya da əvvəl-axır bunu anlamalı və qətiyyətli siyasətimiz qarşısında geri çəkilməlidir. Çünki varoluş problemi ilə üzləşən xalqlara qalib gəlmək mümkün deyil və bunu vaxtilə Əfqanıstan təcrübəsi yaşayan, hazırda isə Ukrayna bataqlığına saplanan Rusiya rəsmiləri də yaxşı başa düşürlər. Ukrayna savaşında onsuz da başı dərdə girən Putinin bir də Qafqazda ikinci cəbhə açacağına inanmıram...
Üstəlik, Rusiyanın əsas dərdi Azərbaycan və Ermənistan liderlərinin ABŞ-da sülh deklarasiyası imzalaması da deyil. Düzdür, Cənubi Qafqazı əlində saxlamaq istəyən Moskva bu müharibənin bitməsini arzulamırdı. Amma onun üçün budan daha vacib məsələ vardı: Zəngəzur dəhlizindən kənarda qalmaq və dünya ticarət yollarına nəzarət etmək imkanlarını itirmək. ABŞ-la bu müqaviləni isə biz yox, Ermənistan bağlayıb. Məntiqlə problem hesab etdiyi bu vəziyyəti də ABŞ və Ermənistanla çözməyə çalışmalıdır. Baxmayaraq ki, sözügedən iki dövlətin imzaladığı müqavilədə “üçüncü tərəflərlə” də əməkdaşlıq nəzərdə tutulur və böyük ehtimalla, bu tərəflərdən biri Türkiyə, digəri isə Rusiya olacaq. Düşünürəm ki, Birgə Bəyannaməyə bu tezisin salınması Rusiyanın etirazlarını yumşaltmağa hesablanıb.
-Ermənistan mediasında Zəngəzur dəhlizi - Tramp yolunun uzunluğunun mübahisəli olması haqda fikirlər səslənir. Bəzi mənbələrdə həmin yolun 43, bəzilərində 42, digərlərində isə 32 km olduğu bildirilir. Sizdə hansı məlumatlar var bu mövzuda?
- Bunlar elə ciddi məsələlər deyil. Azərbaycanla Ermənistan arasında sülh mühitinin yaranması digər kommunikasiya xətlərinin də açılmasına səbəb olacaq. Məsələn, sovet hakimiyyəti illərində Azərbaycanın kontinental hissəsindən Naxçıvana, mən bildiyim üç yol vardı. Bunlardan biri hazırda ətrafında müzakirələrin getdiyi “TRIPP” dəhlizindən keçirdi. Digərləri isə Laçından və Tovuzdan başlayırdı. Fikrimcə, bir müddətdən sonra digər yollar da açılacaq və hər kəs daha qısa hesab etdiyi marşrutlarla istədiyi ünvana gedəcək. Məsələn Tovuz, Qazax və Gəncəbasar bölgəsində yaşayan azərbaycanlı Türkiyəyə səfər etmək üçün Zəngəzur dəhlizinə gəlməyəcək. Eyni zamanda avtomobillə Naxçıvana səfər etmək istəyənlər üçün daha qısa yol Laçından keçərək Şahbuz istiqamətində irəliləməkdir. Təbii ki, bütün bu imkanlardan yararlanmaq üçün Ermənistanla Türkiyə və Azərbaycan arasında sülh mühitinin tamamilə oturuşması lazımdır. Məncə, zamanla dinc, birgə yaşayış mühiti iqtisadi və ticari münasibətlərin genişlənməsi ilə bərqərar olacaq. Bu mənada İlham Əliyevlə Paşinyan arasında bağlanan sülh sazişinin ən gözəl nəticələrini biz indi yox, hardasa 10-20 ildən sonra görəcəyik...
- Amma sosial mediadakı paylaşımlarınızdan da bəlli olur ki, Azərbaycanla Ermənistan arasında Vaşinqtonda imzalanan sülh sazişinə dair niyyət protokolunu ABŞ-la Rusiyanın birgə razılaşdırması kimi qəbul edirsiniz. Maraqlıdır, niyə belə düşünürsünüz?
