Bir cüt yetkin qatil balina bir anda 17 köpəkbalığını öldürüb

13:25 07.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Cənubi Afrikada müşahidə aparan dəniz bioloqları bir cüt yetkin qatil balinanın bir anda 17 köpəkbalığını öldürdüyünü aşkar ediblər.

Hafta.az-ın İndependent-ə istinadən yazdığına görə, orka deyilən qatil balinalar okean delfinləri ailəsinin ən böyük üzvləridir. Çoxyönlü yırtıcılar olan qatil balinalar balıqları, dəniz tısbağalarını, quşları, suitiləri, köpək balıqlarını və hətta digər gənc və kiçik delfinləri yeyirlər.

Ocean Dynamics Conservation Foundation-dan olan tədqiqatçılar uzun müddətdir ki, bəzi köpək balığı növlərini ovladığı bilinən iki heyvanı - Port və Starboardı izləyiblər. Sonuncu hadisədə ikilinin 17 köpək balığı yeməsi tədqiqatçıları təəccübləndirib. Ov zamanı orkaların təxminən iki saat ərzində kiçik bir ərazidə dəfələrlə suya daldığı görülüb.

Komanda orkaların latınca adı "Notorynchus cepedianus" olan enli burunlu köpək balığının 17 üzvünü ovladığını müəyyən edib. Bu köpəkbalığının uzunluğu 3 metrə çata bilər.

Günlər sonra, 11 köpək balığının qalıqları Cənubi Afrikanın Pearly Beach sahillərində tapılaraq araşdırılıb.

Fonddan verilən açıqlamada "Hamısının qarnını cırıb içlərini açdıq, heç birinin ciyəri yox idi" deyilib. Açıqlamaya görə, orkalar hətta köpəkbalıqlarının mədələrində olanı da yeyiblər.

Rodos Universitetinin tədqiqat qrupuna rəhbərlik edən Alison Tauner "Bu, orkaların bölgədə bir oturuşda yediyi ən böyük köpəkbalığı qrupudur" deyib.

Qeyd edək ki, sözügedən iki orka 2009-cu ildən izlənilir. Alimlər həmçinin 2022-ci ilin mayında Starboardun böyük bir ağ köpəkbalığını öldürdüyünün də şahidi olublar.