Məlumdur ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə gizlənən ermənilər yeraltı mədənlərimizin qeyri-qanuni istismarı ilə bağlı monitorinq keçirmək istəyən Azərbaycan nümayəndə heyətinə imkan verməyib. Rusiya sülhməramlıları öz növbəsində əldə olunan razılaşmaya əsasən monitorinqin keçirilməsinə şərait yaratmayıb. Yaranmış vəziyyətə etiraz olaraq QHT nümayəndələrimiz “Ekoloji terorora son” şüarı ilə Laçın-Şuşa yolunda dinc aksiyalar keçirib. Dinc aksiyaçılara qarşı rus silahlıları dayanıb. Rusiya sülhməramlıların monitorinqin keçirilməsinə şərait yaratmaması və son aksiyalar nədən xəbər veirir?
Bu istiqamətdə cərəyan edən prosesi hafta.az-a təhlil edən politoloq Rəşad Bayramov qeyd edib ki, Laçın-Şuşa yolunda baş verənlər artıq 2 ildir ki, ərazilərimizdə özbaşınalıq edən rus sülhməramlılarının fəaliyyətinin məntiqi nəticəsidir. Onun sözlərinə görə, Azərbaycan indiyə qədər bu və ya digər şəkildə - istər rəsmi müstəvidə, istər cəmiyyət, siyasi partiyalar olaraq iradlarını bildirib.
“Görünən odur ki, Rusiya tərəfi yenə də özünün ənənəvi mövqeyinə sadiq qalaraq separatçı rejimin qalıqlarını qorumaq missiyasını davam etdirir. Ərazilərimizdən silah daşınması, ərazilərimizə qeyri-qanuni olaraq Fransanın, Ermənistanın və digər separatçı rejimə dəstək vermək istəyən ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanlarının əməkdaşlarının buraxılması, ərazilərimizdə təbii sərvətlərimizin qeyri-qanuni istismarı bunun bariz nümunəələridir. Bütün bunlar onu göstərir ki, haqqında danışılan sülhməramlı kontingent öz vəzifə öhtəliklərini icra edə bilmir və yaxud da vəzifə öhtəliklərini icra etmək istəmir”.
R.Bayramov bildirib ki, separatçı rejimin nümayəndələri ilə Rusiya sülhməramlılarının təxribat hazırlayaraq Azərbaycan ekoloqlarının öz ərazilərində monitorinqin aparılmasına imkan verilməməsi nəticə etibarilə bu cür aksiyalara gətirib çıxardır.
“Bu gün səhər saatlarından etibarən Laçın yolunda Azərbaycan QHT nümayəndələrinin aksiyası keçirilir. Aksiyanın nəticələrinin nə olacağı ikinci dərəcədli bir məsələ olsa da, bunun özü artıq kifayət qədər ciddi hadisədir. “Bu aksiya verdiyi mesajlarla öz istəyinə çatıb”- deyə bilərik.
Birincisi, aksiya iştirakçıları ermənilərin Rusiya sülhməramlılarının iştirakı ilə ərazilərimizdə ekoloji teror törətdiklərini bütün dünyaya çatdıra bildilər. İkincisi, hər kəs gördü ki, Rusiya sülhməramlı kontingenti öz üzərinə düşən vəzifəni yerinə yetirmir, fəaliyyətləri yalnız separatçı rejimi qorumağa yönəlib. 5 saata qədər davam edən aksiyanın ilk saatlarından etibarən aksiyaçılar sülhməramlıların komandanı Volkovun gəlib etirazçılarla görüşməsi tələbi ortaya qoyulub. Amma o tələb yerinə yetirilməyib. Əvəzində aksiyaçıların - QHT təmsilçilərinin qarşısına ağır silahlanmış hərbçilər düzülüb. Bütün bunlar onu göstərir ki, Rusiya prosesdə konkret olaraq tərəf kimi çıxış edir və erməni separatçılarının rahat şəkildə qanunlarımızı pozması, ərazilərimizdə əlindən gələni etməsinə şərait yaradır. Həmin aksiyada daha vacib olan mesaj ondan ibarət oldu ki, Azərbaycan istənilən vaxt Laçın dəhlizini bağlamaq gücündədir. 5 saat ərzində yolun bağlanması əslində separatçı regimə buranın sahiblərinin kim olduğunu başa salmaq baxımından kifayət qədər uğurlu addım oldu”.
Politoloq müsbət nəticə əldə olunmayana qədər aksiyaların davamlı keçirilməsinin zəruri olduğunu bildirib. Onun fikrincə, bu aksiyalar təkcə QHT-lərin vasitəsi ilə, Laçın yolunda deyil, eyni şəkildə Rusiya səfirliyinin qarşısında keçirilməlidir. Politoloq hesab edir ki, dünyanın müvafiq ekologiya təşkilatlarına müvafiq müraciətlərin göndərəilməsinə ehtiyac var.
“Ekoloji teror sivil dünyanın daha həsəs nöqtəsi olduğu üçün bu məqamdan istifadə edib səsimizi maksimum bütün dünyaya çatdırmağa nail olmalıyıq”.