Bakı Zooloji Parkında gördüklərimiz - REPORTAJ

11:04 18.11.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bildiyiniz kimi, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkı ötən ay qapılarını ziyarətçilərinin üzünə açdı. Hazırda Zooparka giriş qiymətləri böyüklər üçün 5 manat, kiçiklər üçün 2 manat, qazilər və övladları, I-II-III qrup Vətən müharibəsi əlilləri, şagird və tələbələr üçün 2 manat təşkil edir. Həmçinin 3 yaşa qədər uşaqlar, şəhid ailələri, uşaq evləri və internat məktəbləri  parkdan pulsuz yararlana bilirlər.

Hafta.az-ın əməkdaşı açılışdan bir müddət keçdikdən buradakı vəziyyətlə tanış olmaq üçün Bakı Zooloji Parkına üz tutdu.

COVID pasportu olmayanlar...

Təzə açılan vaxtlarda önündə yaranmış uzun növbələrlə daha çox gündəmə gələn parkın girişində indi bir xeyli seyrəklik müşahidə edilirdi. Bundan başqa, COVID pasportu olmayan vətəndaşlara bilet satılmayacağı deyilsə də, girişdə bu işə nəzarət edən heç kəsi görmədik.

Parkın daxilində addımbaşı istiqamətgöstərici lövhələr rastımıza çıxırdı. Bütün qəfəslərin önünə, “Heyvanları yemləməyin!” kimi bildiriş lövhələri qoyulsa da, mütəmadi olaraq bu tələb səsucaldıcılar vasitəsilə də diqqətə çatdırılırdı. Görünür, vətəndaşlarımız heyvanları bəsləməyə yaman maraqlıdır.

Aquaterrarium

İlk olaraq gəzintimizə aylardır haqqında ağızdolusu bəhs edilən və açılışı böyük səbirsizliklə gözlənilən aquaterrariumdan başlayaq. Qara rəngə boyanmış tuneli iri camlar arxasındakı su heyvanları bəzəyir, mənzərə isə daha çox balacaları heyran qoyurdu.

Hər bir heyvan növünün saxlanıldığı yerlərin önünə onlar haqqında 3 dildə - Azərbaycan, ingilis və rus dillərində məlumat lövhələri qoyulub. Ətraflı məlumat almaq istəyən ziyarətçilər üçün “QR” oxuyucular vasitəsilə əldə edilə biləcək geniş bilgilərin yer aldığı hissədə verilib.

Restoranlarda qiymətlər

Parkın ərazisində ziyarətçilərə popkorn (2 manat), su (1 manat), şirin pambıq (1.50 qəpik) satan səyyar satış məntəqələri də var idi.

Zooloji Parkda yemək istəyən vətəndaşlar üçün də lazımi şərait mövcuddur. Pandemiya tədbirlərinə uyğun olaraq girişlərdə əllərin təmizlənməsi üçün antibakterial məhlullar yerləşdirilib, içəriyə tibbi maskasız daxil olmaq qadağan edilib.

Restorana girib menyu ilə tanış olduq. Məlumat üçün deyək ki, ən çox tələbat olan yeməklərdən – kartof frinin bir porsunun qiyməti 3 manatdan başlayır. Salatlar üçün bu qiymət 6-7 manatdan ibarətdir.

Gündə 30 kiloqram ət yeyən aslan

Restoranın keçidi ilə irəliləyirdik ki, aslanların qəfəsinin önündə dayanıb təmizlik işləri aparan işçi ilə həmsöhbət olduq. Deyir, burada heyvanların yemləndiyi saatlar səhərlərdir, hələ vətəndaşlar içəri girməmişdən öncə.

“İndi qəfəsdə 2 aslan var. Bir aslan gündə 30 kiloqramdan çox ət yeyir. Yemləmə burada yox, xüsusi yerdə həyata keçirilir. Demək olar ki, bütün heyvanlara yem səhərlər verilir”.

