Son həftələr Rusiya və Azərbaycan arasında gərginləşən münasibətlər, xüsusilə Yekaterinburqdakı faciə və orada baş verən təzyiqlər soydaşlarımızın taleyinə ciddi təsir edib. Bu hadisələrdən sonra Azərbaycan öz iradəsini ortaya qoymuş, Moskvaya qarşı sərt mövqe nümayiş etdirmişdir. Bu prosesin ardınca Rusiyada yaşayan azərbaycanlıların durumunun necə dəyişəcəyinə dair suallar hələ də cavabsız qalır.
Bu və digər mövzularla bağlı Hafta.az-ın suallarını Azad Vətən Partiyasının sədri Akif Nağı cavablanadırır.
- İyunun 27-dən bəri, yəni Yekaterinburqda həmvətənlərimizə qarşı rəsmi qurumların törətdiyi işgəncə, ölüm və kütləvi həbslərlə nəticələnmiş məlum olaylardan sonra Rusiya və Azərbaycan arasında baş verənlər haqda gəldiyiniz son nəticə nədən ibarətdir?
- Yekaterunburqdakı o qanlı olay münasibətlərə yaxşı təsir etmədi. Çox arzuolunmaz bir proses başlandı. Nə üçün bunu törətdilər, niyə bunu etdilər, nəyin intiqamını almaq istəyirdilər - hələ də başadüşülən deyil. Azərbaycan öz adekvat cavablarını verdi. Burada da həbslər oldu, ictimaiyyətdən ciddi reaksiyalar oldu. Hesab edirəm, Azərbaycan düzgün mövqe tutdu və Rusiya qarşısında geri çəkilmədi. Dünya da baş verənləri diqqətlə izlədi ki, postsovet məkanında daha bir dövlət Rusiyanın qarşısına çıxdı…
Azərbaycan kimi bir ölkə öz iradəsini ortaya qoyursa, bu, çox əhəmiyyətlidir. 1990-cı ilin Yanvar hadisələrində SSRİ-yə qarşı ən ilk ciddi müqavimət də məhz Azərbaycan xalqı tərəfindən göstərilmişdi. Özü də hakimiyyət yox, xalq tərəfindən… O dövrdə bütün dünya da maraqla izləyirdi ki, belə bir qüdrətli imperiyaya qarşı bu qədər açıq şəkildə çıxmaq olarmı? Düzdür, təxminən, bir il öncə Gürcüstanda da Rusiyaya qarşı müəyyən hadisələr yaşanmışdı. Bakıdakı 20 Yanvar olayları daha böyük və ciddi idi. Moskva da buna sərt yanaşmışdı. Bununla Azərbaycan digər postsovet respublikalarına bir nümunə göstərmişdi…
35 il sonra - bu gün də Azərbaycan Rusiya qarşısında bir daha öz iradəsini ortaya qoymuş oldu: xalqımızın, dövlətimizin mövqeyi ilə hamı hesablaşmalıdır. Hesab edirəm, artıq Rusiya da özü üçün müəyyən nəticələr çıxarıb.
- Maraqlıdır ki, orada yaşayan bir çox azərbaycanlı sosial şəbəkələrdə və yaxud yerli medialara müsahibələrində Rusiyanın mövqeyini dəstəkləyən açıqlamalar verirlər. Sizcə, bu, nə ilə bağlıdır?
