Azərbaycanda sel təhlükəsi (Araşdırma)

19:11 27.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaşadığımız yazın ikinci ayında ölkəmizdəki çaylarda sel və daşqınların ola biləcəyi ehtimalı hər birimizi narahat etməkdədir. Nəzərə alsaq ki, Azərbaycan ərazisində Aralıq dənizi iqlim tipi hakimdir (yay və qış quraq, yaz və payız yağmurlu – V.T.), bu narahatlığın əbəs olmadığı üzə çıxar. Üstəlik, dünyada gedən qlobal istiləşmə prosesi durmadan təbii tarazlığı pozduğu üçün, tarixən insanların uyğunlaşdığı yerli təbii-coğrafi şərait də sürətlə dəyişməkdədir. Bu da özünü bəzi yerlərdə quraqlıqla, digər yerdə şiddətli yağıntılarla, heç qar yağmayan yerlərdə qar yıması ilə və sair özünü göstərməkdədir. O cümlədən, sel və daşqınların baş verməsi və ya mütəmadi hal alması da insanları heyrətləndirən təbii sürprizlərdəndir.

Yaxın keçmişimizə nəzər salsaq, Azərbaycan çaylarında yaşanan sel və daşqınlar daha çox yaz (eləcə də payız) fəslində olub. Çünki bu dövrdə yağan yağışın həcmcə artması nəticəsində əksərən dağlardan düzənliyə çıxan irili-xırdalı çayların gətirdiyi lilli su kütləsi dərəsini doldurub, sahilləri basır. Elə yaxın keçmişdə bu hadisənin ölkəmizin güney bölgəsində - Masallıda şahidi olduq.

 

İrili-xırdalı qəzəbli çaylar

 

Azərbaycan ərazisində irili-xırdalı 8550-dən artıq axar sulu çay var. Bunlardan yalnız 50-sinin uzunluğu 50 kilometrdən çoxdur, hətta 7550-sinin uzunluğu 5 kilometrdən də azdır. Buna baxmayaraq, Azərbaycandakı mövcud çayların 87 faizində məhz yağış suları artdığı halda sel yaranır.

Ümumiyyətlə, Azərbaycanda çayları sistemləşdirsək, görərik ki, mövcud olduqları regionlara baxmayaraq, daşqın törədənlərin hamısı dağ çaylarıdır. Bunlar xüsusilə, Böyük Qafqazın qidalandırdığı çaylardır ki, əsasən Kür və Qanıx çaylarına tökülürlər (Mazımçay, Balakənçay, Kürmükçay, Qaraçay, Katexçay, Talaçay, Kişçay, Şinçay, Əyriçay, Daşağılçay, Türyançay, Göyçay, Girdiman, Ağsuçay, Əlicançay, Dəmiraparan, hətta ölkəmizin qərb bölgəsində Kürə tökülən Ağstafaçay, Həsənsu, Tovuzçay, Əsrikçay, Zəyəmçay, Şəmkirçay, Qoşqarçay, Gəncəçay, Kürəkçay və sair), Talış dağlarından qidalanan çaylar (Bolqarçay, Viləşçay, Lənkərançay, Astaraçay, Təngərud) və müəyyən qədər də Böyük Qafqazın şərq hissəsindəki (Samur, Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay, Gilgilçay, Şabrançay, Ataçay) Xəzərə tökülən çaylardır.

Əlbəttə, Kiçik Qafqaz (Qarabağ) dağ sistemlərində (Tərtərçay, Həkəriçay, Oxçuçay, Köndələnçay, Bərgüşadçay, Quruçay, Qarqarçay, İncəçay, Xaçınçay və sair), Naxçıvandakı yüksəkliklərdən başlayan çaylarda (Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay) və Qobustan-Abşeron çaylarında (Sumqayıtçay, Ceyrankeçməz, Pirsaat) da sel və daşqınlar tez-tez baş verir.

Bu arada qeyd edək ki, sellər də mahiyyətinə görə fərqlənir. Məsələn, əgər sel suları nisbətən də olsa, şəffafdırsa, nə qədər güclü gəlsə də, dağıdıcılığı xeyli az olur. Yox əgər sel lil-palçıqlı olarsa, dağıdıcılıq gücü dəfələrlə artır. Çünki bu halda sel gətirdiyi suxurları və digər materialları həm öz dərəsində, həm də genişlənmiş subasarında, alçaq sahillərdə çökdürməklə öz yolunda maneələr yaradır və dolayısıyla daşqının əhatəsini genişləndirir. Şəki-Zaqatala bölgəsinin, həmçinin Naxçıvanın yüksək dağlıq ərazilərinin çaylarında əsasən bu cür sellər mühahidə olunmaqdadır. 

