Azərbaycanda gender tarixi

13:20 27.05.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ölkəmiz qadın və kişi bərabərliyinin təmin olunmasına görə əksər dövlətləri qabaqlayır

Sabah müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli cümhuriyyət və demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Qeyd edək ki, müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlərlə yadda qalıb. Eyni zamanda, ilk dəfə qadınlara seçim hüququ tanımaqla və qadın–kişi bərabərliyini təmin etməklə də tarixə düşüb. Belə ki, XX əsrin əvvəllərində Azərbaycan qadınları savadsızlıq və fanatik ənənələr səbəbindən ictimai-siyasi həyatdan təcrid olunmuş şəkildə yaşayırdılar. Bu dövrdə “Qadın birşəxsiyyət kimi azad olmayınca xalqın problemləri həllolunmaz qalacaq!” ideyasını irəli sürən Azərbaycanın ziyalı elitası xalqı maariflənməyə səsləyir, onlara hüquq və vəzifələrini çatdırmağa çalışdılar. Bu mövzuya daha çox diqqət ayırmış M.Şahtaxtlı, H.Zərdabi, M.Ə.Rəsulzadə, Ə.Ağayev, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ə.Nəzmi, M.Ə.Sabir, F.Köçərli, C.Cabbarlı və başqaları fanatik dindarların təzyiqlərinə məruz qalsalar da, xalqın diqqətini qadın problemlərinə yönəldərək erkən nikaha və qadın zorakılığına qarşı çıxırdılar. Azərbaycan qadınının azadlıq problemi ilk dəfə 1903-cü il martın 30-da Tiflisdə nəşrə başlayan “Şərqi-Rus” qəzetində qaldırılmışdı. Qəzetin təsisçisi, Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Məhəmməd ağa Şahtaxtlı müsəlman aləmində qadın azadlığı məsələsindən bəhs edən məqalələr çap edirdi. Onun bu mövzudakı yazıları əsasən qadın azadlığını məhdudlaşdıran və ictimai həyatdan təcrid edən problemlərə həsr olunurdu .

Nəhayət, XX əsrin ikinci onilliyindən etibarən maarifçi ziyalılarımızın gərgin səyləri nəticəsində Azərbaycan qadınları ictimai-siyasi həyatda görünməyə başladılar. Hətta onlar öz problemlərini ictimaiyyətə çatdırmaq üçün 1911-ci ilin yanvarın 22-də Xədicə Əlibəyovanın redaktorluğu ilə “İşıq” adlı qadın qəzetinin ərsəyə gəlməsinə nail oldular. Maarifçi ideyalarla gündəmə gələrək o dövrün ziyalı qadınlarını öz ətrafına toplamış bu qəzetin 1912-ci ilədək 68 nömrəsi işıq üzü görmüşdü. Artıq bu, Azərbaycan qadınının ciddi ictimai qüvvəyə çevrilməsini təsdiq edən amillərdən biri idi. Həmin dövrdə mətbuatda qadın müəlliflərinin çıxışlarının getdikcə intensiv hal alması, öz mövqelərini daha inamla ortaya qoymaları və s. Azərbaycan ziyalılarının qadın azadlığı uğrunda apardığı çətin mübarizənin nəticəsiz qalmadığını göstərirdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra qadın hüquqularının, o cümlədən ictimai həyatda fəaliyyətinin artırılması istiqamətində mühüm addımlar atılmağa başladı. Ölkə Parlamenti tərəfindən qəbul edilmiş qanunlar, xüsusilə 16 yaşınadək uşaqların işləməsinə qadağa qoyulması, qadınların səhhətinə və fiziki imkanlarına uyğun olmayan işlərə götürülməməsi, hamilə qadınlara güzəştlər edilməsi, müəssisələrdə işləyən qadınların südəmər uşaqları üçün xüsusi yerlərin ayrılması, uşaq bağçalarının açılması, məktəblərin sayının artırılması və bu kimi qərarlar Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar üçün yaradılan imkanların parlaq nümunəsi sayıla bilər.

