Bu günlərdə Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şara Azərbaycana birgünlük rəsmi səfər etdi. Bəlkə də, qlobal miqyasda çoxları üçün gözlənilməz olan bu səfər yeni beynəlxalq gündəmlər yaratdı. Əvvəla, Azərbaycanla Suriya arasında ikili münasibətlərə yeni qapı açılmış oldu. Çünki tarixən Azərbaycanla Suriya arasında sıx olan əlaqələr bu ölkənin devrilmiş rəhbəri diktator Bəşər Əsəd zamanında demək olar ki, kəsilmişdi. Hətta Əsəd hökuməti Ermənistan-İran-Rusiya üçbucağının təsiri altında anti-Azərbaycan mövqe tutmuşdu. Bu mənada, cənab Şaranın səfəri iki ölkə arasında yeni əməkdaşlıq səhifəsini açıb.
Bəs səfərin məqsədi nə idi, indiki zamanda Şara rəsmi Bakıdan nə istədi, Bakı Suriyaya nə verə bilər? Oxucularımız üçün maraqlı ola biləcək bu suallara Suriya Türkmən Məclisinin sədri Faysal Cuma Öztürk Hafta.az-a EKSKLÜZİV müsahibəsində cavab verməyə çalışıb:
- Cənab Əhməd əş-Şaranın Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərdə tarixi dönüş nöqtəsidir. Azərbaycanla Suriya arasında uzun müddətdir rəsmi səviyyədə durğunluq yaşayan münasibətlər bu səfərlə yeni vüsət alacaq. Xüsusilə enerji, yenidənqurma, təhsil və humanitar yardım sahələrində əməkdaşlıq həm diplomatik, həm də iqtisadi əlaqələri gücləndirəcək. Bundan başqa, bu səfər Suriyanın Cənubi Qafqaza inteqrasiyası üçün simvolik əhəmiyyətə malikdir. Azərbaycan indi Suriyanın çoxtərəfli xarici siyasət təşəbbüslərində mühüm strateji tərəfdaş kimi mövqe tuta bilər.
- Sizcə Azərbaycanın Suriya üçün əhəmiyyəti nədə görürsünüz? Hazırda suriyalıların Azərbaycandan gözləntiləri nədir?
- Azərbaycan təkcə iqtisadi deyil, həm də tarixi və mədəni əlaqələrimizə görə Suriya üçün çox vacib ölkədir. Bu gün suriyalılar ilk növbədə Azərbaycandan yenidənqurma prosesinə töhfə verməsini, enerji təminatı, texniki infrastruktura dəstək və təhsil sahəsində əməkdaşlıq etməyi gözləyirlər. Cənab Şaranın səfəri bu gözləntilərin rəsmi şəkildə dilə gətirilməsi və konkret addımların atılması baxımından kritik bir addım oldu. Azərbaycanın xüsusilə kənd təsərrüfatı, tikinti, səhiyyə və su idarəetməsi kimi sahələrdə təcrübəsi Suriyanın yenidən inkişafına əhəmiyyətli töhfə verə bilər.
- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqladığı təbii qaz məsələsi və enerji müqaviləsi haqqında fikirləriniz necədir? Suriyanın enerji ehtiyacları necə qarşılanır və Azərbaycan bu prosesdə hansı rolu oynaya bilər?
- Keçmişdə, xüsusən də Bəşər Əsəd dövründə Suriyanın enerji ehtiyacı böyük ölçüdə yerli istehsal və məhdud xarici resurslar, ilk növbədə İran hesabına ödənilirdi. Lakin müharibənin dağıdıcı nəticələri onun enerji infrastrukturuna xeyli ziyan vurub. Elektrik stansiyaları yararsız vəziyyətə salınıb, neft və təbii qaz yataqları nəzarətsiz qalıb. Son zamanlar Rusiya, İran və bəzi Körfəz ölkələri məhdud dəstək göstərsələr də, bu kifayət deyil. Bu kontekstdə Azərbaycanla imzalanmış enerji sazişi çox strateji addımdır. Azərbaycanın həm təbii qaz təchizatı, həm də enerji infrastrukturunun yenidən qurulması üçün texniki dəstəyi Suriyanın enerji böhranından çıxması üçün əvəzsizdir. Türkiyənin bu prosesdə vasitəçi rolu regional əməkdaşlıq modelinin yaxşı nümunəsidir.