Elmi-statistik hesabatda qeyd olunur ki, Azərbaycan ərazisində 1 milyon insan məhz sel və daşqınların yaşandığı rayonlarda yaşayır. Yəni hardasa 18 rayonda 200-dən artıq yaşayış məntəqəsi sel təhlükəsi olan ərazilərdə yerləşir. Bu da o deməkdir ki, həm insanlar təhlükədədir, həm də 1 milyon vətəndaşın qurub-yaratdığı iqtisadi-sosial infrastruktur, iqtisadiyyat. Statistikaya əsasən sel bölgələrində 300 kilometr uzunluğunda dəmir yolları, 1000 kilometrdən artıq respublika əhəmiyyətli şosse yolları, yüzlərlə körpü və qurğu, çox sayda sənaye və kənd təsərrüfatı obyektləri mövcuddur.

Dağ çaylarını çox qabardırıq, amma əlbəttə ki, Kür və Araz çaylarında da sel halları yaşanır. Amma bu çayların dərəsi çox böyük olduğundan, ən əsası, onların üzərində su anbarları tikildiyindən belə təbii falakətlər zamanı suyun səviyyəsini tənzimləmək olur. Düzdür, bəzən hövzənin qollarında sel mütəmadi hal alanda, anbarlar da köməyə çatmır. Xatırlayırsınızsa, yaxın keçmişdə Kür və Arazda suyun səviyyəsi o qədər qalxdı ki, Zərdabdan Salyanadək bütün sahilyanı yaşayış məntəqələrini su basdı. Hətta fəlakətin miqyasını azaltmaq üçün Araz çayının sahilini yarmaqla suyun bir hissəsini Cəlilabad və Masallı istiqamətində boş çöllərə axıtdılar...

Təbiətin şıltaqlığı ilə necə davranmalıyıq, mümkün fəalkətlərə necə hazırlaşmalıyıq?

 

Su gələn arxa sel gələr

 

Fikrimizcə, birincisi çay yataqlarına antropogen müdaxiləni dayandırmaq lazımdır. Yəni insanlar çay yatağındakı daş və qumdan istifadə edərkən suyun axın istiqamətinin dəyişməsinə şərait yaratmamalıdırlar. Dəfərlərlə daşqınlar məhz bu səbəbdən yaranıb. Məsələn, yataqdakı daş daşınarkən suyun axını sahillərdən birinə tərəf meylləndirilib ki, bu da sel vaxt həmin istiqamətdə sahilin yuyulmaması, torpaq sürüşməsi və suyun ətraf əraziləri basması ilə nəticələnib. Başqa bir antropogen amil insanların nə vaxtsa sel olacağını nəzərə almadan, çayların subasarında tikinti aparması, malqara saxlayıb, əkin-biçinlə məşğul olmasıdır. Bu da bəs etmirmiş kimi, yaşayış evləri çayın tam sahilində və ya mümkün sel suyunun basa biləcəyi çökək ərazilərdə tikirlər. Bu halda onlar nə vaxtsa selin gələcəyini düşünmürlər. Hansı ki, qlobal istiləşmənin yaratdığı fövqalədə vəziyyətlərdə sel sürprizləri qaçılmazdır. Məsələn, bu yaxınlarda Masallı rayonunda belə hal yaşandı. Amma çayın ətrafında böyük bir kənd yerləşsə də, sel sadəcə bir qism şəxsi təsərrüfatı basdı. Hansı ki, onların çoxu ya çayın lap sahilində yerləşirdi, ya da subasarlarda.

Bu yerdə haşiyəyə çıxaraq qardaş Türkiyədən misal çəkək. Ötən ilin avqustunda Türkiyənin Qara dəniz sahili vilayətlərində - Kastamonu, Rizə, Artvin və sairdə güclü sel hadisələri oldu. Onlarla insanın həlak olduğu, milyonlarla dollar maddi ziyanın yarandığı bu fəlakəti araşdırarkən üzə çıxdı ki, şəhər birbaşa iki dağın arası ilə axan çayın hər iki sahili boyunca salınıb. Amma son dövrlərdə şəhərsalmada əndazəni aşıblar. Yəni çayın sahilləri beton istehkamla hörülərkən yataq süni şəkildə daha da sıxılaraq, daraldılıb. Binalar çayın lap sahilində tikilib, hətta bəzilərinin bünövrəsi birbaşa çayın yatağında qazılıb. Məlum sel dalğası gələrkən ilk olaraq məhz həmin  binaları uçurub, yudu. Alimlər bu faktı nəzərə alaraq insanları çayların tarixən yaratdığı dərələri zəbt etməməyə çağırır və bildirir ki, əgər su nə vaxtsa bu dərəni yaradıbsa, mütləq oradan axa bilər. Atalar demişkən, su gələn arxa sel gələr.  

