Bu gün sülhə qol çəkdik, sabah nə olacaq? – Tofiq Zülfüqarov

11:18 23.08.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın sabiq baş diplomatı, tanınmış politoloq Tofiq Zülfüqarov hafta.az əməkdaşı ilə növbəti söhbətində müasir geo-siyasi vəziyyəti analiz edərək, Ukraynadakı müharibənin və Rusiyanın apardığı siyasətin qlobal təsirlərini diqqətə alıb. Müsahibimiz Amerika lideri Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putinin Alyaska sammitində və Zelenski-Tramp görüşlərindən sonra yaranmış geo-siyasi durumu da  şərh edib. O, Rusiya və Ukraynanın döyüş cəbhəsində üzləşdiyi vəziyyəti dondurmaq cəhdlərinin və Rusiyanın daxili böhranla üzləşməsinin həm daxili, həm də beynəlxalq səhnədə bu işğalçı dövlət üçün ciddi fəsadlar yaradacağını vurğulayıb. Politoloq həmçinin, Azərbaycanın geo-siyasi mövqeyini və gələcəkdəki diplomatik addımlarını müzakirə edərək, Rusiyanın Azərbaycana qarşı aparılan təbliğat kampaniyasının arxasında duran əsas məqsədini izah edib. Bu müsahibədə sabiq baş diplomat həm də Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyinə dair düşüncələrini bölüşərək, iki ölkə arasında Sülh  Sazişinin imzalanmasına aparan yola da nəzər salıb.

-Tofiq müəllim, Amerika lideri Donald Trampla Vladimir Putinin Alyaska sammitindən və Zelenski-Tramp görüşlərindən sonra dünyada yaranmış yeni geosiyasi durumu necə xarakterizə edərdiniz?

-Əvvəla, Ukraynanın taleyi ilə bağlı əsas problem odur ki, Rusiya indiki vəziyyəti dondurmaq istəmir, əksinə, istəyir ki, Ukrayna bu və ya digər şəkildə öz üzərinə hansısa siyasi öhdəliklər götürsün, bəzi siyasi dəyişikliklərə getsin. Yəni, sadəcə atəşkəsi yox, hətta bəzi hallarda, Ukrayna konstitusiyasına zidd olan siyasi öhdəlikləri də qəbul etsin. Bu da onu göstərir ki, əslində, Rusiya atəşkəsə nail olmaq üçün o qədər də tələsmir. Üstəlik, Qərb ölkələrinin, xüsusən də ABŞ-ın, Ukraynanı tam şəkildə dəstəkləmək niyyətində olmamaları da ona ümid verir. Və bu vəziyyətdə istəyirlər ki,  Rusiya ilə gələcəkdəki hansısa razılaşma tam şəkildə Ukraynanın hesabına olsun...

Digər tərəfdən, bəllidir ki, bu və ya digər şərtlər nisbi əhəmiyyət kəsb edir. Çünki istər-istəməz Rusiyanın bu və ya digər situasiyanı qələbə kimi qələmə verməsi imkanı olmayacaq. Ona görə ki, Moskva üç il öncə bəyan edilmiş  hədəflərinə nail olmayıb və müharibəni başa çatdıraraq özünü qalib göstərmək istər Putin, istərsə də elita üçün mümkün olmayacaq.  Və burada Kremldən ötrü əsas təhlükə ondan ibarətdir ki, belə bir situasiya yaranacağı təqdirdə Rusiyanı ağır böhranlı bir dövr gözləyir. O səbəbdən ki, bu müharibə ölkəyə, xalqa və dövlətə ağır itkilər gətirib: həm insan, həm iqtisadi, həm maliyyə, həm də imic itkiləri baxımından. Bu da ona gətirib çıxaracaq ki, Putinin hakimiyyəti təhlükə altına girəcək və onun davamı sual altında qalacaq.  Çünki yalnız ictimaiyyətin, xalqın narazılığı deyil, eyni zamanda Kreml ətrafındakı elitaların da narazılığı baş qaldıra bilər. Ona görə ki, ABŞ-ın, Avropanın sanksiyaları qüvvədə qalacaq, imic itkiləri davam edəcək. Və hamıya bəllidir ki, əgər Rusiya gələcəkdə öz siyasətində ciddi dönüş aparmasa, belə bir böhranlı gələcək qaçılmaz olacaqdır. Yəni  bu saat  Moskvada ən çox ehtiyat edilən məsələ də məhz budur. Şəxsən mən hesab edirəm ki, Qərb istədiyi nəticəni əldə edib və Rusiya zəifləyib. Kim nə deyir-desin... Çünki öncə dediyimiz kimi, ölkə iqtisadi baxımdan çox ciddi böhrandadır. Elə texnoloji baxımdan da biz görürük ki, Rusiyanın inkişaf üçün əsasları olmayacaq.. Yəni, problemlər çoxdur və göz qabağındadır...

