Bu gün Latviyanın Respublikasının müstəqilliyinin 104-cü ildönümü qeyd olunur. Bu məqsədlə Latviyanın ölkəmizdəki Səfirliyi Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirib. Dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, diplomatik korpusun və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycan və Latviyanın dövlət himnləri səsləndirilib.

Çıxış edən Latviya Səfirliyinin müvəqqəti işlər vəkili Vija Buşa ölkəsinin müstəqillik tarixindən söz açıb. Bildirib ki, yenicə müstəqilliyinə qovuşan ölkənin ilk addımları çətin və mürəkkəb olub. Latviyalı gənclər silaha sarılaraq təxminən 400 gün davam edən Latviyanın Müstıqilliyi üçün müharibədə vuruşarkən, paralel olaraq Paris Sülh Konfransında Latviyanın beynəlxalq səviyyədə tanınması üçün diplomatik mübarizə aparılıb. Bu dövrdə və sonrakı günlərdə də Latviya öz tərəfdaşlarından çox mühüm dəstək alıb. Azərbaycanın Sülh Nümayəndəliyinin rəhbəri Əlimərdan Topçubaşov da 1921-ci ilin yanvarında - beynəlxalq səviyyədə deyure tanınmağımızdan bir neçə gün sonra xarici ölkələrdən latviyalı həmkarlarına ilk təbrik göndərənlərin arasında olub.

Xanım diplomat qeyd edib ki, Latviyanın müstəqilliyinin əsas simvolu Azadlıq Abidəsidir və eynilə Latviya xalqı kimi bu abidə də yarım əsrlik işğaldan salamat çıxıb. “Latviya dövlətini qurduğumuz vaxtda olduğu kimi, bir çox çətinliklərə addım-addım qalib gələrək dövlətimizi, dövlətçiliyimizi inkişaf etdirməyə müvəffəq olmuşuq. Dövlət ancaq xalqı ilə güclüdür. Latviya hər zaman beynəlxalq hüquqa uyğun olaraq bütün ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”, - deyib V.Buşa.
Müvəqqəti işlər vəkili deyib ki, müstəqilliyi bərpa etdikdən sonra, Latviya ilə Azərbaycan arasında dostluq və konstruktiv əlaqələr qurulub. 2017-ci ilin iyul ayında Latviya ilə Azərbaycan arasında Strateji Tərəfdaşlığın Yaradılması haqqında Saziş imzalanıb. Bu gün iki ölkə arasında müntəzəm yüksək səviyyəli siyasi dialoq və parlamentlərarası fəal əməkdaşlıq mövcuddur.

“Bu il ərzində Latviya ilə Azərbaycan arasında siyasi dialoq çox fəal olub. Onlardan sadəcə bir neçəsini - Latviyanın müdafiə naziri və baş nazirin müavini Dr. Artis Pabriksin 25-29 aprel tarixlərində və Kənd Təsərrüfatı Naziri Kaspars Gerhardsin 13-16 iyul tarixlərində Azərbaycana səfərləri, əlbəttə ki, Latviyanın üç keçmiş prezidentinin (xanım Vayke-Freyberga, cənab Valdis Zatlers, cənab Raymonds Vejonis) və bir keçmiş Baş nazirinin - xanım Laimdota Strahumanın 16-18 iyun tarixlərində keçirilmiş 9-cu Bakı Qlobal Forumunda iştirakını qeyd etmək istərdim. Bu ilin fevral ayında isə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Riqaya rəsmi səfəri olub və apreldə Latviya Xarici İşlər nazirinin müavini Andjeys Vilumsonsla Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov arasında İkitərəfli Strateji Dialoqun birinci mərhələsi keçirilib” deyən xanım diplomat bu ilin may ayında Riqada Latviyanın nəqliyyat naziri Taalis Linkaitsin və Azərbaycan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin həmsədr olduğu iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Latviya - Azərbaycan Hökumətlərarası Komissiyanin 8-ci iclasının keçirildiyini xatırladıb.

