Bayram yarmakaları – qiymətlər və çeşidlər - REPORTAJ

17:28 28.12.2020 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Qarşıdan 31 dekabr, Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni İl bayramı gəlir. Hər il olduğu kimi, bu il də paytaxtın bir neçə nöqtəsində bayram yarmarkaları təşkil olunub. Qış yarmarkasının təşkilində əsas məqsədi bayram  öncəsi yarana biləcək süni qiymət artımının qarşısını almaq, şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatını yüksək şəkildə təmin etməkdir.

Hafta.az-ın əməkdaşı, buradakı məhsulların növləri, çeşidləri və qiymətləri ilə elə yerindəcə maraqlandı.

Əvvəlcə onu qeyd edək ki, yarmarkada nəzərə çarpan müştəri sıxlığı var idi. Pandemiyanı göz önünə gətirsək, bu sağlamlıq üçün bir qədər təhlükə yarada bilər. Lakin, elə çadırın girişində, müştərilərin hərarətinə nəzarət edən şəxslə qarşılaşdıq. İçəridə də, addım başı dezinfeksiya edici məhlulların quraşdırıldığını görmək olurdu. Satıcılar özləri də, qorunma tədbirlərinə xüsusi diqqət göstərirdi. Elə isə, gələk əsas məsələyə, məhsullar və qiymətləri.

Yarmarkada meyvə, tərəvəz, çərəzlər, ət, dəniz və süd məhsulları,  bir sözlə bayram süfrəsi hazırlamaq üçün lazım olan bütün ərzaqlar mövcud idi. Qiymətlər isə məhsulun növünə görə dəyişirdi. Yarmarkada meyvə-tərəvəz məhsulları bu qiymətlərdən başlayaraq satılır:

Kartof – 0.90

Soğan – 0.80

Pomidor – 0.80

Alma – 0.70

Armud – 1.60

Heyva – 1.30

Mandarin – 1.30

Qoz ləpəsi – 7.00

Fındıq – 6.00

Gavalı qurusu – 3.00

Albuxara - 5.00

Nar – 1.20

Ananas – 3.00

Üzüm – 2.40

İçəridə hər nə qədər müştəri sıxlığı müşahidə etsək də vəziyyəti bir də satıcıların öz dilindən eşidək dedik.

İlk olaraq piştaxtalara düzülmüş, bir-birindən fərqli qiymətlərlə müştərilərə təklif edilən balıqlar diqqətimizi çəkdi. Satıcıya (Zaur Əlizadə) yaxınlaşıb, bir qədər  söhbət etdik. O deyir ki, hazırda balıqların qiyməti olduqca ucuzdur. Üstəlik, satılan bütün məhsullar yerlidir.

“Satışda olan ən bahalı balığımız “Şəmkir Fareli”dir, qiyməti 13 manatdır. Ən ucuz isə, “Xanı” balığıdır ki, onun da qiyməti 7 manatdan başlayır. Müştərilər daha çox Farelə üstünlük verir”.

Zaur bəy onu da qeyd etdi ki, yarmarkanın fəaliyyəti bu il yanvar ayının 30-a kimi davam edəcək: “Bizdə olan məlumat belədir. Təzə ildən pandemiya ilə əlaqədar olaraq, vəziyyətin nə cür olacağı hələki bilinmir”.

Süd və süd məhsullarının satışı ilə məşğul olan şəxs isə deyir ki, bu günlərdə müştərilər əsasən pendir, xama, yağ və bala üstünlük verirlər. Pendirlərin qiyməti, kilosu 5-6, balın isə 20-25 manatdan başlayaraq dəyişir. Məhsullar hər biri yerli istehsala aiddir. Bal isə Daşkəsən rayonundan gətirilib.

Tərəvəzlərin satışını həyata keçirən Elgün bəyin sözlərinə görə hazırda, ən çox alınan məhsul kartof və soğandır. Onun fikrincə qiymətlər də münasibdir:

“Elə mənim yaşadığım ərazidə, marketlərdə kartofun 1 kiloqramının qiyməti, 1.20-dən aşağı deyil, bizdə isə 0.90-dır. soğanın da qiyməti 0.80 qəpikdən başlayaraq dəyişir. Alıcılar özləri də qiymətlərdən razılıq edir”.

Yarmarkada təklif olunan qoz ləpələrinin qiyməti 7 manatdan başlasa da, 17 manata qədər qalxırdı. Satıcılar isə fərqin elə də böyük olmadığını sadəcə, “Ağ ləpə” və “Qara ləpə” kimi növlərə görə qiymətin dəyişdiyini deyirlər.

Piştaxtalara nəzər yetirib, satıcılarla söhbətimizdən bir nəticəyə gəlmək olur. Hər birinin dediyi ümumi cümlə var idi, “Məqsədimiz odur ki, bütün ailələrdə bayram süfrəsi qurulsun”.

Bayram axşamlarında süfrələrin vazkeçilməzi isə, milli mətbəximizin inciləri, xörəklər və plovdur. Elə buna görə də, ət məhsullarının qiymətləri ilə maraqlandıq. Satıcının sözlərinə görə, qiymətlər hazırda başqa yerlərdəkinə nisbətən xeyli ucuzdur:

“Mən bu gün marketlərin birində gördüm ki, sümüksüz mal ətinin 1 kilosu 16 manata satılır. Ancaq, bizdə, sümüksüz ətin 1 kiloqramının qiyməti 13, sümüklü ətin isə, 9.50 manatdır”.

Elə söhbətin bu yerində qiymətlərlə maraqlanan alıcıya yaxınlaşdıq. Xavər xanım çeşidlərin bolluğundan və məhsulun keyfiyyətindən bir xeyli razılıq etdi:

“Hələ alış-verişə indi başlamışam. Əvvəlcə bütün məhsulların qiymətlərinə baxdım, qaldı almaq(gülür). Düzünü desəm meyvələrin qiyməti mağazalardakından elə də fərqlənmir. Tərəvəzlər və ət məhsulları isə burada nisbətən ucuzdur. Hələki bircə bal almışam, onun da həm qiymətindən, həm də  keyfiyyətindən razıyam”.

Başqa bir müştəri isə deyir ki, qiymətlər ucuzdur, ancaq, bu hər məhsula aid deyil:

“Hər il bayram qabağı, bazarlığı yarmarkadan edirəm. Bu il meyvələrin qiymətində marketlərdəkindən böyük fərq görmədim. Düyü, ət isə nüsbətən ucuzdur. Meyvə qurusu, xurma da almışam, onların da qiymətindən razıyam”.

Yarmarkadakı müşahidələrimizdən belə söyləyə bilərik ki, bu gün onlar öz fəaliyyətlərini normal şəkildə davam etdirə bilir. Buradan məhsul alıb-almamaq isə qalır alıcıların ixtiyarına. Axı, eyni  məhsulu market, bazar və yarmarkalar müştəriyə müxtəlif qiymətlərlə təklif edir. Əsas olan alınan məhsulun keyfiyyətidir. Hər birinizə xoş alış-veriş və zəngin bayram süfrəsi diləyi ilə...