BƏƏ səfirliyi “UAE innovates 2023”ün təqdimatını keçirib

12:33 09.02.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səfirliyi “UAE innovates 2023” təqdimatını keçirib.

Hafta.az-ın yazdığına görə, tədbiri giriş sözü ilə açan BƏƏ-nin ölkəmizdəki diplomatik missiyası rəhbərinin müavini Abdalla əl-Şəmsi deyib ki, innovasiyalar iqtisadi artımı təşviq etmək, rəqabət qabiliyyətini artırmaq və yeni iş imkanları təmin etmək üçün açardır: “1971-ci ildə təsis edildiyi gündən etibarən Birləşmiş Ərəb Əmirlikləri sosial və iqtisadi statusunu yüksəltməklə daim innovasiya və yaradıcılıq simvolu kimi fərqlənib”.

O, qeyd edib ki, "UAE Innovates" ümummilli səviyyədə qeyd olunur və dünyanın ən böyük innovasiya festivallarından biridir. "UAE Innovates" hökumətin, özəl sektorun və fərdlərin geniş yayılmış innovasiya mədəniyyətinin yaradılmasına kömək etmək üçün birgə səyidir.

BƏƏ İnnovasiyalar Mükafatı 2021-ci ilin fevralında təqdim edilib. “Bu, BƏƏ-nin innovativ ideyaları və onların hökumət sektorunda tətbiqini dəstəkləmək və BƏƏ-nin dünya miqyasında ən innovativ ölkələrdən biri kimi mövqeyini təşviq etmək üzrə davamlı səylərinə müvafiqdir“, - Əl-Şəmsi vurğulayıb.

BƏƏ-nin Kabinet işləri naziri Məhəmməd bin Abdullah əl-Qərqavinin Bakıya səfərini xatırladan Əl-Şəmsi qeyd edib ki, BƏƏ və Azərbaycan xalqlarımızın rifahına xidmət edən innovasiyalara böyük önəm verir.

Daha sonra tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin məsləhətçisi Ləman Qənbərova, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Dövlət xidmətlərinin dizaynı və innovasiyalar şöbəsinin müdiri Səmral Əliyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İnnovasiya ekosistemi departamentinin rəhbəri İgor Ovçarenko və Agentliyin PR meneceri Günel Əhmədovanın Azərbaycanda innovasiyalar, start-uplar, BƏƏ ilə bu sahədə əməkdaşlığın perspektivləri və imkanlar barəsində çıxışları ilə davam edib.