İran parlamentinin Azərbayacan əleyhinə bəyanatını qərəzli hesab edirəm. Bu, normal qonşuluq münasibətlərinə sığmayan siyasi aktdır.
Bunu hafta.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli İran parlamentinin İsraildə səfirlik açdığımız üçün 210 səslə ölkəmiz əleyhinə bəyanat qəbul etməsi ilə açıqlamasında bildirib.
Politoloq bu bəyatatı Azərbaycanın daxili işlərinə qarışmaq, siyasi suverenliyinə, müstəqilliyinə hərmətsizlik kimi qəbul etdiyini bildirib.
“Azərbaycanın İsraildə səfirlik açmasının İrana nə aidiyyatı var.Bu günə qədər İran Azərbayacan torpaqlarını işğal edən bir dövlətlə nəinki əlaqələr qurub, diplomatik münasibətlər yaradıb, bu dövlətə həm siyasi, həm diplomatik, həm mənəvi, təhlüksəzilik nöqteyi -nəzərdən ciddi dəstək verib. Belə bir siyasət yürüdən dövlətin durub Azərbaycanı İsraillə münasibətlərə görə ittiham etməsi absurddur, heç bir məntiqə sığmır. Hesab edirəm ki, İran parlamentinin bu qərarı onsuz da iki ölkə arasında olan problemli münasibətləri daha da gərginləşdirməyə xidmət edir”.
Qeyd edək ki, məlum bəyanatda İsraildə səfirliyin açılması “məzlum fələstinlilərin fundamental hüquqlarının pozulması” kimi qələmə verilib və bütün müsəlman ölkələri, habelə İslam Əməkdaşlıq Təşkilatı Bakının bu addımını qınamağa çağırılıb.
Eyni zamanda Bəyanatda bildirilir ki, bu faktın “Azərbaycan üçün çoxlu mənfi siyasi nəticələri olacaq”. İran XİN-ə bununla bağlı “zəruri addımlar” atmaq tövsiyə edilib.
Politoloq qeyd edib ki, İran yaxşı olardı ki, Azərbaycan ərazilərində müsəlmanlara qarşı soyqırımlar törədən işğalçı Ermənistanın bu gün də apardığı mənfur siyasətə qarşı çıxışlar etsin və hansı səbəblə işğalçı və cinayətkarı qınamadığının səbəblərini açıqlasın.
“Yaxud, İran işğalçı bir dövlətlə müttəfiqlik əlaqələrini gücləndirib Ermənistanda səfirlik və konsulluqlar açan zaman niyə milyonlarla azərbaycanlıların-müsəlmanın ermənilər tərəfindən hüquqlarının pozulmasını düşünmədi və İslam Əməkdaşlıq Təşkilatına müraciət etmədi. İranın din adı ilə bu cür çıxışlar etməsi absurd və cəfəngiyyat olmaqla yanaşı, məntiqsizliyin, islam dininə hörmətsizliyin nümayişidir. Azərbaycan müstəqil bir dövlət olaraq, ona dost olan hər bir dövlətlə yaxşı münasibətlər qura bilər. İran Azərbaycanı heç nə ilə təhdid edə bilməz. Yaxud İran XİN-i Azərbaycanın İsraildə səfirlik açdığına görə hansı zəruri addımları ata bilər. Azərbaycan müstəqil bir dövlətdir və İran heç bir halda bu cür bəyanatlarla ölkəmizin daxili işlərinə qarışmamalıdır”.