Məlumdur ki, gələn ilin dövlət büdcəsindən Azərbaycan Nəşriyyatına pul ayrılmayacaq. Artıq gündəlik qəzetlərin həftəliyə keçəcəyi, maliyyə imkanlarının azalacağı deyilir. Belə bir vəziyyətin istər Azərbaycan Nəşriyyatı, eləcə də onun icarədarları olan qəzet redaksiyalarınınfəaliyyətinə necə təsir edəcəyi aktuallığını qoruyur.
Məsələ ilə bağlı Hafta.az-a danışan “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, icarədarı olduqları Azərbaycan Nəşriyyatı özünün icarə siyasətini müstəqil müəyyənləşdirir.

Baş redaktor qeyd edib ki, hüquqi subyekt olaraq qiymətləri necə müəyyənləşdirmək onların hüququdur:
“Amma yaxşı bir haldır ki, Nəşriyyat ilin əvvəlində icarə qiymətlərini qaldırmır və bu da redaksiyaların vəziyyətini nəzərə almaq baxımından bizim üçün dəyərlidir. Ümid edirik ki, gələn ilin əvvəlində icarə haqlarını qaldırmamaq tendensiyası davam edəcək. Əgər indiki qiymətlərdən də artıq bahalaşma olarsa, bu, redaksiyaların vəziyyətini hədsiz dərəcədə ağırlaşdıra bilər. Ona görə bizim istəyimiz odur ki, qiymətlər dəyşməz qalsın. Qiymətlərin mötədir saxlanması həm nəşriyyatın, həm də redaksiyalar üçün faydalı olardı”.
Azərbaycan Nəşriyyatının baş direkorunun müavini Anar Mustafayev Hafta.az-a bildirib ki, Nəşriyyat yeni vəziyyətə uyğun olaraq özünün fəaliyyətini davam etdirəcək.

O, qeyd edib ki, Azərbaycan Nəşriyyatının işi təkcə qəzetlərin çapı ilə məhdudlaşmır:
"Məlumdur ki, burada kitab çapı, broşürlərın, qəzetlərin çapı, yəni bildiyimiz ümumi nəşriyyat işi aparılır. Azərbaycan Nəşriyyatına büdcədən ayrılan pul, hansısa nazirliklərə, komitələrə ayrılan pul qədər deyil. Nəşriyyatın fəaliyyəti prosesində vəsait işçilərə maaşların verilməsi üçün ayrılmırdı. Büdcədən ayrılan pul dövlət sifarişi əsasında idi. Dövlət Nəşriyyatda “Azərbaycan”, “Respublika”, “Xalq”, “Bakınskiy Raboçi” qəzetinin çapına pul ayırırdı. Ona müvafiq olaraq Maliyyə Nazirliyi ilə hesablanmış qaydada ayrılan pul sifarişin yerinə yetirilməsinə yönəldilirdi. İndi həmin maliyyənin forma və təyinatı, məbləği dəyişib. Əvvəl nəşriyyat o maliyyəni alırdı, xərcləri qarşılayırdı və ildə bir dəfə hesabat verirdi. İndi o pullar birbaşa qəzetin özünə ayrılır və çap üçün nəşriyyata pulu özü verir. Əslində qəzet müstəqil orqandır və istəsə başqa mətbəələrdə də çap edilə bilər. Hələ ki, redaksiyaların icarə haqlarının qaldırılması ümumilikdə planlaşdırılmır. Bununla yanaşı, bu məsələ ilə bağlı konkret fikir bildirmək də çətindir. Nəşriyyat böyük müəssisədir və icarə siyasətinin dəyişməsi müəyyən maliyyə hesablamaları ilə müəyyən edilir”.
Tahirə Qafarlı