Azərbaycanla Hindistan arasında birbaşa hava reysləri fəaliyyətə başladı

15:30 10.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avqustun 9-dan etibarən Azərbaycan Hava Yolları Bakı ilə Hindistanın paytaxtı Dehli şəhəri arasında birbaşa uçuşlara başlayıb.

Hafta.az-ın yazdığına görə, Hindistanın ölkəmizdəki Səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar avqustun 10-da Heydər Əliyev Beynəlxalq Hava Limanında Dehlidən Bakıya ilk birbaşa reyslə gələn sərnişinləri qarşılayarkən, reyslərin həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri Bakıdan Dehliyə, çərşənbə və şənbə günləri isə Dehlidən Bakıya həyata keçiriləcəyini bildirib. Dehlinin İndira Qandi Beynəlxalq Hava Limanından Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına uçuş təxminən 4 saat çəkir.

Bollivudun bir sıra məşhur simaları Dehlidən Bakıya ilk uçuşla gəliblər. Onlar Heydər Əliyev Beynəlxalq Hava Limanında ənənəvi Azərbaycan rəqsləri ilə qarşılanıblar. Tədbir zamanı V.Kumar iki ölkə arasında sıx tarixi və mədəni əlaqələrin olduğunu qeyd edərək, iki ölkə arasında birbaşa aviareyslərin iqtisadiyyat, mədəniyyət və turizm kimi müxtəlif sektorlarda ikitərəfli əməkdaşlığı daha da gücləndirəcəyini bildirib.

Səfirliyinin müvəqqəti işlər vəkili vurğulayıb ki, daha sürətli və rahat nəqliyyat əlaqəsi, eləcə də asan elektron viza prosedurlarının köməyi ilə daha çox azərbaycanlı turist Hindistanda çoxsaylı təbii-landşaft obyektləri, zəngin təbbi və milli irs, tarixi, coğrafi və mədəni müxtəlifliklər də daxil olmaqla cəlbedici turizm istiqamətlərinin geniş müxtəlifliyindən faydalana bilərlər.

2021-ci ilin yanvar-dekabr aylarında Hindistanla Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 739,1 milyon dollar təşkil edib. 2022-ci ilin yanvar-iyun ayları ərzində ticarət dövriyyəsi isə ötən ilin eyni dövrü ilə müqayisədə 107,7 faiz artaraq 895,95 milyon dollar həcmində olub. Hindistan hazırda Azərbaycan üçün dördüncü ən böyük ixrac ölkəsidir.

Cənab Kumar əlavə edib ki, iki ölkə arasında birbaşa aviareysin ikitərəfli ticarəti daha da inkişaf etdirəcəyi gözlənilir.

Oxunma sayı 428