Bu qələbəyə görə şəhidlərimizə, qazilərimizə, bütün sıravi əsgərlərimizə, çavuşlarımıza, müddətdən artıq xidmət göstərən əsgər və zabitlərimizə borcluyuq"
Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci ildə işğalçı hərbi qüvvələrə qarşı əks- hücuma keçməsinin 5 ili tamam olur. Azərbaycan dövləti və xalqı bu beş ildə keçdiyi yola nəzər salıb, öz yaralarını sarıyaraq getdikcə daha da güclənir. Azərbaycanın 200 illik tarixinə qızıl hərflərlə 27 sentyabr tarixini yazanlar bu gün böyük ehtiramla yad edilir, anılır. 27 sentyabr - Anım Gününün əhəmiyyəti bu gün də təhlil olunur, öyrənilir, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində addımlar atılır.
Hafta.az-ın müsahibi hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərovdur.
- 44 günlük savaşdan keçən 5 il ölkə ictimaiyyəti, eləcə də dünyaya hansı reallıqları göstərdi və o günlərin əhəmiyyətini necə dəyərləndirərdiniz?
- 44 günlük müharibədən beş il keçir. Hər ötən gün döyüşlərdə iştirak edən, qəhrəmanlıq göstərən igid əsgər və zabitlərimizi daha yaxından tanıyacağıq. Onlar XXI əsrdə möhtəşəm bir tarix yazdılar. Həmin tarix gələcək nəsillər tərəfindən orta və ali təhsil müəssisələrində öyrənilir, öyrəniləcək. Eləcə də dünya dövlətləri Azərbaycan əsgərinin 44 günlük müharibədə göstərdiyi şücaəti, hərb sənətini araşdırır və qələbənin qısa müddətdə necə əldə olunduğunu tədqiq edirlər. Heç şübhəsiz, düşmən üzərində qısa müddətdə əldə olunan 44 günlük zəfəri, bir günlük antiterror əməliyyatı şərtləndirən amillər var idi. Bu, ilk növbədə, Azərbaycan xalqının torpaqlarının heç vaxt düşmən tapdağı altında qalması ilə barışmayacağı, xalqın birliyi, Ali Baş Komandan ətrafında sıx birləşməsi idi. Eləcə də Azərbaycan əsgərinin hədəfləri bəlli idi və o, hələ 1994-cü ildə atəşkəs əldə olunandan sonra güclənmək, öz hədəfinə çatmaq üçün hazırlaşırdı. Təbii ki, burada digər faktorlar da var idi.
27 sentyabrda başlanan və 44 gün davam edən, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu tarix artıq 5 ildir hər şəhər və rayonlarımızda qeyd olunur. Bu zəfər işğaldan azad olunan rayonlarımızda aparılan bərpa-quruculuq işləri, böyük qayıdış proqramına əsasən keçmiş məcburi köçkünlərimizin öz yurdlarına dönüşü, Zəfər yolu və digər infrastruktur layihələrinin gerçəkləşməsi ilə daha aydın görünür. Bəli, bu gün işğaldan azad olunan o torpaqlar bərpa olunur, proses davam edir. Biz eyni zamanda, 27 sentyabrda başlayan yeni mərhələnin əhəmiyyətini əbədiləşdirmək üçün addımlar atmalıyıq. Bütün görülən işlərlə yanaşı, bu Anım Gününün əhəmiyyəti həm nəzəri, həm də praktik cəhətdən təbliğ olunmalıdır. Mövcud geosiyasi gərginliklər, qlobal güclərin öz maraqları uğrunda, region uğrunda apardığı mübarizənin fonunda son 5 ildə bu istiqamətdə nə qədər işlər görülsə də, azdır. Düzdür, II Qarabağ savaşı haqqında kitablar yazılır, filmlər çəkilir, amma çox azdır. Dünya həqiqətləri bir də musiqilərimizdə, kinolarımızda, əsərlərimizdə insanların 30 il çəkdiyi torpaq, yurdsuzluq həsrətini hiss etməlidir. Bu gün bütün dünyanın gözü Azərbaycandadır. Ölkəmiz torpaqlarını öz gücü ilə azad edib, öz gücü ilə bərpa-quruculuq işləri aparır və beynəlxalq arenada öz yerini tutub. Xarici güclər Azərbaycanın Ermənistan və ona havadarlıq edənlərin kürəyini necə yerə vurduğunu, necə qələbə çaldığını öyrənmək istəyir. Bu münaqişənin qalmasını istəyən güclərin, eləcə də ATƏT-in Minsk qrupu dövlətləri Azərbaycanın həqiqətlərini görmək istəmirdi, BMT-nin Ermənistan işğalçı qüvvələrinin ərazilərimizi qeyd-şərtsiz azad etməsini ehtiva edən qətnamələrin icrası yerinə yetirilmirdi. Azərbaycan dəfələrlə qarşı tərəfə - Ermənistana sülhə, barışa gəlməsi üçün təkliflərlə çıxış etdi. Beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırdı. Azərbaycan həqiqətləri dünya gücləri tərəfindən qulaqardına vuruldu. Ta ki, 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi, əmri ilə Ermənistanın işğalçı hərbi təcavüzünə qarşı əks-hücuma başlayana qədər... Ona görə də 44 günlük savaş Azərbaycana zəfər qazandırdı və tarixə qızıl hərflərlə yazıldı.
