Bakıda şəxsi avtomobillərə YÜKSƏK VERGİ TƏTBİQ EDİLƏCƏK?

18:19 12.09.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gündən sonra Azərbaycanda yeni tədris dərslər başlayacaq. Proqnozlara görə, yeni dərs ilinin başlaması ilə paytaxt küçələrində bəlkə də son illər rast gəlmədiyimiz tıxaclara şahidlik edəcəyik.

Bəzi mütəxəssislər isə hesab edirlər ki, paytaxt yollarında tıxacların aradan qaldırılması üçün şəxsi avtomobillərdən istifadəni maksimum dərəcədə azaltmaq lazımdır. Bu məqsədlə paytaxtda şəxsi avtomobillərdən istifadəyə görə yüksək məbləğdə vergilərin tətbiq olunması, vətəndaşlar arasında ictimai nəqliyyatdan istifadənin təşviq edilməsi təklif olunur. Bəs, görəsən, bu təklifin reallaşması nə dərəcədə mümkündür? Sözügedən təklif paytaxtdakı tıxacların aradan qaldırılması üçün çıxış yolu ola bilərmi?

Məsələni hafta.az-a şərh edən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, belə bir təklifin heç bir əsası yoxdur: “Bu olduqca absurd təklifdir, heç bir əsası da yoxdur. Bəzən belə təkliflər ortaya atılır ki, insanların fikri əsas məsələdən yayınsın. Bu cür təkliflərlə cəmiyyətdə ajiotaj yaratmaq istəyirlər. Bu yəqin ki də təklif olaraq qalacaq. Əslində Bakıda tıxac problemi daim mövcud olub və bundan sonrakı illər üçün də müsbətə doğru bir dəyişiklik gözlənilmir. Tıxacların qarşısının alınması və ya azaldılması ilə bağlı Bakı şəhərində hansısa bir tədbirlərin görülməsinin şahidi olmamışam. Ona görə də dərslər başlayandan sonra sıxlıq və tıxacların artması istisna deyil”.