Bununla yanaşı, əslində, Çinlə qarşıdurmaya gedən Qərb Rusiya və İranı neytrallaşdırıb. Bu da, belə deyək, dünya üçün ən böyük nəticədir. Gələcəkdə, təbii ki, Qərbin Çinlə daha açıq qarşıdurması olacaqdır. Amma indiki mərhələdə hazırlıq görən Qərb, qeyd etdiyim kimi, Rusiya və İranı demək olar ki, neytrallaşdırıb...

-Kremlin Rusiya ərazisindəki soydaşlarımıza qarşı artıq iki aya yaxındır davam edən açıq təqib, repressiya kampaniyası ilə yanaşı, son həftələr artıq Ukraynadakı neft-qaz obyektlərimizə də raket, dron zərbələri endirməsi nə məqsəd daşıyır və bu siyasətin sonunu necə görürsüz?

-Biz görürük ki, son vaxtlar Rusiya tərəfindən Azərbaycana qarşı bu addımlarda əsas məqsəd təbliğati məsələdir. Çünki Kremldə düşünürlər ki, hazırkı durumda Ukraynada atəşkəs və ya cəbhədəki mövcud vəziyyətin dondurulması baş versə, bu, ölkə daxilində sosial və siyasi gərginliyə gətirib çıxara bilər. Bu mənada Rusiya elitasının əsas məqsədi ölkə əhalisində hər tərəfdən düşmənlərlə əhatə olunmuş və var gücü ilə müdafiə olunan bir qalada yaşadıqları təsəvvürünü yaratmaqdır. Çünki bu onların hakimiyyətlərinin davamını təmin etməyə kömək edə bilən yeganə şansdır. Odur ki, Kremldəkilərin daimi olaraq xarici düşmənlərə ehtiyacları var. İndi Ukraynada bir nəticə əldə edə bilmədiklərini görürlər. Ona görə də bu cür əlavə düşmən obrazını yaratmağa çalışırlar. Və son aylarda görürük ki, bu obraz üçün istifadə olunan yalnız Azərbaycan deyil, artıq Qazaxıstanı da bu “işə” cəlb ediblər. Ondan öncə də Baltikyanın ölkələri, NATO, Fransa və s.  belə təbliğatın hədəfi olub...

Mən əminəm ki, bu təbliğati təzyiqlər hələ davam edəcək. Hələlik bunun təsirini görməkdəyik, amma zamanla vəziyyət daha da aydınlaşacaq... Hərbi baxımdan isə, belə deyək, Ukraynadakı obyektlərimizə vurulan zərbələri istisna etməklə, Azərbaycanın özü üçün təhlükə görmürəm. Çünki ən azı Azərbaycan və Türkiyə arasında möhkəm bir müttəfiqlik mövcuddur və bu, bizə hər hansı bir hərbi təhdiddən qorunmağa imkan verir. İkincisi də, Rusiyanın belə bir imkanı, gücü də yoxdur ki, özünə ikinci bir cəbhə də açsın...

-Zelenski ilə Tramp arasında Ağ Evdəki son görüşü necə dəyərləndirirsiniz? Sizcə, Putinlə üç tərəfli, ikitərəfli görüşlər də baş tutacaqmı?

