Biz heç bir zaman ermənilərlə təmaslardan yayınmadıq - Elxan Şahinoğlu

18:27 01.03.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan rəsmi nümayəndələrinin Xocalıda erməni sakinlərlə keçirdiyi görüşü faydalı hesab edirəm.

Bu fikirləri hafta.az-a politoloq Elxan Şahinoğlu deyib:

"Bu gün bizim cinayətkar separatçılarla birbaşa təmasımız mümkün olmasa da, Qarabağda qalan və texniki, sosial, iqtisadi sahələrdə müəyyən cavabdehliyi olan şəxslərlə müzakirələr apara bilərik.

Qərbin və beynəlxalq təşkilatların bizdən istəkləri odur ki, ermənilərlə təmaslar quraq. Biz heç bir zaman ermənilərlə təmaslardan yayınmadıq. II Qarabağ müharibəsindən sonra bir neçə belə təmaslar quruldu. Məsələn, Sərsəng Su ambarının işlənməsi, Laçının boşaldılması ilə bağlı təmaslarımız oldu. Bu rəsmi nümayəndlərin iştirakı ilə keçirilən üçüncü görüşlər yataqlarda monitorinqin aparılması və ermənilərin Azərbaycan qanunlarına tabe olması ilə bağlıdır”.

Politoloq qeyd edib ki, bu görüşlər davam etməlidir. “Ermənistanla da danışıqlar davam edir. Xarici işlər naziri Ceyhun Bayramov "onlayn diplomatiya"nın həyata keçirildiyini vurğuladı. Hesab edirəm ki, bu da vacib və faydalıdır. Çünki kənarda vasitəçilərin sayı çox olsa da, nəticə yoxdur. Birbaşa dialoqla bu müzakirələri aparmaq daha faydalıdır. Qarabağda qalan ermənilərlə məsələləri yerində müzakirə edə bilərik. Qərb, beynəlxalq təşkilatlar da görəcəklər ki, əslində biz bu təmaslarda maraqlıyıq”.

E.Şahinoğlu bildirib ki, aksiyaçıların tələblərinə uyğun olaraq monitorinqə imkan yaradılarsa, etirazla bağlı müəyyən qərar verilə bilər.

“Amma bizim hədəflərdən biri də Laçın rayonunun sərhədində buraxılış, gömrük məntəqəsinin yaradılmasıdır. Biz yolu bağlamayacağıq, yolu nəzarətə götürəcəyik. Ermənilər yoldan istifadə edə bilər, amma sənədlər və nəqliyyat vasitələri yoxlanılmalıdır”.

Siyasət rubrikasından digər xəbərlər