- Bir hərbçi olaraq müşahidələrinizə görə, 44 günlük savaşda iştirak edən döyüşçülərimiz, hərbçilərimiz ötən 5 il ərzində nə ilə əhatə olundu?
- Əvvəla, bu tarixi günün hər il təkcə anım günlərində yada salınmasını istəməzdim. Biz bu hadisələr barədə hər gün, hər həftə danışmalıyıq. Danışmalıyıq ki, müharibənin bütün iştirakçıları öz layiqli qiymətini, haqqını ala bilsinlər. Heç şübhəsiz, müharibənin başlanması qərarını komandirlərimiz verdi, icraçılar isə əsgərlər oldu. Biz bu qələbəyə görə bütün sıravi əsgərlərimizə, çavuşlarımıza, müddətdən artıq xidmət göstərən əsgər və zabitlərimizə borcluyuq. Onların hər biri qəhrəmandır. Bu sözlər təkcə əlində silah tutub düşmənlə qarşı-qarşıya döyüşənlərə aid deyil. Bu sözlərim arxa cəbhədə əsgərini geyindirən, yedirdən, təmizlik, tibbi işlərini həyata keçirən insanlara da aiddir. Əgər əsgər arxada öz dayağını hiss etməsəydi, necə döyüşə bilərdi? Dövlət və onun ətrafında narahat qonşuları varsa, daim tətikdə olmalı, öz əsgərimizə qarşı diqqətli yanaşmağı bacarmalıyıq. Son vaxtlar kimlərəsə döyüşlərdə iştirak etdiyinə görə medallar, adlar verilir. Elə edilməlidir ki, döyüşlərdə bütün gücü ilə iştirak edən rabitəçilər, həkimlər, aşbazlar, sürücülər də bu haqqını ala bilsinlər. Bu insanların da müharibədə göstərdiyi əmək dəyərləndirilməlidir. Unutmamalıyıq ki, müharibə bununla bitmir. Nə qədər ki, dövlət var, bu dövləti qorumaq üçün oğullar lazım olacaq.
- Söylədiyiniz kimi, müharibə təhlükəsi hər zaman var. Bu gün bir çox ölkələrdən regionla bağlı ölkəmizə qarşı təhdidləri müşahidə etməkdəyik. Bugünkü duruma baxanda hərbi vəziyyət nədir, yeni müharibə təhlükəsi varmı?
- Ötən həftə ölkə başçısı Kəlbəcərdə sakinlərlə görüşəndə çox gözəl mesajlar verdi. Dedi ki, biz hər zaman hazır olmalıyıq. İyul ayının 22-də Şuşada ukraynalı jurnalistin sualına cavab olaraq Prezident dedi ki, biz heç vaxt işğalla barışmadıq və sizə də məsləhət görürəm işğalla barışmayasız. Bundan gözəl nə söz ola bilər? Bəzən düşünürük ki, ruslar bizim dostumuzdur, iranlılar bizim qardaşımızdır, onlardan heç bir təhdid ola bilməz. Maraqlar olan yerdə dost-qardaş olmur və ən mühüm məqamda öz bildiklərini edirlər. 2021-ci ildə Azərbaycanla Rusiya arasında müttəfiqlik sənədi imzalanmışdı, amma mülki təyyarəmizi vurdular. Ölkəmizə qarşı “Azərbaycanı bombalayaq, xüsusi hərbi əməliyyat keçirək”, - deyə təhdidlər, hədə-qorxu yağdırdılar. Əsas məsələ odur ki, biz hər an hazır olmalıyıq və bunun da birinci şərti odur ki, əsgər dövlətinin onun arxasında olduğuna inanmaldır. İnanmalıdır ki, onun haqqını qoruyacaq.