- Doğru qeyd edirsiniz. Rusiyada yaşayan azərbaycanlılar sosial şəbəkələrdə, müvafiq olaraq, öz mövqelərini bildirirlər. Onlar bir çox hallarda "burada hər şey qaydasındadır, azərbaycanlılara qarşı heç bir təzyiq yoxdur" kimi açıqlamalar verirlər. Belə çıxır ki, oradakı azərbaycanlıların bu şəkildə danışmağına Rusiya hökumətinin ehtiyacı var, çünki onlar Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirlər. Əslində bu, yaxşı bir göstəricidir. Digər tərəfdən, Azərbaycanın müxtəlif məsələlərə dair ciddi mövqeyi var və narahatlıqlar mövcuddur. Məsələn, 25 dekabr 2024-cü ildə Rusiya səmasında vurulan təyyarə ilə bağlı da insan itkilərimiz olmuşdu. Yekaterinburq hadisələri zamanı da rəsmi məlumata görə, iki həmvətənimizi itirdik, 3 insanımız isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Bütün bunlar Azərbaycan üçün çox çətin və ciddi bir məsələlərdir. İnsan həyatı heç bir qiymətlə ölçülə bilməz. Bu cür hadisələr heç bir ölkə üçün arzuolunmazdır…
Onu da qeyd edək ki, Yekaterinburqdakı faciədən sonra Rusiyanın digər şəhər və bölgələrində də azərbaycanlılara qarşı müxtəlif repressiyalar törədildi. Moskva ətrafında çox görkəmli Azərbaycan diaspor rəhbərlərindən biri - şəxsən tanıdığım və əməkdaşdığımız olan Elşən İbrahimov heç bir səbəb gətirilmədən vətəndaşlıqdan məhrum edildi və ona vaxt qoydular ki, Rusiyanı tərk etməlidir. Halbuki o, həm Azərbaycan, həm də Rusiyanın özü üçün böyük işlər görürdü…
Rusiya hökuməti soydaşlarımızla verdiyi belə qərarları geri oxumalıdır. Öncə Yekaterinburqda hüquq-mühafizə orqanlarının törətdiyi qanunsuz qətllərlə bağlı cinayət hadisəsi obyektiv araşdırılmalı, günahkarlar cəzalandırılmalı, üzərində haqsız məhkəmə prosesləri qurulmuş, səbəbsiz vətəndaşlıqdan məhrum edilmiş, deport edilmiş soydaşlarımızla bağlı qərarlar ləğv edilməlidir. Kremldəkilər özləri nəticə çıxartmalıdır ki, Azərbaycanın xalqının, dövlətinin bu şəkildə iradəsini sındırmaq olmaz…
- Bəs bundan sonra Şimal qonşumuzla münasibətlərimizin və orada yaşayan milyonlarla soydaşımızın taleyini necə görürsünüz?
- Təbii ki, Rusiya ilə müansibətlərimizin gələcəyi narahat edir, hər kəsi maraqlandırır. Rusiya böyük bir qonşumuzdur və Azərbaycan üçün nəhəng bazardır. Azərbaycan da, Rusiya da qarşılıqlı şəkildə həmin ticari əlaqələrdə mənfəət götürürlər. Digər istiqamətlərdə də əməkdaşlıq münasibətləri var və bu münasibətlərin nəyin bahasına olursa-olsun, saxlanması Azərbaycanın da marağındadır, Rusiyanın da.
Hesab edirəm, bu iqtisadi maraqlar, ən azından, məcbur edəcək ki, Rusiya Azərbaycanla münasibətlərini düzəltsin və hər iki tərəf bunda maraqlı olduğundan münasibətlər tədricən yaxşılaşacaq.
Bununla belə, hər iki tərəf, ilk növbədə də Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalıdır. Rusiyada yaşayan həmvətənlərimizin taleyi isə, əlbəttə ki, hər birimizi narahat edən bir məsələdir. Xaricdə yaşayan hansısa etnik azərbaycanlı hansısa bir ölkənin vətəndaşı olsa da-olmasa da, onun vəziyyəti, ona qarşı hər hansı təzyiq cəmiyyətimizi, dövlətimizi narahat edəcək.
Diaspor Komitəsi Rusiyadakı azərbaycanlılara qarşı bu təzyiqlərin qarşısını almaq üçün nə etmək lazım olması haqqında kompleks proqram hazırlayıb ortaya qoymalıdır. Mən təəssüf edirəm, indiyədək Rusiyada baş verənlərlə bağlı Diaspor Komitəsinin səsini eşitməmişik biz. Özü də həmin hadisələr bu gün baş verməyib. Bildiyimə görə, ən azı, son iki ildə Rusiyanın müxtəlif yerlərində azərbaycanlara, xüsusilə diaspor fəallarına qarşı, diaspor rəhbərlərinə qarşı çox böyük təzyiqlər var.
Bundan əvvəl Arxangelsk, Pyatiqorsk və Yaroslavldakı Azərbaycanın diaspor rəhbərlərinə qarşı təzyiqlər olmuşdu.
