Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Malyariyaya yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üzrə Texniki Məsləhət Qrupunun üzvlərinin iştirak etdiyi missiyanın Azərbaycana iki həftəlik səfəri yekunlaşıb.
Hafta.az ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, malyariya ilə mübarizə üçün təşkil olunan nəzarət və cavab tədbirləri sisteminin effektivliyi və dayanıqlılığını öyrənmək məqsədilə insan resursları, maliyyə, infrastruktur, sənədləşmə kimi komponentlərin dəyərləndirilməsini nəzərdə tutan bu missiyanın müəyyən etdiyi nəticələr əsasında Azərbaycanın ÜST tərəfindən “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılması gözlənilir.
Missiya çərçivəsində ekspertlər mərkəzi və regional səviyyələrdə malyariya ilə multisektoral mübarizədə iştirak edən qurumlarla bir sıra görüşlər keçiriblər. Bu qurumlar arasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Milli Məclisin Səhiyyə Komitəsi, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Tibb Universiteti, “Azərbaycan Dəmir Yolları” və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətlərinin epidemioloji nəzarət bölmələri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin təmsilçiləri iştirak edib. Eyni zamanda missiya çərçivəsində Lənkəran, Biləsuvar və Sabirabad rayonlarının mərkəzi xəstəxanaları və gigiyena və epidemiologiya mərkəzlərinə səfərlər təşkil olunub.
Missiyanın son günündə Səhiyyə Nazirliyində debrifinq keçirilib və sertifikatlaşdırılma prosesinin növbəti mərhələləri müzakirə olunub.