Ermənistan daxilində siyasi hakimiyyətlə, hərbi hakimiyyət, eləcə də cəmiyyət arasında olan uçurumlar Ermənistanın danışıqlarda vahid bir mövqedən çıxış etməsinə əngəl yaradır. Ermənilərə xas olan danışıqlar prosesinə sadiq olmamaq, 30 illik təcrübənin göstəricisidir.
Bu fikirləri hafta.az-a siyasi şərhçi Azər Hüseynov bildirib:
“Həm də bu işdə ermənilərin ordusu daxilində Rusiyanın 30 il ərzində formalaşdırdığı kadrların da öz işini gördüyünü deyə bilərik. Erməni cəmiyyətində post-müharibə dövründə bir sınma olsa da, hər zaman o revanşist ruhu cəmiyyətin daxilində saxlaya bilən qüvvələr var və zaman-zaman ortaya gələrək sülh prosesinin davamlı olmasına maniə yaradırlar”.
A.Hüseynov hesab edir ki, Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin görüşləri diplomatik prosesin tərkib hissədidir və təbii ki, bu davam etməlidir.
“Amma Azərbaycan son situasiyalardan belə bir nəticə çıxarmalıdır ki, Ermənistan üzərində hərbi pressinq davamlı şəkildə saxlanmalıdır. Ermənistanın Cənubi Qafqazda silahsızlaşdırılması və hücum silahlarından məhrum edilməsi istiqamətində işlər görülməlidir. Azərbaycanın qoyduğu 5 tələbə gəldikdə isə, bu, yeni geosiyasi situasiyanın göstəricisidir. Ermənistan bundan manipulyasiya etsə də, Azərbaycan öz tarixi torpaqlarına hüquqi iddia qaldırmaq haqqına, hüququna malikdir. Çünki bu tarixi torpaqlar legitim bir şəkildə Ermənistana verilməyib”.