Uzun müddətlik fasilədən sonra Ermənistanla sərhəddə və Qarabağdakı təmas xəttində yenidən atəş səsləri eşidildi. Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri 15 dəfə atəşə tutulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Ermənistan tərəfinin təxribat üçün seçdiyi vaxt heç də təsadüfi deyil. İki gün əvvəl Avropa İttifaqının (Aİ) müşahidə missiyası Ermənistanda rəsmən fəaliyyətə başladı. Paşinyan hakimiyyəti bu "fürsət"dən istifadə edərək vaxt itirmədən sərhəd boyu təxribatların törədilməsi göstərişini verdi. Məqsəd isə bəllidir. Münhendə Azərbaycan tərəfinin təqdim etdiyi sülh təkliflərini qəbul etməmək üçün yenidən vəziyyəti süni yolla gərginləşdirmək və sifarişlə başda ermənipərəst Fransanın canfəşanlığı ilə Ermənistana göndərilən "missiya"dan bu məqsədlə alət kimi istifadə etmək. Öncədən qeyd edək ki, Ermənistana gələn müşahidə missiyasının tərkibi Azərbaycanla razılaşdırılmayıb. Ümumiyyətlə rəsmi Bakı djəfələrlə bəyan edib ki, müşahidə missiyasının gəlişi sərhəddə vəziyyəti sabitləşdirməyəcək, əksinə erməniləri təxribatlara daha da həvəsləndirəcək ki, bu da Azərbaycanı cavab vermək məcburiyyətində qoyacaq. Dünənki atəşkəsin pozulması rəsmi Bakının bu iddialarının nə dərəcədə doğru olduğunu bir daha isbatladı.
Hərbi ekspert Elxan Şixəliyevin qənaətincə, əgər Ermənistan sülh masasına gəlməyəcəksə şərti sərhəddə, Qarabağ iqtisadi bölgəsinin perimetrlərində təmasda olan Ermənistan qeyri-qanuni birləşmələrinin atəşkəsi pozacaqları gözlənilirdi:
“Ermənistan indiki mərhələdə atəşkəsin pozulmasını uzun müddətdən sonra kütləvi şəkildə həyata keçirdi. Avropa İttifaqının 100 nəfərlik mülki missiyası, Almaniya və Fransanın missiyasında olan polis nəfərlərinin sərhəddə gəlişi ermənilərin sülh sazişinin vaxtını uzatmağa cəsarətləndirib. Ermənistan atəşkəsi pozmaqla sülh sazişinin vaxtını uzatmağa zəmin hazırlayır. Bəhanə də o olacaq ki, sülh üçün münbit şərait yetişməyib”.
E.Şıxəliyev hesab edir ki, Ermənistan atəşkəsin pozulması nəticəsində Azərbaycanı adekvat cavab verməyə təhrik edəcək. Onun fikrincə, Azərbaycanın birinci eşalon bölmələri Ermənistanın atəşlərinə cavab verəndə isə Avropa missiyası bunu sənədləşdirib, atəşkəsi “Azərbaycan pozurmuş kimi” Avropa müttəfiqlərinə servis edəcəklər.
“Çalışacaqlar ki, Avropa institutları Laçın yolunda keçirilən aksiyalar fonunda Azərbaycana qarşı sanksiyalar tətbiq etsinlər. Eyni zamanda Rusiyanın Federal Sərhəd Xidmətinin 102-ci bazası Ermənistandan çıxarıldıqdan sonra mülki kontingentin sayını, müddətini artıracaqlar”.
Ekspert bildirir ki, Avropa İttifaqı mülki misiyasının sonradan hərbləşdirilmiş formasını Qarabağa yerləşdirməyə cəhd edəcəklər. Onun fikrincə, bunu Ermənistan özbaşına planlamır:
“Bunu yeni geosiyasi vəziyyətin yaranmasının nəticələri kimi qiymətləndirməliyik. Azərbaycan siyasi hərbi beyin mərkəzləri Ermənistanın bu hiyləgər niyyətlərinin fərqindədir”.
