Gələn aydan etibarən avto-icbari sığorta sahəsində yenilik ediləcək. Bu barədə Mərkəzi Bankın Baş direktoru Ziya Əliyev deyib. Onun sözlərinə görə, sığorta şirkətləri hadisə zamanı öz müştərisinə sığorta hadisələrinin tənzimlənməsində xidmət göstərəcək.
Dəyişikliyə əsasən, zərəçəkənin sığorta ödənişi avto-icbari sığorta şəhadətnaməsini aldığı sığorta şirkəti tərəfindən ödəniləcək. Belə olan halda isə təqsirli sürücünün növbəti ildə ödəyəcəyi sığorta haqqı aratacaq. Zərərçəkənin sığorta şirkəti sürücünün avtomobilini təmir etikdən sonra ödənişi qarşı tərəfin sığorta şirkətindən alacaq. Baş direktor bildirib ki, bundan sonra avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə şikayət olunan sığorta şirkətlərinin adları da açıqlanacaq.
Ziya Əliyev qeyd edib ki, yol nəqliyyat hadisəsi zamanı zərərin qiymətləndirlməsi üçün müstəqil ekspertlər də cəlb oluna bilər. Bununla bağlı qanunvericilikdə dəyişiklik nəzərdə tutulur.
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən sığorta bazarı üzrə ekspert İlkin İbrahimov deyib ki, sığorta hadisəsi zamanı avtomobilə dəymiş zərərin sığorta şirkəti tərəfindən ödənilməsi vətəndaşlar üçün sərfəli ola bilər: “Əslində bu prosesin tətbiq edilməsi 5 il öncə gündəmə gətirilib. Belə ki, 2016-cı ildə "İcbari sığortalar haqqında" Qanuna dəyişiklik olundu. Bu məsələ həmin vaxtdan artıq nəzərdə tutulmuşdu. Yeni qaydalarda əsas dəyişiklik nədən ibarətdir? utalım, iki avtomobil toqquşur. Əvvəlki qaydalara görə ödənişi zərər vuranın sığorta şirkəti verməlidir. Amma indi zərərçəkənin sığorta şirkəti maşını qiymətləndirəcək və zərərçəkənə ödəniş edəcək. Sonra isə zərərçəkənin sığorta şirkəti həmin məbləği zərərvuranın sığorta şirkətinə göndərəcək ona geri ödəniş etsin. Əvvəllər bu məsələni Mərkəzi Bank və ondan da əvvəl Palata qaldıranda qarışıqlıq yarandı. Bəzi şirkətlər bu barədə narazılıq etdi. Onlar qeyd edirdi ki, zərərçəkənin sığorta şirkəti bilir ki, o pulunu başqa şirkətdən alacaq, onda zərərin məbləğini şişirdə bilər. Ona görə də 2016-cı ildə bu məsələ dayandırıldı. Bu yeni münasibətlər isə zərərlərin qiymətləndirilməsi və ödənilməsi prosesindəki mübahisələri şəxslə sığortaçı arasından zərərvuran və zərərçəkən tərəflərin sığortaçıları arasına ötürür. Beləliklə, zərərlərin qiymətləndirilməsi və ödənilməsi prosesində sığorta istehlakçılarına qarşı daha ədalətli rəftarın meydana gəlməsinə şərait yaradır. Burada ən önəmli məqam həm də ondan ibarətdir ki, hər iki tərəfin sığortası olmalıdır və hadisə zamanı ikidən artıq avto nəqliyyat vasitəsi zərər görməməlidir. Məsələn, mənim avtomobilim sizin avtomobili vurursa, sizin avtomobil də üçüncü avtomobili vurursa, yeni qaydalar bu hadisəyə şamil edilməyəcək. Bu hadisə inkidi mövcud qaydalara uyğun tənzimlənəcək. Yəni, siz əvvəlki kimi yenə də zərərvuranın avtomobilindən sığorta ödənişinizi tələb edəcəksiniz. Əlavə olaraq da tutaq ki, sağlamlığa dəymiş ziyan olursa, avtomobilin içərisində hər hansı şəxs xəsarət alırsa, o zaman da yeni qayda tətbiq edilməyə bilər. Ona görə ki, burada da dediyim kimi, xəsarət zamanı başqa sığorta şirkəti ola bilər, sabah məbləğ artıq ola bilər və s. Ümumilikdə, qeyd etmək istərdim ki, qayda olaraq yeni qaydalar çox yaxşı formadır. Amma burada dediyim nüanslar var ki, yəqin ki, gələcəkdə vətəndaşların arasında narazılıqlar olacaq”.
