Koronavirus pandemiyası ilə əlaqədar ölkədə xəstəxanalar ayrılıb, yoluxmuş şəxslər həmin xəstəxanalarda müalicə olunur.
Operativ Qərərgahın yeni qaydalarına əsasən müalicəsi ev şəraitində olan şəxslər ambulator müalicə olunmalıdır. Bəzi vətəndaşlar yanlış olaraq ambulator müalicəni aptekdən dərman alıb istifadə etməklə kifayətlənirlər. Bəs koronavirus xəstələri üçün apteklərdə reseptsiz hansı dərmanların satışına icazə var?
Bakı və Sumqayıt şəhərlərində bir neçə aptekdən soruşduq. Əczaçılar bildirdilər ki, ən çox "Erqoferon" dərmanları üçün müraciət edirlər:
"Koronavirus xəstəliyinə qarşı xüsusi dərman yoxdu. Dekzametazon, erqoferon, arbidol istifadə olunur ki, bunun üçün də reseptə ehtiyac olmur".
Digər əczaçı Taleh bəy də gün ərzində adlarını çəkdiyimiz dərmanların ən çox satıldığını deyir:
"Elə dərmanlar vardır ki, biz özümüz də onu reseptsiz satmırıq. O dərmanlar pandemiya üçün yox, başqa xəstəliklər üçündür. Amma immunitet artırıcı, qızdırma salıcı dərmanları reseptsiz satırıq".
Professor Adil Qeybulla hafta.az-a açıqlamasında dedi ki, koronavirusun konkret dərmanı yoxdu:
"Arbidol istifadə olunur ki, heç ÜST-ün tövsiyyəsində yer almır. Bu virusa qarşı xəstələrin özləri yox, dövlət tərəfindən mübarizə aparılmalıdır və o dərmanlar pulsuz verilməlidir. Evdə yatan xəstələr həkim nəzarəti altında ambulator müalicə olunmalıdır. Ambulator müalicə həkimin nəzarəti altında müalicə deməkdir, amma bunu yanlış anlayıblar. Kimisə məcbur etmək olmaz ki, get bu xəstələrlə məşğul ol. Həkim qruppası ayrılmalıdır. Bu iş təşkil olunmadan xəstələrin özbaşına dərman almasının xeyri yoxdur. Şablon reseptlərə gərək yoxdur".