Azadlığın və şəhidlərə ehtiramın rəmzi – LAKPLESİS GÜNÜ

09:35 11.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Latviya xalqı öz tarixinin ən mühüm günlərindən birini - Lakplesis Gününü qeyd edir. Latviyanın 700 ildən sonra azadlığını qazandığı bu gün – 11 noyabr azadlıq mübarizəsində həyatını itirənlərin xatirəsini anmaq üçün keçirilən qəhrəmanlıqla süstlənmiş anım gündür. Bu həm də vətənsevərlik həftəsinin başlanğıcıdır.

Lakplesis Günü necə yaranıb? Öncə qeyd edim ki, bu önəmli tarix Latviyanın xalq qəhrəmanı Lakplesisin adı ilə adlandırılıb. Məhz bu tarixdə - noyabrın 11-də Latviyada Dauqava çayı sahilində şamlar yandırılır və ölkənin azadlığı uğrunda şəhid olanların xatirəsi yad edilir.

Latviya xalqı öz tarixinin 700 ilini başqa cəmiyyətlərin hakimiyyəti altında yaşayıb. Latviya uzun müddətdən sonra ilk dəfə 1921-ci ildə müstəqil ölkə kimi özünü tanıtdırıb. Amma onu bu məqama gətirən proses 1918-ci ildə I Dünya Müharibəsinin sonunda imzalanan atəşkəslə başlayır. İndi bu prosesə addım-addım nəzər salaq:

1918-ci il noyabrın 11-də Almaniya İmperiyası I Dünya Müharibəsinə son qoyan sülh müqaviləsini imzalayıb. Noyabrın 17-də ilk hüquq institutu, parlament və müvəqqəti hökumət yaradılıb. Janis Çakste parlamentin ilk spikeri, Karlis Ulmanis isə ilk Baş nazir olub. Bir gün sonra – noyabrın 18-də Riqada Latviya Respublikası elan olunib.

Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır, dekabr ayının 1-də Qırmızı Ordu Latviyanı işğal edir.

Lakin bu işğal latışların müstəqillik əzmini qırıb, azadlıq ruhunu söndürmür. 1919-cu il yanvarın 5-də Oskars Kalpakların komandanlığı altında ilk Latviya müstəqil batalyonu yaradılır. Ciddi mübarizə səylərinə baxmayaraq yanvarın 31-də Latviya ərazisinin böyük hissəsi Qırmızı Ordunun nəzarətinə keçir.

Təxminən iki ay sonra – aprelin 16-da Baltik - Alman muzdluları Karlis Ulmanis hökumətini devirirlər və iyun ayınadək ölkə ərazisinin müəyyən hissələri Latviya silahlı qüvvələrinin nəzarətinə qayıdır.

Mart – iyul ayları ərzində ərazilərin müəyyən hissəsi Latiya silahlı qüvvələrinin əlinə keçir və Sovetlərlə savaşan estoniyalılar və Baltık Müqavimət Ordusunun da bu prosesdə xeyli yardımı olub.

Komandir Pavel Bermondt-Avalov və kazak qoşunları Baltiklərdəki rus könüllü birliklərinə nəzarəti  Şahzadə Anatoli Lievendən alırlar. Bu qüvvələr daha sonra general Rüdiger fon der Qoltsun Qərbi Rusiya Könüllü Ordusu ilə birləşir.

1919-cu il oktyabrın 8-də Qərbi Rusiya Könüllü Ordusu sarsıdıcı ani hücum edir və Pardauqavanı ələ keçirilir. Qarşı tərəflər Dauqava çayının hər iki sahilində yerləşirlər.

Noyabrın 3-də Latviya ordusu Estoniya zirehli qatarlarının və kral ordusunun dəstəyi ilə əks hücuma keçir və son döyüş başlayır. Bermondtun 45 minlik ordusuna qarşı 32 min nəfərdən ibarət Latviya qoşunları döyüşüb. Bermondtun ordusunda 100 top, 600 pulemyot və 100 təyyarə, Latviya ordusunda isə cəmi 20 top, 173 pulemyot və 3 təyyarə olub.

Beləliklə, 3-10 noyabr tarixləri arasında həlledici döyüşlər gedib. Bermondt ordusu təxribat məqsədilə tez-tez Riqa qalasında Latviya bayrağına atəş açır. Hətta deyilənə görə, müharibə bitəndə həmin bayraqda 86 deşik qeydə alınıb.

Latviya ordusu Bermondtun hücumlarını addım-addım dəf edir. Noyabrın 10-da Torņakalnsın düşməndən tamamilə təmizlənməsi ilə Riqa uğurla müdafiə olunub. Noyabrın 11-də səhər tezdən kilsələrdən eşidilən zəng səsləri ilə Latviya tarixinin ən böyük qələbəsi elan edilir. Bu, Lakplesis Günü elan edilən gündür…

Bundan sonra Pavel Bermondt-Avalov ordusunu tərk edərək Almaniyaya sığınır və 1920-ci ildə Latviya həm Almaniya, həm də Rusiya ilə atəşkəs haqda sənəd imzalayır.

P.S. Haşiyəyə çıxaraq oxuculara bir-iki tövsiyyə vermək istərdim. Özüm heç vaxt Riqada olmasam da, dostlardan eşitdiklərimə əsasən, əgər 11-18 noyabr tarixləri arasında Latviyada olacaqsınızsa, yaxanıza “V” (Victory – Zəfər) lenti taxsanız, Lakplesis Gününü qeyd edəcək və azadlıq uğrunda şəhid olan bu qəhrəmanları anmış olacaqsınız. Bu anım üçün Dauqava çayı sahilində yandırılan şamlara bir şam da əlavə edə bilərsiniz…

Siyasət rubrikasından digər xəbərlər