Kremldə əyləşənlərin diqqətinə bir məqam da çatdırılmalıdır ki, Rusiyada yaşayan azərbaycanlıların böyük bir hissəsi Rusiya vətəndaşıdırlar. Onlar kimi Rusiya vətəndaşı olmayanlar, yaxud müvəqqəti oturum hüququ alanlar, müvəqqəti yaşayış və iş icazələri olanlar da artıq Rusiyada yaşayan şəxsdirlər, insandırlar. Onlara qarşı hər hansı ayrı-seçkiliyə yol verilməməlidir. Orada yaşayan ruslar və digər millətlər kimi azərbaycanlılar da Rusiyanın sahibi hesab olunmalı və ruslar qədər onların da haqq və hüquqları qorunmalıdır. Həm də ona görə ki, Rusiya, Azərbaycan da daxil olmaqla, 16 respublikanın və 100-dən çox millətin bir yerdə qurduğu və qoruduğu Sovet İttifaqının varisidir. Həmin SSRİ-nin Hitler faşizmindən müdafiə olunması uğrunda 300 mindən çox azərbaycanlının qanı tökülüb...
- Belə çıxır ki, Rusiyadakı həmvətənlərimizin bundan sonrakı əsas vəzifəsi öz haqq və hüquqlarını müdafiə etmək üçün bütün qüvvələrini birləşdirmək olmalıdır?
- Bu məsələdə onu da nəzərə almaq lazımdır ki, Rusiyadakı azərbaycanlılar digər türk və müsəlman kökənli diaspora təşkilatları ilə birgə fəaliyyət göstərərək, bir çox istiqamətlərdə daha çox təsir gücünə malik ola bilərlər. Bu baxımdan, tatarlarla, qazaxlarla, qırğızlarla, özbəklərlə, taciklərlə və b. ilə birgə həmrəyliyin daha da gücləndirilməsi vacibdir.
Əvvəlki illər ərzində diaspora təşkilatlarımızın əsas fəaliyyəti Azərbaycanın təbliğatı üzərində qurulmuşdu. Biz dünyaya ölkəmizin gücünü, mədəniyyətini, tarixini tanıtdıq. İndi bir addım irəliləməliyik, artıq vaxtıdır ki, oradakı soydaşlarımız öz hüquqlarını açıq şəkildə müdafiə etsinlər.
Bunu Rusiya da başa düşməlidir. Bütün dünya miqrantların hüquqlarını müdafiə etmək üçün mübarizə apararkən azərbaycanlılar da öz hüquqlarımızı müdafiə etməkdən çəkinməməlidir.
- Azərbaycan hüquq-mühafizə orqanlarının iki “FSB” agentini həbs etməsi, əlbəttə, müsbət haldır. Sizcə, fürsətdən yararlanaraq, Milli Məclisdə Lüstrasiya haqqında qanun qəbul etmək və “KQB” arxivlərini də açmaqla Rusiyanın ölkədəki əsas agentura şəbəkələrinin ifşası üçün şərait yaratmaq doğru olmazmı?
- Lüstrasiya ilə bağlı, ümumiyyətlə, yalnız bizdə yox, dünyada fikir birmənalı deyil. Keçmişi eşələmək lazımdır, yoxsa yox, bunun ziyanı olar, yoxsa yox.
Bilirsiniz ki, Xalq Cəbhəsinin hakimiyyət dövründə bu məsələ qaldırıdı, sonra da özləri gördülər ki, onun xeyrindən çox ziyan ola bilər.
Əgər Avropada, dünyada proses gedirsə, bizdə də getməlidir. Ola bilər ki, Azərbaycan reallıqlarına uyğun olaraq bizdə də qanun qəbul olunsun. Dediyim kimi, Azərbaycanın daxili şərtlərinə, şəraitinə uyğun olaraq...
Məsələn, sovet dövründə bəlli idi ki, Azərbaycanda Universitetin şərqşünaslıq fakültəsini bitirən istənilən şəxs “KQB” deyilən keçmiş Dövlət Təhlükəsizliyi Komitəsi ilə hansısa bir müqavilə imzalamalı idi.
Belə bir qayda vardı o dövrdə. Xaricə gedən hər hansı bir şəxs xüsusi xidmət orqanlarının təqdim etdiyi hansısa bir sənədə imza atmalı idi. Həmin vaxtlarda Dövlət Təhlükəsizliyi Komitəsi geniş şəkildə fəaliyyət göstərirdi, hər yerdə onların casus şəbəkəsi var idi, universitetlərdə, məktəblərdə, zavodlarda, redaksiyalarda, hər yerdə onların informatorları var idi. O dövr üçün, həmin rejim üçün ölkəni nəzərətdə saxlamaqdan ötrü bu sistem lazımi nəticələr verirdi...