- Bu gün müharibə təhlükəsi varmı?
- Nə qədər, dövlətimiz var, nə qədər, ətrafımızda narahat dövlətlər var, müharibə riski həmişə var. Sual həmin güclərin öz istəklərini nə dərəcə reallaşdrmaq imkanına sahib olmalarıdır. İndiki vəziyyətdə o dövlətlərin müharibəyə başlamaq üçün elə bir gücü yoxdur. Rusiya Ukrayna ilə müharibəyə başlayanda boşboğazlıq edirdi ki, 4-5 günə, bir aya həll edəcək. Artıq 4 ildir, müharibə gedir. Ona görə də Azərbaycan hər zaman hazır olmalıdır. Prezident də “Hər zaman hazır olmalıyıq” sözünü təsadüfən deməyib. Biz bilməliyik ki, qonşuluğumuzda olan oğru, quldur haqqımızı oğurlamaq istəyir.
- 27 sentyabrda başlayan və 44 gün ərzində bitən müharibə dünya ictimaiyyətinə Azərbaycanı tanıması üçün hansı imkanları yaratdı?
- Torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycan dünyaya öz qapılarını açdı. Dünya Azərbaycanın daxili gücünü gördü. Dünya dövlətləri Azərbaycanla hesablaşır. Azərbaycan olmadan regionda heç bir layihə işləyə bilməz. Bəli, Qarabağ uğrunda əldə olunan zəfər, ərazi bütövlüyümüzün, suverenliyimizin təmin olunması dövlət olaraq qürurumuzu özümüzə qaytardı. 44 günlük Vətən savaşı sözümüzü istənilən səviyyədə dünyaya çatdırmağımıza imkan verir. Azərbaycanı dediyi sözə əməl edən bir ölkə kimi tanıyırlar. Bu gün ölkə başçısının beynəlxalq arenada özünü güvənli, qətiyyətli aparması, eləcə də xalqımızın özünü qürurlu aparması bu faktorla bağlıdır. Torpaqlar işğal altında olanda utanırdıq, başımız aşağı idi, indi isə qamətimiz düzəlib. İndi dünya gücləri danışıqlar üçün Bakıya, Şuşaya, Xankəndiyə toplanır. Bu da Azərbaycan əsgərinin 44 günlük savaşda əldə etdiyi zəfərin nəticəsidir. Bu gün bizə hörmətlə yanaşırlarsa, bu, igid döyüşçülərimizin qəhrəmanlığının nəticəsidir.
- 2020-ci ildən bu yana Azərbaycan müdafiə sistemində ordumuzun yenidən qurulması, inkişafı prosesində vəziyyət hansı istiqamətdə dəyişib?
- Ordumuz, müdafiə sənayemiz getdikcə güclənir. Bu gün Ordumuz öz silahları ilə təchiz olunur. Biz təkcə silah almırıq, eyni zamanda bəzi ölkələrə silah satırıq. Bu da Azərbaycanın reytinqini dünyada qaldırıb. Düzdür, hələ ki, sülh müqaviləsi imzalanmayıb, amma Ermənistan Baş naziri “Azərbaycan Silahlı Qüvvələri ilə baş-başa gəlmək istəməzdik”, - deyirsə, deməli, düşmən ordumuzun gücünü yaxşı bilir. Bu gün orduya yüksək vəsait ayrılır və bu proses davam edəcək. Müdafiə və təhlükəsizlik sahəsində heç bir problem yoxdur. İnanıram, Azərbaycan Ordusu 2026-cı il beynəlxalq hesabatlarda daha üst yerlərdə olacaq. Heç şübhəsiz, bu reallıqları Azərbaycana 44 gündə qazanılan zəfərimiz qazandırıb. Bu zəfər yolu ilə inamla irəliləməkdəyik.