Ekspert həmçinin bu ilin oktyabrın 1-dən sığorta tarifləri ilə bağlı yeni qaydalar da qüvvəyə minib: “Siz bilirsiniz ki, sürücülər nəqliyyat vasitələrinin istifadəsi zamanı üçüncü şəxslərin əmlakına və səhətinə vura biləcəkləri zərərə görə fərqli risk səviyyələrinə malikdirlər. Belə ki, bu risklər sürücünün yaşına, təcrübəsinə, nəqliyyat vasitəsinin istismar müddətinə, nəqliyyat vasitəsinin istifadə olunduğu bölgənin nəqliyyat intensivliyinə görə fərqlənir. Ona görə də həmin risk amillərinə görə yeni tarif əmsalları müəyyənləşdirilib. İndi daha yüksək riskli sürücülər daha çox, daha az riskli sürüclər daha az sığorta haqqı ödəyəcəklər. Eyni zamanda digər şəxslərə avtonəqliyyat hadisəsi nəticəsində zərər vurma tarixçəsinə görə də sığorta haqqına tətbiq olunan bonus-malus sistemi də dəyişdirilib. Nəticədə nümunəvi sürücü ilə intizamsız sürücünün avtomobilinin sığorta haqqının hesablanmasında fərqlilik olacaq. Bu, ədalətli yanaşmadır. Burada risk və intizam məsələsi əsas olaraq götürülüb. Qəzaların sayı artırsa, sığorta haqqı da artır. İntizamlı sürücü isə daha az sığorta haqqı ödəyəcək. Başqa sözlə, Bonus-Malus güzəştlər sistemi vətəndaşı həvəsləndirir, yəni əgər qəza hadisəsi baş verməyibsə, vətəndaşa sığorta haqqı hesablanan zaman endirim edilir. Yox, əgər intizamsız sürücü bir neçə dəfə qəza hadisəsi törədirsə, bu zaman sığorta haqqı artır".
Məsələ ilə bağlı hafta.az-a danışan hüquqşünas Əkrəm Həsənov isə vurğulayıb ki, bu praktika beynəlxalq təcrübədə çoxdan istifadə olunur: “Əslində, bu, qəliz bir prosedur deyil və dünyanın bir çox ölkələrində illərdir ki, tətbiq olunur. Biz illərdir ki, sözügedən məsələ haqda danışırıq. Bu, çox yaxşı qaydadır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, hər bir sürücü yol-nəqliyyat hadisəsi zamanı dəymiş zərəri öz sığorta şirkətindən ala bilər. Bu vətəndaşlar arasında narazılığa da son qoyacaq. Yəni, qəza baş verən zaman zərərçəkən ödənişi müştərisi olduğu sığorta şirkətindən alacaq. İndiyədək bu təqsirli tərəfin müştərisi olduğu sığorta şirkəti tərəfindən ödənilirdi. Bu da xeyli vaxt aparırdı. Nəticədə, vətəndaşla sığorta şirkəti arasında müəyyən mübahisələr ortaya çıxırdı. Bu cür mübahisələr, artıq yaranmayacaq, çünki sonrakı proses sığorta şirkətləri arasında tənzimlənəcək”.