Deyək ki, o dövrdə “KQB”nin informatoru rolunu oynamış adamların bu gün üçün bir təhlükəsi var, yoxsa yox? Yəni o vaxtlarda informatorlar mövcud olsalar da, indi onların arasında alim, elmlər doktoru, diplomat və b. var.
Bu gün elələrinə qarşı hansısa cəza tətbiq etmək, onların fəaliyyətini məhdudlaşdırmaq nə dərəcədə məqsədəuyğundur? Bax, belə suallar meydana çıxır ki, onlar dəqiq şəkildə cavablandırılmalıdır. Sadəcə olaraq, “KQB” ilə hər hansı formada əməkdaşlığa cəlb olunmuş hər bir kəsin o dövrdəki fəaliyyətinin ölkəmizin, xalqımızın, bugünkü dövlətimizin maraqlarına vura biləcəyi zərərin ölçüsü müəyyənləşməlidir.
Mən də tərəfdarıyam ki, Lüstrasiya haqqında qanun qəbul edilsin və arxivlərt açılsın və hər şey ortada olsun. “Bütövlükdə, cəmiyyət, dövlət o açılışdan udacaq, yoxsa uduzacaqdır?” demək çətindir.
Onsuz da 90-cı illərdən bəri vaxtaşırı belə ittihamlar səsləndirilirdi, kimlərəsə Rusiyanın, başqalarına Avropanın, İsrailin, yaxud İranın casusu deyirdilər və dələduzlar bundan kimlərəsə qarşı təzyiq kimi istifadə edirdilər. Odur ki, bu məsələlərdə bir qədər diqqətli olmaq lazımdır. Amma yenə də Azərbaycanda bir yoxlama keçirilməlidir.
- Son günlər Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasını gücləndirməsi haqqında Ukrayna Baş Kəşfiyyat İdarəsi tərəfindən məlumatlar yayılır. Sizcə bu gücləndirmə kimə qarşıdır: Paşinyana, yoxsa Azərbaycana?
- Rusiya öz mövqeyini Qafqazda gücləndirmək istəyir, lakin bu bölgədəki vəziyyətin çox mürəkkəb olduğu açıqdır. Bu prosesin mərkəzində, əlbəttə, hərbi baza məsələsi dayanır. Rusiya üçün bu bazaların həyati əhəmiyyəti var, çünki onlar bu vasitə ilə həm hərbi, həm də strateji üstünlük əldə etməyə çalışır. Divin canı şüşədə olduğu kimi, Rusiyanın da canı bu bazadadır.
102-ci hərbi baza Rusiyanın regionda saxladığı ən vacib hərbi güc nöqtəsidir. Hər bir müvəqqəti hərbi baza buradan çıxarıldıqda, Rusiya üçün bu mövqeyin itirilməsi deməkdir. Onu da qeyd etmək lazımdır ki, Rusiyanın başqa yollarla bölgədə möhkəmlənməsi mümkünsüzdür.
Əgər biz Amerika ilə müqayisə etsək, o dövlətin həm hərbi, həm də digər sahələrdə, xüsusən də iqtisadi və elmi-texniki sahədə imkanları genişdir. Rusiya yalnız hərbi baza ilə bu regionda öz mövqeyini saxlamağa çalışır. Onun başqa bir çıxış yolu yoxdur. Buna görə də Rusiya hər zaman öz mövqeyini qorumaq üçün Azərbaycana qarşı hərbi və siyasi təzyiq göstərir. Paralel olaraq Ermənistandakı bazanı da nə yolla olursa-olsun, gücləndirməyə çalışır. Eyni zamanda, Moskva neçə illərdir, Zəngəzurda öz konsulluğunu açmağa çalışsa da, bu da baş tutmur. Odur ki, indiki şəraitdə Rusiyanın Ermənistanda öz gücünü bərpa edə biləcəyi böyük sual altındadır.
Əlbəttə, Rusiyanın Ermənistanda hərbi varlığının güclənməsi həm də Azərbaycana qarşı gələcəkdə təhlükə ehtimalı yaradır...