- Maraqlıdır, Suriya indiyədək hansı ölkələrdən qaz alıb və ya almağa davam edir?
- Bayaq dediyim kimi, vətəndaş müharibəsindən əvvəl Suriya öz təbii qaz ehtiyatlarından istifadə edirdi və əlavə olaraq İrandan, bəzən də Misirdən qaz alırdı. Lakin bu ehtiyatlar müharibə zamanı ya zədələnmiş, ya da əlçatmaz hala gətirilib. İndi Azərbaycandan alınacaq qaz həm resurs müxtəlifliyi, həm də enerji təchizatının təhlükəsizliyi baxımından çox dəyərli olacaq.
- Yeri gəlmişkən, Suriyaya qarşı tətbiq edilən sanksiyalar tamamilə ləğv edilib? Ümumiyyətlə, Suriya xarici əlaqələrinin hazırkı vəziyyəti necədir?
- Xeyr, sanksiyalar tam aradan qaldırılmayıb. Bəzi ölkələrin tətbiq etdiyi iqtisadi sanksiyalar hələ də xüsusilə enerji, bank və tikinti sektorlarına birbaşa təsir edir. Buna baxmayaraq, ərəb ölkələri ilə normallaşma prosesinə start verilib. Bu ölkələrlə məhdud da olsa iqtisadi əməkdaşlıq bərpa olunmaqdadır. Azərbaycan kimi bitərəf ölkələrin bu işə qoşulması Suriyanın beynəlxalq sistemə yenidən inteqrasiyası üçün müsbət haldır. Amma Qərbin sanksiyalarının davam etməsi özəl sektorun investisiyalarına mane olmaqda davam edir.
- Eşitdik ki, bir türkmən qardaşımız müdafiə nazirinin müavini təyin olunub. Türkmənlərə başqa hansı rollar həvalə edilib və ya veriləcəyi gözlənilir?
- Bu təyinat həm simvolik, həm də türkmən icması üçün çox dəyərlidir. Uzun illər siyasi təmsilçilikdən kənarlaşdırılan türkmənlər üçün bu, dönüş nöqtəsidir. Suriya Türkmən Məclisi olaraq məqsədimiz türkmən gənclərin dövlət vəzifələrində işləməsini təmin etmək, dil və kimlik hüquqlarımızı qorumaq, yerli məclislərdə daha çox görünməkdir. Azərbaycandan gözləntimiz odur ki, onlar öz təcrübələrini bizimlə bölüşsünlər və insan resurslarımızın inkişafı üçün birgə layihələr hazırlasınlar.
- Hesab edirəm ki, prezident Şara Azərbaycana səfər etməklə bütün suriyalıların yolunu açdı. Türkmən Məclisinin sədri kimi Azərbaycana səfəriniz gözlənilirmi? Azərbaycanla hansı layihələri həyata keçirmək istərdiniz?
- Bəli, biz tezliklə Azərbaycana səfəri səbirsizliklə gözləyirik. Lakin bununla bağlı Azərbaycan hakimiyyətindən dəvət və dəstək gözləyirik. Azərbaycana istənilən mümkün səfərimizdə əsas gündəliyimiz mədəni əməkdaşlıq, təhsil proqramları, müharibədən zərər çəkmiş türkmən rayonlarının bərpasına dəstək, səhiyyə sahəsində birgə layihələr və media əməkdaşlığı olacaq. Türkmən gənclərin təhsil, peşə hazırlığı və texniki infrastruktura çıxışını təmin etmək üçün Azərbaycandakı qurumlarla birgə layihələr hazırlamaq istəyirik. Biz iki qardaş xalqımızın bir-birini daha yaxından tanımasını və birlikdə inkişaf etməsini arzu edirik.