Təşkil olunan görüş “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası çərçivəsində ümumilikdə sayca 155-ci, sahibkarlarla isə 40-cı görüşümüzdür. Məqsədimiz sahibkarların problemini yerindəcə dinləmək və “Azəriqaz”ın səlahiyyətləri çərçivəsində mövcud problem və təkliflərinizin həlli istiqamətində sizə köməklik etməkdən ibarətdir.
İB-dən hafta.az-a bildirilib ki, bu sözləri “Azəriqaz”ın baş direktorunun satış üzrə müavini Rəşad Cavadov “Açıq mikrofon” aksiyası çərçivəsində Şəmkir şəhərində sahibkarlıq subyektləri ilə keçirilən görüş zamanı deyib.
“Açıq mikrofon”a üz tutan sahibkarların müraciətləri əsasən istehlak etdikləri təbii qazın həcminə görə yaranan debitor borcun hissə-hissə ödənişini təmin etməklə istixanalara təbii qazın verilməsi ilə bağlı olub. Aksiyaya Tovuz rayonunun Alakol kəndindən üz tutan sahibkarlıq subyekti qaz xəttinin yerinin dəyişdirilməsini (əlavə qapı keçidinin quraşdırılmasını) xahiş edib. Rəşad Cavadov daxil olan müraciətlərin araşdırılmasına dair lazımi tapşırıq verib.
Görüşdə baş direktorun müavini ilə birgə Şəmkir Şəhər İcra Hakimiyyətinin başçısının müavini Süleyman Zeynallı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri, həmçinin “Azəriqaz”ın digər məsul şəxsləri iştirak ediblər.