- Bəli, bir çoxları bu sülh protokolu ilə Rusiya-Ukrayna məsələsini ayırmağa çalışırlar. Halbuki, biz danışıqların başladığı ilk gündən Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun Moskva ilə təmasa hazırlandığının şahidi olmuşuq. Bilirsiniz ki, tərəflərin qarşılıqlı şəkildə sülh sazişi bağlamağa hazır olduqları barədə açıqlamaları Vitkoffun mart ayında Moskvaya səfəri ilə eyni vaxtda başladı. Martın 13-də Vitkoff Moskvaya endi. Vitkoff Rusiya prezidenti Vladimir Putinlə danışıqlara başladığı dəqiqələrdə Azərbaycan XİN bəyanat yayaraq ermənilərlə bütün parametrlərdə razılığa gəldiyimizi bildirdilər. Ardınca da Ermənistandan gələn xəbərlər bu iddianı təsdiqlədi. Həmin günün son saatlarında Vitkoffun təyyarəyə minib Moskvadan Bakıya uçduğu bildirildi. Beləcə, Azərbaycanla Ermənistan arasında sülh danışıqları intensivləşdi. Günün əvvəlində Azərbaycan XİN-in məlum açıqlamasının zamanlaması əslində çox şeyi deyirdi. Məlumdur ki, martın 13-nə keçən gecə sübhə qədər iki Cənubi Qafqaz ölkəsinin diplomatları arasında hər hansı danışıqlar olmamışdı. Hər halda belə olması bir qədər şübhəli görünür. Belə çıxır ki, əslində hər şey əvvəlcədən planlaşdırılmış və Vitkoffun Moskva səfəri ərəfəsində ictimailəşdirilmişdi. Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda görüşündən 2 gün əvvəl Vitkoffun yenidən Moskvaya səfər etməsi və Putinlə 3 saatdan çox danışıqlar aparması da bu ehtimalı gücləndirir. Artıq bəzi Qərb mediası da iddia edir ki, bu görüşə Vitkoff “əliboş” gəlməmiş, Ukraynanın bəzi ərazilərinin Rusiyaya verilməsi təklifində bulunmuşdu. Görünən budur ki, Rusiya Ukraynada torpaq qazanımı qarşılığında Cənubi Qafqazı güzəştə getməklə razılaşıb. Yekun mənzərə ABŞ prezidenti Donald Trampla Rusiya həmkarı Vladimir Putinin bu həftə Alyaskada keçirilməsi planlaşdırılan görüşündə aydın olacaq.
- Yeri gəlmişkən, maraqlıdır, niyə məhz Alyaska? Adətən, bu mövzuda müzakirələr Ankarada, yaxud Yaxın Şərqin körfəz ölkələrində aparılırdı. Alyaska birdən-birə hardan çıxdı?
- Rusiya və ABŞ liderlərinin yekun görüşünün Alyaskaya salınmasının 3 mühüm səbəbinin olduğunu düşünürəm. İlk səbəb Putinə qarşı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı hökmlə bağlıdır. Bilirsiniz ki, 17 mart 2023-cü il tarixində beynəlxalq məhkəmə Putin barəsində həbs qərarı çıxartdı. O vaxtdan indiyədək Putin Roma Statusunu (Nizamnaməsini) qəbul edən ölkələrə gedə bilmir. Gedərsə, onun bu ölkələrdə həbs olunma ehtimalı var. ABŞ isə Roma Statusunu qəbul etməyib və bunu ölkələrin suverenliyinin məhdudlaşdırılması kimi qiymətləndirir. Hərçənd Türkiyə də digər Avropa ölkələrindən fərqli olaraq Roma Statusunu imzalamayıb, dolayısıyla ABŞ-la eyni mövqedədir. Amma göründüyü kimi, Putinlə Trampın görüşü Türkiyədə də təşkil olunmadı.
Fikrimcə, bunun səbəbi təxmin etdiyimiz ikinci amillə bağlıdır. Söhbət ondan gedir ki, Trampla Putin dünyanın yenidən bölüşdürülməsi və tərəflərin təsir dairəsinə düşən coğrafiyaların müəyyənləşdirilməsi məsələsini gizli şəkildə müzakirə etmək istəyirlər. Məxfiliyin ən yaxşı qorunmasının yolu kimi ABŞ-ın ərazisi sayılan Alyaskanı seçiblər. Çünki Alyaskada ABŞ xüsusi xidmət orqanlarının konfindensiallığı daha rahat qorumaq imkanları var.