Politoloq Elxan Şahinoğlu isə, məsələyə geosiyasi mübarizə prizmasından yanaşır. Onun sözlərinə görə, Rusiya Avropa İttifaqının missiyasının Ermənistanda fəaliyyətə başlamasına sərt etiraz edir. Bu missiyanın hərbi məqsədləri olduğunu vurğulayan rusiyalı rəsmilər və Kremlə yaxın ekspertlər iki faktoru önə çəkirlər:
"Birincisi, Brüssel Rusiyanı Ermənistanda sıxışdırmaq istəyir. İkincisi, Brüssel hərbi missiyası vasitəsilə Ermənistan üzərindən Rusiyanın və İranın hərb mərkəzləri barədə kəşfiyyat məlumatları toplamağa çalışır.
Rusiya bu qədər etiraz edərkən, İrandan səs çıxmır, qardaşı Ermənistana xəbərdarlıq etmir. Bu Moskvanı narazı salır. Çünki Moskva Tehranın da hərəkətə keçməsini istəyir. Avropa İttifaqının hərbi missiyası Ermənistanda fəaliyyətini genişləndirdikdən sonra Tehran Moskvaya qoşulmaq məcburiyyətində qalacaq".
Ekspert bildirir ki, Paşinyan Kremlin istəyinin əleyhinə olaraq avropalı müşahidəçiləri Ermənistanda yerləşdirib. Paşinyanın onlara böyük ümidi var. Bu o deməkdir ki, Kremlin xəbərdarlıqları işə yaramır:
"Bu gedişlə Kreml Paşinyan hökumətinə qarşı təzyiq alətlərini işə salmaq barədə düşünəcək. Bu alətlərdən ən mükəmməli təbii qazdır. Rusiya Ermənistan üçün qazın qiymətini artıra və ya mavi yanacağın verilməsində kəsintilər yarada bilər. Bu halda Paşinyan Tehrana müraciət edərək İrandan nəql etdiyi qazın həcmini artırmasını istəyəcək. Tehran Paşinyanın xahişinə müsbət cavab verərsə Kremlin planını pozmuş olacaq və bu Rusiya-İran münasibətlərində suallar yaradacaq".
Ekspertin dediklərindən də belə qənaətə gəlmək mümkündür ki, Avropa müşahidə missiyasının gəlişindən dərhal sonra sərhəddə təxribatların törədilməsi ilə bağlı İrəvana təlimatlar tək Qərbdən yox, həmdə cənub qonşumuz olan İrandan gəlib. Xatırladaq ki, bir müddət əvvəl İranın Ermənistandakı səfiri də açıqlamasında bildirmişdi ki, Tehran Avropa missiyasının Ermənistana yerləşdirilməsinə etiraz etmir. Paşinyanın bu qərarını dəstəkləyir. Göründüyü kimi, indi Azərbaycanın qarşısında tək Ermənistan, separatçı rejimin qalıqları və onları Vardanyanın timsalında dəstəkləyən Kreml yox, həm də ermənipərəst Fransanın rəhbərliyini yürütdüyü Avropa-İran cütlüyü də var. Ermənistanın adını çəkmirik. Çünki 44 günlük müharibədə hər cəhətdən məhv edilən Ermənistan adlı dövlətin formal olaraq sadəcə ərazisi və Cənubi Qafqazda yeni qarşıdurmaya hazırlaşan böyük güclərin əl buyruqçusuna çevrilmiş oyuncaq siyasi rəhbərliyi var.
Göründüyü kimi, Azərbaycanı qarşıda gərgin "diplomatik müharibə" gözləyir. Özü də bu dəfə qarşımızda tək Ermənistan yox, Fransanın başını çəkdiyi Avropadakı müəyyən antiazərbaycan dairələr, İran, qismən Rusiya və erməni lobbisinin dəstəklədiyi qüvvələrin birliyi dayanır. Avropanın sərhəddimizdə pozduğu atəşkəs isə "həlledici döyüşün" ilk qığılcımıdır. Lakin reallıq budur ki, təxribatların miqyası və əhatə dairəsi nə qədər geniş olsada son qalib yenə Azərbaycan olacaq.