Zooparkın ərazisinə quşbaxışı nəzər yetirmək istəyən vətəndaşlar üçün tam ortalıqda hündür poliqon quraşdırılıb. Bura çıxmaq və yuxarıdan mənzərəni görmək istəyənlər gərək özlərini bir qədər əziyyətə salsınlar. Poliqonda lift işləmir, yuxarı çıxmaq istəyənlər məcbur qalıb pilləkənlərdən istifadə etməli olurlar.

Hə, bir də burada balacaların minməsinə icazə verilən yəhərlənmiş poni də saxlanılır. Ona minib saxlanıldığı yerdə 3 dövrə vurmağın qiyməti azyaşlılar üçün 1 manatdır.

Elektron məlumat lövhələri

Böyük ərazini gəzdikcə müxtəlif yerləri, qəfəsləri və heyvan saxlanclarını göstərən tablolar, həmçinin  ara-sıra qoyulmuş və məkan barəsində zəruri məlumatları özündə cəmləşdirən elektron lövhələr qarşımıza çıxırdı. Əlbəttə, belə böyük parkda məlumat lövhəsi olmadan ekskursiya etmək xeyli qəliz olardı.

Üstəlik, ətrafda məlumat ala biləcək nəzarətçilər də yoxdur. Burada bütün proseslər ya elektronlaşdırılıb, ya da lövhələr vasitəsilə lazımi bildirişlər vətəndaşlara çatdırılır.

Qiymətlərin bahalığından şikayət

Zooparkın çıxışında gələn qonaqlara buradan xatirə qalması üçün əşya satın ala biləcəklər kiçik mağaza da mövcuddur. Üzərində cürbəcür heyvanların fotoları əks olunmuş, köynəklər, fincanlar, papaq və çantalar ziyarətçilərin diqqətini çəksə də, apardığımız müşahidələrdən belə qənaətə gəldik ki, bəzi vətəndaşlar qiymətlərin bahalığından şikayətlənir. Yəni hamı baxır, bəyənir, amma almağa gələndə bahalıqdan gileylənirlər.

Nəzərinizə çatdıraq ki, üzərində heyvan rəsmi əks olunmuş bir fincanın qiyməti 10 manatadır. Qısaqol köynəklər 20-25, çantalar 21-30 , balaca heyvan fiqurlu aksessuarlar isə 2-8-10 manata alıcılarına təklif olunur.

Mağaza Bakı Zooloji Parkı daxilində gəzdiyimiz son məkan oldu. Daha sonra buradan ayrılıb yolumuza davam etdik. Bir məqamı diqqətinizə çatdırmaq istərdik ki, Zoopark asudə vaxtlarını səmərəli keçirmək və övladları ilə yeni kəşflərə çıxmaq istəyən hər kəsin mədəni istirahət edə bilməsi üçün əvəzsiz məkandır. Mütəxəssislər sübut edib ki, heyvanlarla canlı təmas, onların səsini eşidib davranışlarına şahid olmaq psixoloji olaraq insan beyninə müsbət təsir göstərir.

Qeyd edək ki, Bakıda ilk Zoopark 1928-ci ildə Xətai rayonundakı Nizami parkının ərazisində açılıb. 1958-ci ildə isə Bayıl ərazisində yeni Heyvanat Parkı fəaliyyətə başlayıb. 1985-ci ildə torpaq sürüşməsindən sonra Zoopark Bayıldan indiki ərazisinə köçürülüb. Əvvəllər ərazinin təmirsiz olması ilə yanaşı, heyvanların saxlanıldığı yerlər də yararsız vəziyyətdə idi. İkiillik təmir prosesindən sonra, Zooparkın ərazisi iki dəfə böyüdülərək 4,25 hektara çatdırılıb. Parkda 125 heyvan növü var. Onlardan 62-si akvaterrariumdadır. Həmçinin ərazidə uşaq meydançası, lektoriya və elektron bələdçi sistemi mövcuddur. Zooparkın sakinləri üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl və hovuzlar, baytarlıq klinikası inşa edilib.

Oxunma sayı 162