V.Buşa qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda Latviya üçün əhəmiyyətli iqtisadi tərəfdaşdır. Son iki il ərzində ticarət dövriyyəsi xeyli artıb və Latviya tərəfi ticarətdə iştirak edən məhsulların müxtəlifliyindən çox məmnundurlar.
“Bundan əlavə, Latviyanın 14 bələdiyyəsi ilə Azərbaycanın bələdiyyələri arasında fəal əməkdaşlığı inkişaf etdirmişik. Latviya eyni zamanda müxtəlif tvinniq layihələri və digər inkişaf əməkdaşlıq layihələri çərçivəsində də öz təcrübələrini bölüşməyə hazırdır. Sevindirici haldır ki, azərbaycanlı gənclərdə Latviya təhsilə böyük maraq görürük. İnsanlar arasında əlaqələr də ildən-ilə genişlənir” deyən çıxışçı bildirib ki, Latviya Səfirliyi 2021-2024-cü illər üçün Azərbaycanda NATO-nun əlaqələndirici Səfirliyi vəzifəsini yerinə yetirir. “Elə dünən Səfirlik Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə birgə əməkdaşlıqla “Qadınlar dayanıqlı sabah naminə” adlı beynəlxalq konfrans keçirdik”, - deyib müvəqqəti işlər vəkili.

Diplomat həmçinin qeyd edib ki, Səfirlik 2023-cü ilin fevral ayına kimi Azərbaycanda Avropa İttifaqı Milli Mədəniyyətlər İnstitutları Qrupuna (EUNİC) Prezidentlik funksiyasını da həyata keçirir.
V.Buşa çıxışının sonunda qeyd edib ki, Latviya ilə Azərbaycan arasında yüksək əlaqələrdən çox məmnundur. “İnanıram ki, ölkələrimiz arasındakı mövcud dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi və xalqlarımızın qarşılıqlı mənafeyi naminə əməkdalığımızın daha da dərinləşdirilməsi üçün mümkün olan bütün səylərimizi birləşdirəcəyik”, - deyib Latviyanın ölkəmizdəki Səfirliyinin müəqqəti işlər vəkili.
Azərbaycan hökuməti adından təbriklərə qoşulan Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, iki ölkə arasında yüksələn xətlə inkişaf edən əlaqələr mövcuddur. Bu əlaqələr yüksək səviyyəli qarşılıqlı səfərlər çərçivəsində daha da dərinləşir.

“2005-ci ildə iqtisadi-siyasi, elmi-mədəni əlaqələr üzrə hökumətlərarası birgə komissiyanın yaradılması dövlətlərarası əlaqələrə yeni mərhələ açıb. Latviya Azərbaycan üçün mühüm iqtisadi tərəfdaşdır" deyən nazir bildirib ki, bu ilin may ayında keçirilmiş hökumətlərarası birgə komissiyanın iclası Azərbaycan-Latviya münasibətlərini daha da irəli aparıb.
“Komissiyanın iclasında ticarət və investisiya, elm və təhsil, turizm, mədəniyyət, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, ətraf mühitin qorunması, iqlim dəyişikliyi və sair sahələr üzrə müzakirələr aparılıb” deyən nazir qeyd edib ki, iki ölkənin parlamentləri arasında da sıx əməkdaşlıq münasibətləri mövcuddur.
Nazir xatırladıb ki, iki il əvvəl 44 günlük müharibədə Azərbaycan 30 il işğal altında qalmış ərazilərini azad edərək ədaləti və hüquq bərpa edib. "Bu mübarizədə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrdən biri də Latviya idi. Dost Latviya Respublikasına təşəkkür edirik. Əməkdaşlığımız üçün böyük potensial var və əminəm ki, bu münasibətlər daha da inkişaf edəcək", - nazir deyib.
Məşhur latviyalı rəssam Dase Ştrausanın “Qarabağ atları” adlı rəsm sərgisinin də açıldığı tədbir daha musiqi sədalarının müşayiəti ilə davam edib.