1918-ci il mayın 28-də AXC-nin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndindəisə  bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi məsələsi öz əksini tapdı. Hüquqi və siyasi baxımdan Azərbaycan qadınını tam hürriyyətə və insan haqlarına qovuşduran bu qərarın türk və müsəlman aləmində qüvvətli bir inqilabi əhəmiyyəti oldu. İstiqlal Bəyannaməsinin digər maddələri kimi bu maddə də Azərbaycan xalqının tarixi təkamülünün məntiqi nəticəsi idi. Bununla da Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu. Müsəlman dünyasında ilk dəfə olaraq kişilərlə bərabər, qadınlara seçki hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Çünki həmin dövrdə seçki sistemində gender bərabərliyi prinsipi nəinki müsəlman Şərqində, hətta Avropa dövlətlərinin böyük əksəriyyətində öz həllini tapmamışdı. Hələ XVIII əsrin sonlarında seçki hüququ uğrunda mübarizəyə başlamış ABŞ qadınları bu hüquqlarına yalnız 1920-ci ildə senat tərəfindən Konstitusiyaya edilmiş qadınlara səs hüququ verən 19-cu düzəlişlə qovuşdular. Bundan əlavə, 1919-cu ildə Avstriyada, Almaniyada, Niderlandda, Polşada, İsveçdə, Lüksemburqda, 1918-ci ildə İngiltərədə yalnız ərli qadınlar üçün ,1931-ci ildə İspaniya və Portuqaliyada, 1946-cı ildə Fransada, 1970-ci ildə İsveçrədə qadınlara seçki hüququ verilmişdi. Göründüyü kimi, nəinki Şərqdə, hətta özlərini demokratiyanın beşiyi sayan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadınlara siyasi proseslərə qoşulmaq hüququ Azərbaycanda verilmişdi. 1918- ci il dekabrın 7-də fəaliyyətə başlayanAzərbaycan Parlamentinə keçirilmiş seçkilərdə qadınlar da iştirak etdi. Qadın problemi Parlamentin diqqətdə saxladığı əsas məsələlərdən idi. AXC Parlamentinin 10 dekabr 1918-ci il tarixində keçirilmiş II iclasındaAzərbaycan qadınlarına İslam aləmində ilk dəfə olaraq seçilmək hüququ rəsmi dövlət səviyyəsində verildi. Azərbaycanlı qadınların seçki hüquqlarının möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım bu hüquqların AXC-nin “Müəssislər Məclisinə seçkilər haqqında Əsasnamə”də öz əksini tapdı. AXC-nin Müəssislər Məclisinə seçkilər çox vaxt və ciddi hazırlıq tələb edirdi, mürəkkəb siyasi vəziyyət isə hər gün yeni məsələlərin həllini irəli sürürdü. Mövcud çətinliklərə rəğmən Parlament bir sıra hüquqi aktlar, o cümlədən “Müəssislər Məclisinə seçkilər haqqında” Qanun qəbul etdi. 1919-cu il iyulun 21 -də qəbul edilən qanunda dövlətin hakimiyyət orqanlarına qadınların seçmək və seçilmək hüquqları bir daha öz təsdiqini tapdı.

Təbii ki, Xalq Cumhuriyyətinin ömrü uzun olmadığından sonrakı illərdə gender bərabərliyinin təmin olunması istiqamətində bir sıra problemlər ortaya çıxdı. Azərbaycan müstəqillik qazandıqdan, xüsusilə də 1994-cü ildən başlayaraq ölkədə sabitliyin bərqərar olunması isə qadınların da ictimai-siyasi həyatda fəaliyyətinin artırılmasına yol açdı. Bununla bağlı ölkədə dövlət səviyyəsində bir sıra qanun və qərarlar qəbul edildi. Həmçinin Azərbaycan gender bərabərliyinin təmini üçün bəzi beynəlxalq konvensiyalara qoşuldu. Belə ki, Azərbaycan 1995-ci ildə BMT-nin "Qadınlara qarşı ayrıseçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyaya qoşuldu. 1979-cu ildə qəbul edilən, iki il sonra qüvvəyə minən Konvensiyanın digərlərindən fərqi burda sadəcə cinsi əlamətə görə qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğvinin nəzərdə tutulmasıdır. Başqa sözlə, gender neytrallığı tələbinin əvəzinə, konvensiya qadınların bərabərsizliyinin saxlanmasına xidmət edən hər hansı fəaliyyəti qadağan edir. 2001-ci ildə isə Azərbaycan ona aid Fakültativ Protokolu ratifikasiya etdi. 1998-ci ildə mərhum Prezident Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması barədə "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında”

sərəncamlar verdi. 2000-ci ildə ölkə başçısı "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzaladı. Fərman bütün dövlət strukturlarında qadınların təmsil olunma faizinin kişilərlə eyni səviyyədə olmasını nəzərdə tutur. Sonra isə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. 2006-cı ildə ölkədə "Gender bərabərliyinin təminatları haqqında” Qanun qəbul edildi.

Başqa sözlə, ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalmaqdadır. Ulu Öndərin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin edir. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurulub, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atıb. Tariximizin həssas məqamlarında Azərbaycan xanımlarının göstərdiyi sarsılmaz iradə, böyük fədakarlıq bugünkü dövlət quruculuğumuzda, cəmiyyətimizin siyasi-iqtisadi, mənəvi-sosial inkişafında yorulmadan çalışan Azərbaycan qadını üçün əvəzsiz stimuldur.

Oxunma sayı 2046