Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri, həmçinin quş və quş əti məhsulları idxal edən sahibkarlıq subyektləri ilə videokonfrans formatında görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, görüşdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər, eləcə də ticarət şəbəkələrində qida təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi barədə iştirakçılara məlumat verilib.
Agentliyin sədri Qoşqar Təhməzli 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanunda qida məhsullarının ölkəyə idxalı ilə bağlı dəyişiklikləri diqqətə çatdıraraq bildirib ki, yeni qanun bir çox beynəlxalq standartların tətbiqi ilə yanaşı, qida məhsullarının izlənmə sisteminin tətbiqi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış, ümumilikdə istehlakçı hüquqlarının müdafiəsinə dövlət nəzarətinin daha da gücləndirilməsinə hədəflənib. O, “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinin icrası ilə əlaqədar sahibkarlıq subyektləri tərəfindən əvvəlcədən lazımi tədbirlərin görülməsinin və öz işlərini müasir standartlara və qaydalara uyğunlaşdırılmasının zəruriliyini vurğulayıb.
Görüş iştirakçılarının təklifləri dinlənilib və aidiyyəti üzrə müvafiq göstərişlər verilib.