Üçüncü amil isə aparılan danışıqların Alyaska ilə birbaşa əlaqəsinin olmasından qaynaqlana bilər. Fikrimcə, Alyaska görüşündə masaya yatırılacaq başlıca məsələlərdən biri Rusiyanın Uzaq Şərq əyalətlərinin təbii sərvətlərinin istismarı və Arktika ticarət marşrutunun açılması olacaq. ABŞ-la Rusiya arasında yerləşən Berinq boğazı Alyaska sahillərindədir və sanki iki lider məsələni yerində görüşməyə qərar veriblər.
Qısası, Rusiya və ABŞ liderlərinin Alyaska görüşündə təkcə Zəngəzur və Ukrayna məsələsi müzakirə olunmayacaq. Hər iki lider üçün bu iki məsələ artıq öz həllini tapıb. Qarşıda dayanan əsl məsələ Rusiyanın təbii sərvətlərinin birgə istismarı və yeni ticarət dəhlizinin açılması olacaq…
- Necə hesab edirsiz, Ukrayna prezidenti Volodimir Zelenskinin bir gündən sonra - avqustun 15-də ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada keçirilməsi nəzərdə tutulmuş görüşündə iştirak etmə şansı varmı?
- ABŞ və Rusiya liderləri Alyaska görüşündə Zelenskinin iştirakını arzu etmirlər. Sözsüz ki, Ukraynanın həyati məsələsinin müzakirə edildiyi sammitdə onun prezidentinin kənarda saxlanılması doğru deyil. Amma görünən budur ki, bu görüşdə yalnız Ukrayna məsələsi masaya yatırılmayacaq. Bəlkə də görüşdə ən az üzərində dayanılan məsələ elə bu olacaq. Hesab edirəm ki, Alyaska görüşü II Yalta konfransı kimi tarixə düşəcək. Bilirsiniz ki, II Dünya savaşının sonlarında ABŞ, SSRİ və Böyük Britaniya liderlərinin qatıldığı Yalta konfransında dünya bölüşdürüldü və indiki dünya düzəni yarandı. Böyük ehtimalla Alyaska görüşündə də yeni dünya düzəninin ilkin konturları cızılacaq. Yalta konfransından fərqli olaraq Alyaska görüşündə iki dövlət iştirak edir. Yəni, Avropa yeni dünya düzəninin formalaşdırılmasından kənarda saxlanılıb. Böyük Britaniya və Aİ-nin Alyaska görüşünə kəskin etiraz etməsinin əsas səbəbi də budur. Ukrayna sadəcə bəhanədir. Tramp Alyaska görüşündə Rusiyanı Avropadan tamamilə gözünü çəkib Uzaq Şərqə istiqamətləndirməyə çalışacaq. Uzaq Şərqdə isə onun ən yaxın tərəfdaşı özü olacaq. Bu planın bir çox səbəbləri var. Yeganə bir amili vurğulamaqla kifayətlənmək istəyirəm. Avropadan fərqli olaraq Uzaq Şərq daha çox insanı öz qoynunda bəsləyir. Dünya əhalisinin yarıdan çoxu bu bölgədə yaşayır. Sözsüz ki, daha çox insan daha geniş bazar deməkdir.
Rusiya güclü olduğu üçün bu projeyə daxil edilməyib. Əksinə, xeyli zəiflədiyi və təkbaşına hərəkət edə bilməyəcəyi, ABŞ-ın proksisinə çevriləcəyi üçün yeni projenin parçasına çevrilib...
- Bəs Alyaska görüşünün nəticələrini öncədən necə görürsünüz?
- Bayaq qeyd etdiyim səbəblərə görə Alyaska görüşünün mövcud dünya düzənini alt-üst edəcəyini düşünürəm. ABŞ-la Rusiyanın yaxınlaşması Avropa ilə Çini yaxınlaşdıracaq. Hər iki güc mərkəzi Trampın yeni dünya düzəninə qarşı birgə mübarizə aparacaqlar. Sözsüz ki, nə Çin, nə də Avropa kiçik qüvvədir və onların gerçəkdən birgə fəaliyyəti nəticəsində Trampın bu geo-siyasi oyunu pozula bilər. Odur ki, bu görüşün nəticəsindən asılı olaraq dünya çox ağır ticarət və konvensional döyüşlərlə sınağa çəkilə bilər...