Azərbaycanda yeni tədris ili dərsləri başlayır. Proqnozlara görə, yeni dərs ilinin başlanması ilə paytaxt küçələrində bəlkə də son illər rast gəlmədiyimiz tıxaclara şahidlik edəcəyik. Bunun səbəbləri müxtəlifdir. Ekspertlər hesab edirlər ki, ilk növbədə, metropoliten yerində sayır.
On ildə bir stansiyanın istismara verilməsi qənaətbəxş hesab olunmur. Paytaxtın ictimai nəqliyyatının bel sütunu olan avtobuslarla sərnişindaşıma çox ciddi iqtisadi, texniki və təşkilati böhran yaşayır. Dövlətin ciddi dəstəyi və müdaxiləsi olmasa, bu sektorun çöküşü çox uzaqda deyil. Qiymətlərin ucuzlaşması son illərdə taksi minik avtomobillərinin sayının dəfələrlə artmasına gətirib çıxarıb. Ən pisi isə odur ki, hansısa dövlət qurumunun bu bəlanı həll etmək istiqamətində aydın fəaliyyət planı, ideyası yoxdur. Bəzi mütəxəssislər isə hesab edirlər ki, paytaxt yollarında tıxacların aradan qaldırılması üçün şəxsi avtomobillərdən istifadəni maksimum dərəcədə azaltmaq lazımdır. Bu məqsədlə paytaxtda şəxsi avtomobillərdən istifadəyə görə yüksək məbləğdə vergilərin tətbiq olunması, vətəndaşlar arasında ictimai nəqliyyatdan istifadənin təşviq edilməsi təklif olunur?
Bəs, görəsən, bu təklifin reallaşması nə dərəcədə mümkündür? Sözügedən təklif paytaxtdakı tıxacların aradan qaldırılması üçün çıxış yolu ola bilərmi?
Məsələni hafta.az-a şərh edən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, belə bir təklifin heç bir əsası yoxdur: “Bu olduqca absurd təklifdir, heç bir əsası da yoxdur. Bəzən belə təkliflər ortaya atılır ki, insanların fikri əsas məsələdən yayınsın. Bu cür təkliflərlə cəmiyyətdə ajiotaj yaratmaq istəyirlər. Bu, yəqin ki, təklif olaraq qalacaq. Əslində, Bakıda tıxac problemi daim mövcud olub və bundansonrakı illər üçün də müsbətə doğru dəyişiklik gözlənilmir. Tıxacların qarşısının alınması və ya azaldılması ilə bağlı Bakı şəhərində hansısa tədbirlərin görülməsinin şahidi olmamışam. Ona görə də dərslər başlayandan sonra sıxlıq və tıxacların artması istisna deyil”.
Ekspert vurğulayır ki, paytaxtdakı tıxacların obyektiv və subyektiv səbəbləri var və indiyədək tam aradan qaldırılmasa da, mərhələ-mərhələ sıxlığın qarşısını almaq olardı: “Əvvəlcə infrastrukturun yenilənməsinə, modernləşdirilməsinə ehtiyac var. Bakı şəhərindəki tıxacların səbəblərindən biri köhnə, yararsız avtomobillərin çoxluğudur. Bütün bölgələrdən Bakıya işləmək üçün çoxlu vətəndaş gəlir və onlar rahat hərəkəti təmin etməkdən ötrü ucuz və köhnə avtomobillər alırlar. Hazırda ictimai nəqliyyat əlçatan deyil. Vacib olan ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsidir. Vətəndaşlara yüksək xidmət göstərilsə, onlar fərdi nəqliyyat və ya taksilərdən deyil, məhz marşrutlardan istifadə edərdi. Bu sahədə vəziyyət ürəkaçan olmadığından, tıxacların qarşısını almaq mümkün olmayacaq. Digər tərəfdən, parklanma problemi, yollarda təmir-tikinti işlərinin müvafiq vaxtlarda aparılmaması, hər hansı sahibkar tərəfindən yolun bir hissəsinin zəbt olunaraq obyektin tikilməsi kimi hallar tıxacların yaranmasının səbəbidir və s. Aidiyyəti qurum və təşkilatlar bu məsələləri mərhələli həll etmək əvəzinə, ara-sıra mediaya və ya sosial şəbəkələrə ağlasığmaz “ideyalar” atırlar. Nəticədə, öz səriştəsizliklərini ört-bastır etməyə çalışırlar. Halbuki Bakıda tıxacları mərhələli şəkildə aradan qaldırmaq mümkündür. Bunun üçün sadəcə istək lazımdır. 2018-ci ildə cənab Prezident “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nı imzalayıb. Həmin Dövlət Proqramı həm də bir növ yol xəritəsidir. Sadəcə həmin sənəddə yer alan müddəaları həyata keçirmək kifayətdir ki, Bakının tıxac problemi həllini tapsın. Amma aidiyyəti qurumlar hansısa maraqlara görə bu sənədin icrasını həyata keçirməkdə istəkli deyillər”.