Türkiyənin 10 rayonunda çoxlu sayda insan tələfatı və dağıntılara səbəb olan zəlzələ ətrafında müzakirələr davam edir. Mütəxəssislər hesab edirlər ki, təbii fəlakət nəticəsində kütləvi şəkildə insan itkisinin baş verməsi binaların keyfiyyətsizliyi ilə yanaşı, həm də tikililərin bir-birinə olduqca sıx tikilməsi, ara məsafəsinin gözlənilməməsi ilə bağlıdır.
Həqiqətən də zəlzələ baş verən ərazilərin dron görüntülərinə baxdığımız zaman binaların sıx, bir-birinin dibində tikildiyinə şahid oluruq. Ətrafda bədbəxt hadisələr zamanı daldalanacaq yer, sığınacaq, park kimi yerlər yoxdur. Mütəxəssislərin fikrincə, dünyanın hər yerində binalar tikilərkən sığınacaq yerləri, parklar nəzərə alınmalı və binalarla parklar arasında müəyyən məsafə olmalıdır.
Əslində, bununla bağlı Azərbaycanda da vəziyyət yaxşı deyil. Mövcud mənzərəni göz önündə çanlandırmaq üçün təkcə paytaxt Bakıdakı tikililərə nəzər salmaq kifayətdir.
Düzdür, son illər ölkəmizdə, xüsusilə paytaxtda yeni parklar, yaşıllıqlar salınır və sıxlığın aradan qaldırılmasına çalışılır. Ekspertlər bunu yetərli saymırlar və hesab edirlər ki, ölkədə baş verə biləcək təbii fəlakətlərdən qorunmaq üçün təhlükəsiz toplanış yerlərinin, sığınacaqların sayı əhəmiyyətli şəkildə artırılmalıdır.
Mövzu ilə bağlı bizimlə söhbətində əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, ümumiyyətlə sığınacaqlar iki tip olur:
“Məsələn, müharibə zamanı, eyni zamanda, hava ilə bağlı təbii fəlakət qeydə alınanda yeraltı sığınacaqlar, yəni, binaların zirzəmilərindən, metrostansiyalardan, yeraltı keçidlərdən istifadə olunur. Zəlzələ zamanı sığınacaqlar kimi istifadə olunan yerlər isə açıq sahələrdir. Bunun üçün parklar, meydanlar nəzərdə tutulub. Yəni zəlzələ və yaxud yanğın hadisələri zamanı insanların toplanış yerləri belə ərazilər olmalıdır. Normativlərə görə, binalarla parklar arasında məsafə olmalıdır ki, hər hansısa bina dağılan zaman onun dağıntıları parkda olan insanlara xətər yetirməsin. Türkiyədəki təbii fəlakət nəticəsində kütləvi şəkildə insan itkisinin baş verməsi binaların keyfiyyətsizliyi ilə yanaşı, həm də tikililərin bir-birinə olduqca sıx tikilməsi, ara məsafəsinin gözlənilməməsi ilə bağlı idi. Binalar o qədər yaxın tikilmişdi ki, yaşadığı binadan xilas olan insanın üzərinə digər bina uçurdu. Bizdə də vəziyyət bu sahədə yaxşı deyil. Paytaxtın hər tərəfində belə sığınacaq yerləri yoxdur. Sığınacaqların sayı da, barmaqla sayılacaq qədərdir ki, onların da vəziyyəti o qədər də ürək açan deyil. Zəlzələ vaxtı insanlar açıq ərazilərdən sığınacaq kimi istifadə etməlidir. Bu da yoxdur. Hara baxsanız hündürmərtəbəli binalardır. Bu isə qorxu, insan itkisinə gətirib çıxara bilər."
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, təbii və ekoloji fəlakətlərdən, ümumiyyətlə, fövqəladə hadisələr zamanı qorunmaq üçün sığınacaqlardan istifadə olunur. Bunlar binalar, yaxınlıqda olan məktəb, bağça, universitet, xəstəxanaların zirzəmiləri, metro stansiya keçidləridir: “Hər bir binanın təxliyə planı olmalıdır. Bu təxliyə planlarında təxliyə yolları, hərəkətlərin ardıcıllığı yer almalı, həmin lövhələr də hər mərtəbənin ümumi dəhlizində hamının görə biləcəyi yerdə asılmalıdır. Bütün regionlar üzrə təhlükə potensialını nəzərə alaraq həmin rayonların spesifik təhlükə risklərinə görə tədbirlər planı da olmalıdır. Məsələn, Xəzər dənizi sahilindəki ərazilərdə su basması, dağlıq yerlərdə torpaq sürüşməsi, qar uçqunu və s. təhlükələr yaşana bilər. Bunun üçün mülki müdafiə planı işlənib, hazırlanmalıdır. İnsanlar bilməlidir ki, həmin vəziyyətdə hansı qaydalara riayət etməlidirlər, təhlükəsiz toplanış məntəqələrinə necə gəlməlidirlər, özləri ilə nə götürməlidirlər, çantalarında nələr olmalıdır və s. Ümumiyyətlə, bu cür evlərdə insanların mülki müdafiəyə dair ilkin bilikləri olmalıdır. Əşyalar bir çantaya yığılıb hazır qoyulmalıdır ki, fövqəladə hal baş verərsə, cəld onu götürüb ərazini tərk edə bilsinlər. Mülki müdafiə planlarında həyət evlərində yaşayanlar üçün ev heyvanlarına qədər heç nə unutulmamalıdır. Eyni zamanda, zəlzələ zamanı xüsusi sığınacaqlar, təhlükəsiz toplanış yerləri müəyyənləşdirilməlidir. Bu toplanış məntəqələri xüsusi şərti işarələrlə işarələnməlidir. Bütün ərazilərdə belə yerlər təşkil edilməlidir və yaxınlıqda yaşayan insanların da bu yerlərdən xəbəri olmalıdır. Həmin toplanış yerlərinin yaxınlığında yüngül konstruksiyalar və ya aşma təhlükəsi olan heç bir maneə olmamalıdır. Həmin toplanış yerlərinə gedən təxliyə yolları da maneəsiz olmalıdır. Amma təəssüflər olsun ki, bizdə belə yerlərin sayı azdır. Yaxşı olar ki, onların sayı artırılsın və bu barədə vətəndaşlar da maarifləndirilsin”.