Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari Hindistanın baş naziri Narendra Modininin ünvanına təhqiramiz ifadə işlətdiyinə görə onun başına 20 milyon Hindistan rupisi (təxminən 411 min manat və ya 242 min dollar) mükafat qoyulub.
Hafta.az-ın yazdığına görə, cənab Zərdari bu barədə Bloomberg-ə müsahibəsində deyib. O bildirib ki, başına pul mükafatı qoyan şəxs Modinin hakim Bharatiya Janata Partiyasından (BJP) Manupal Bansaldır.
Uttar Pradeş əyalətinin Bagpat bölgəsinin lideri olan Bansal, Zərdarinin keçən həftə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) bəyanatlarından sonra keçirilən etirazlarda, “nazirin başını gətirənə 20 milyon rupi verəcəyini bəyan edib. Bansal Modinin təhqir edilməsinin yolverilməz olduğunu və pul mükafatını şəxsən təqdim edəcəyini bildirib.
Xatırladaq ki, BMT TŞ-nın dekabrın 15-də qlobal miqyasda artan terror hadisələrinin müzakirə edildiyi iclasında Zərdari ilə hindistanlı həmkarı Subramanyam Cayşankar arasında söz atışması yaşanıb.
Cayşankar xatırladıb ki, 11 sentyabr terrorundan sonra "Əl-Qaidə" lideri Usamə bin Laden Pakistanın Abbottabad şəhərində gizlənib və ABŞ-ın təşkil etdiyi əməliyyatda öldürülüb.
Buna cavab olaraq Zərdari də “Usamə bin Laden öldürüldü, lakin Qucarat qəssabı hələ də sağdır və hazırda Hindistanın lideridir” cavabını verib. Nazir həmçinin Modi hökumətini nasist Almaniyasının faşist rejiminə bənzədib.
Pakistanlı nazirin Modini hədəf alan bu bəyanatından sonra BJP tərəfdarları dekabrın 17-də müxtəlif əyalətlərdə etiraz aksiyaları təşkil etmişdilər.
Son müsahibəsində Zərdari verdiyi açıqlamasını bir daha xatırladıb və “Qucarat qəssabı” ifadəsinin ona aid olmadığını, 2002-ci ildə Qucarat üsyanlarında fəallar tərəfindən istifadə edildiyini bildirib.
Yada salaq ki, 2002-ci il fevralın 27-də baş verən qiyamda Qucaratda müsəlman azlıqlarla hindu millətçiləri arasında baş verən toqquşmalarda 2 minə yaxın insan həyatını itirib. Modi bu dövrdə həm də əyalətin başçısı olub.
Zərdari müsəlmanların işlətdiyi “Qucarat qəssabı” ifadəsi ilə Modinin insanlara unutdurmağa çalışdığı tarixi həqiqətləri xatırlatdığını və bunun təhqir olmadığını vurğulayıb.
Pakistanlı nazir bildirib ki, onun başına mükafat qoyulması sui-qəsd çağırışıdır və BJP bu addımı ilə sərhədləri aşıb.