 

Bənd və istehkamlar

 

Sel və daşqınların qarşısını almaq üçün başqa əlverişli üsullardan biri bənd və istehkamların yaradılmasıdır. Baxın, Mingəçevir su anbarı tikilmədən öncə hər il Kür çayı daşaraq sahilyanı bölgələri basarmış. Ona görə də hökumətin planı və yerli əhalinin birbaşa dəstəyi ilə Kür sahili boyunca hündür torpaq tirlər – bəndlər tikildi. Məhz bundan sonra kənd evləri daşqın sularından xilas olub. Mingəçevir su anbarı tikiləndən sonra çayda axım sabitləşib və indiki dərəsi ilə Xəzərə axır. Bu gün də Ağdaş rayonunun güney kəndlərinə gedən olsa köhnə Kür yataqlarını (yerlilər axmaz deyirlər) və paralel istiqamətdə uzanan torpaq tirləri – bəndləri görə bilərlər. Həmin təcrübədən çıxış edərək, dağlıq bölgələrdəki bir çox yaşayış məntəqəsini mütəmadi sel daşqınlarından qorumaq olar.

Qəbələ, İsmayıllı, Şəki-Zaqatala, Masallı-Ləmkaran kimi dağlıq bölgələrdə elə kəndlər var ki, birbaşa çayların subasarında salınıb və hər il sel zamanı şəxsi təsərrüfatlar, əkin sahələri, bağlar, yollar suyun altında qalır. Nəzərə alaq ki, dağlıq bölgələrdə yüksək meyllilik səbəbindən axın olduqca güclü olur və kəndlərin yerləşdiyi geniş dərəyə çıxarkən sürət yavaşıyır və su en istiqamətində yayılır. Bunun qarşısını almaq üçün çayın azsulu dövründə yataq gətirmə çöküntülərdən təmizlənməli, mümkün hallarda daha alçaq sahillərdə istinad divarları tikilməlidir. Dərə təmiz olduqda və mümkün təqdirdə istinad divarları da tikildikdə, sürətli axın öz yoluyla axıb gedəcək. Amma yenə deyirəm, çayın dərəsi insanlar tərəfindən mənimsənilməsin...

 

Su anbarları...

 

Sel və daşqınların qarşısını almaq üçün ən vacib amillərdən biri və bəlkə də birincisi isə çayların qarşısında – elmi baxımdan əsaslandırılmış bölgələrdə iri bəndlərin tikilərək, su anbarlarının yaradılması ola bilər. Bu üsul daha çox iri çaylar üçün xarakterik olsa da, qlobal istiləşmədən asılı olaraq, içməli və suvarma suyuna tələbatın ildən-ilə həndəsi sürətlə artdığı bir vaxtda kiçik çaylarda da su anbarlarının tikilməsi vacibdir. Yuxarıda qeyd etdiyimiz kimi, dağ çayları yüksək sürətli olduğundan burada yaradılan su anbarları həm uzun və quraq yay dövrü üçün fərqli bölgələrdə böyük depolamasına, həm də yerli əhəmiyyətli də olsa, elektrik enerjisinin istehsalına şərait yaradar. Bu halda yazın yağışlı aylarında çayda suyun səviyyəsi artanda anbarda toplanar və sel tehlükəsini avtomatik aradan qaldırar. Bayq da qeyd etdiyimiz kimi, məhz Mingəçevir su anbarının tikilməsi Mərkəzi Aran bölgəsinin yaşayış məntəqələrini və min hektarlarla əkin sahələrini daşqınlardan xilas elədi.

Yazının əvvəlində selə meylli çayların bir çoxunun adını qeyd etmişdik və hərəsi də respublikamızın bir bölgəsindədir. Bu qədər çayın üzərində su anbarlarının yaradılması, əlbəttə, böyük maliyyə xərci tələb edir, amma nəticədə nə qədər enerji istehsalına, nə qədər torpağın suvarılmasına, insanların içməli su ilə təchizatına, həmin anbarlarda lazım olduqda balıqçılıq təəsrrüfatı yaradıldığı halda bazarların balıq əti ilə təmin edilməsinə şərait yaranacaq ki, bu da öz növbəsində gələcəkdə qeyri-neft sektorunun inkişafına və dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasına imkan yaradacaq.

Göründüyü ki, təbiət özünün bir hissəsi olan insanları öldürmək istəmir, əksinə, onlara daha geniş imkanlar təqdim edir. Üsulu sərtdir, amma bu insanları düşünməyə məcbur etmək üçündür. Odur ki, işindən-peşəsindən, vəzifəsindən asılı olmayaraq insanlar oturub düşünməlidir: nə edək ki, təbiətin qəzəbindən yan keçək və həm də ondan faydalanaq...