Bizim hələ böyük sülhdən danışmağımız tezdir - Kəşfiyyatçı kapitan

15:15 08.06.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Kəlbəcərdə ikisi jurnalist olmaqla üç soydaşımızın  həlak olması, 4 nəfərimizin yaralanması ilə nəticələnmiş  məlum faciədən öncə Yuxarı Qarabağ, o cümlədən hələ ötən il noyabrın sonunda  Hadrutda 62 terrorçunun yaxalanması, bu il mayın sonunda isə Kəlbəcərdə ərazini minalamağa çalışan 6 erməni diversantının ələ keçirilməsi onu göstərir ki, Ermənistan tərəfi heç vaxt 10 Noyabr üçtərəfli razılaşmasına əməl etməyib. Və Rusiya tərəfi də buna, demək olar ki, göz yumub. Bu, eyni zamanda ermənilərin tarixən formalaşmış xain xislətindən irəli gəlir. Odur ki, bizim hələ böyük sülhdən danışmağımız tezdir.

Bu fikirləri hafta.az-a Əfqanıstan və 1-ci Qarabağ savaşlarının iştirakçısı, kəşfiyyatçı kapitan Tərlan Eyvazov deyib.

Onun sözlərinə görə, ermənilər 44 günlük savaşdan sonra hələ də nəzarət etdikləri Azərbaycan ərazilərində böyük sayda canlı və silah ehtiyatlarına malikdir:

"Onların bir çox yerlərdə anbarları və gizli saxlanc yerləri var. Keçmiş Dağlıq Qarabağın  50 faizindən çox ərazisində  mövcud olan separatçı və silahlı erməni qüvvələri ilə Ermənistandan sərbəst gedib-gələn emissarlar daim əlaqə saxlayırlar. Ona görə də düşünürəm, biz hər an ayıq-sayıq və ehtiyatlı olmalıyıq. Ermənilərin təxribatları və revanş cəhdləri hələ davamlı olacaq. Bu hələ mina müharibəsi ilə bitməyəcək.  Ermənistanda gözlənilən parlament seçkilərindən daxildə sabitlik yaranan kimi ermənilər heç bir sülh danışıqları gözləmədən yenə də 30 il öncə olduğu kimi bütün təxribat, diversiya əməllərini “Artsax xalqının azadlıq mücadiləsi” kimi dünyaya sırımağa başlayacaqlar. Və  “dünya ictimaiyyəti” da, təbii ki, bunu qəbul edəcək.  Çünki  həmin “ictimaiyyət” əgər adi bir xaçın qırılmasını  böyük bir faciə kimi qəbul etdiyi halda  30 il ərzində bizim yüzlərlə şəhər və kəndimizin xaraba qalmasına  göz yumur. Bu gün haqqında danışdığımız Kəlbəcərdəki 3 insan itkisi ilə nəticələnmiş mina partlayışı və ondan əvvəl onlarla çox mülki və hərbi vətəndaşımızın həyatını itirməsinə heç bir ciddi reaksiya verməməsi, amma bizim Ermənistanla sərhəddəki qanuni işlərimizə kəskin münasibəti də  bunu  göstərir.  Odur ki, işğaldan əraziləri gedib-gələn və gələcəkdə orada məskunlaşacaq mülki əhalinin təhlükəsizliyini əsl mənada təmin etmək üçün 44 günlük uğurlu savaşımızın nəticələrinə və 10 Noyabr razılaşmasının müddəalarına güvənərək dərhal  Yuxarı Qarabağdakı bütün terror yuvaları dağıdılmalı, oradakı separatçı və terrorçular ya həbs edilməli, ya da sərhədlərimizdən çıxarılmalıdır. Bəhs edilən razılaşmanın müddəalarının yerinə yetirilməsi buna cavabdehlik daşıyan Rusiyadan tələb olunmalıdır. Həmin müddəalar yerinə yetirilmədiyi halda Azərbaycanın müvafiq qurumları hərəkətə keçməli və Yuxarı Qarabağ və ətraf rayonlarda qarşımızda duran vəzifələri layiqincə yerinə yetirməlidirlər. Bundan ötrü Azərbaycan dövlətinin kifayət qədər imkanları var. Əgər bu gün bizim dinc mülki vətəndaşların olduğu avtobus minada partladılırsa, bunun da əsas günahının guya vasitəçilik və sülhməramlı missiyasını yerinə yetirən Rusiya hərbçilərinin, o cümlədən razılaşmaya əsasən bütün müasir texniki vasitələrlə ərazinin dəqiq monitorinqini aparmağa borclu olan Rusiya-Türkiyə birgə monitorinq mərkəzində olmasını vurğulamaq gərəkdir. Əgər adları çəkilən qüvvələr  həmin monitorinqi düzgün həyata keçirmirsə, bunu biz özümüz icra etməli və mülki vətəndaşlarımızın təhlükəsizliyinin tam təmin olunması və bəhs edilən faciəvi hadisələrin təkrar baş verməməsi üçün əlimizdən gələni etməliyik.  Hadisədən sonra əldə olunmuş  video-görüntülərdən də açıq-aşkar görünür ki, Susuzluq kəndinə gedən yola mina yenicə basdırılıb. Həm də ona görə ki, bundan əvvəl  həmin yol gediş-gəlişli yol olub. Ermənilər də o yolda daimi hərəkətlilik olduğunu bildiklərindən oraya mina basdırıblar. Odur ki, bundan sonra işğaldan azad ərazilərimizdə xidmət edən öncə hərbçilərimiz, eyni zamanda  orada vəzifə borclarını yerinə yetirən mülki vətəndaşlarımız, o cümlədən jurnalist və məmurlarımız maksimum ayıq-sayıq olmalıdır. Ən əsası, işlək yollarda mütəmadi olaraq  istehkamçı patrullar fəaliyyət göstərməli və təhlükəsizliyə nəzarət etməlidirlər…”