 -Zelenski ilə Tramp arasındakı görüşün müəyyən əhəmiyyəti olduğunu düşünürəm. Amma bu görüşlərdə hansısa konkret mövzular əsas müzakirə obyekti deyil; kim hansısa torpaqları nəzarət altında saxlayacaq, kim saxlamayacaq. Məsələ ondadır ki, Zelenskinin Ukrayna Konstitusiyanı pozmaq və hansısa əraziləri Rusiyaya təhvil vermək üçün nə niyyəti, nə də imkanı var. Deməli, Putin üçün bu görüşlərin əsas məqsədi  Rusiya üçün bir "qalib" obrazı yaratmaqdır. Və əslində hazırda Rusiyanın əsas istəyi, o cümlədən diplomatik hədəfi bununla bağlıdır. Putin bununla gələcəkdə öz hakimiyyətini sığortalamaq niyyəti güdür. Onsuz da hamı başa düşür ki, bu görüşlərin arxasında Rusiya dayanır. Moskvadakıların hədəfi öz mövqelərini gücləndirmək və qalib kimi təqdim etməkdir. Çünki Tramp özü də deyir ki, bu görüşdən sonra Putinə zəng edəcəm... Bu, təbliğatın bir parçasıdır və Putin, dediyim kimi, bu şəkildə Rusiyanın, əslində özünün qalib obrazını yaratmağa çalışır. Lakin bu, mümkün olan bir şey deyil. Məntiqə uyğun olmayan bir məsələdir. Putin Ukraynaya bu hücumlar nəticəsində ölkəyə yüz minlərlə canlı itki,  trilyonlarla maddi itki verib. Rusiyanın ordusu demək olar ki, dağıdılıb, ölkə dağılır, böyük çətinliklərlə qarşı-qarşıyadır. Bütün bu itkilər müqabilində Ukraynanın bir neçə yerlə yeksan edilmiş  vilayətinin bir hissəsini özünə qatıb. Və mən inanıram ki, bunu artıq Rusiyada insanların bir qismi başa düşür, qalan hissəsi də tezliklə anlayacaq və soruşacaqlar ki, Ukraynadakı bu itkilər nədən ötrüdür, hansı məqsədlədir. Çünki Rusiyanın daxili problemləri çox böyükdür. Təxminən 47 milyon insan normal yaşayış şəraitindən, istilik sistemindən məhrumdur. 30 milyon insanın isə hələ də normal tualeti yoxdur. Putin belə bir ölkə üçün “qalib” obrazı yaratmağa çalışır... Bütün bu daxili çətinliklər, Rusiya üçün ciddi problemlər yaradacaq və bu, onların beynəlxalq səhnədəki mövqelərinə də mənfi təsir göstərir. İqtisadi vəziyyəti və infrastruktur problemlərini daha da dərindən düşünmək lazımdır. Bu gün infrastruktir baxımından Moskva, Sankt-Peterburqu çıxmaq şərti ilə qalan şəhər, qəsəbə və kəndlər pis gündədir. Bunu ruslar özləri deyir. Və onların da başa düşəni anlayır ki, Ukrayna savaşına xərclənən trilyonlar Rusiyanın özünə xərclənsəydi, bəlkə də belə iqtisadi-sosial problemləri həll etmək olardı.

Yəni, bir daha deyirəm, Kreml üçün, Putin üçün son görüşlərdəki əsas məsələ "qalib gəlmək" deyil. Bu, məntiqsiz bir görüntü yaratmaqdır ki, sanki Rusiya müharibədə qalib gəlib. Hanı sənin qələbən, kimə qalib gəlmisən?

 -Belə çıxır ki, Birləşmiş Ştatlar lideri Donald Tramp onu Alyaskaya- Amerika torpağına dəvət etməklə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən həbsinə order verilmiş və bir çox dünya ölkələrinə getmək imkanı olmayan işğalçı Rusiya Prezidenti Vladimir Putinə “qalib” obrazı yaratmaqda dəstək vermiş oldu...

 - Trampın da ayrı yolu yoxdur. O, müharibənin dayandırılması üçün məcburdur ki, hər iki tərəfin, yəni həm Rusiya, həm də Ukraynanın istəklərini bir araya gətirsin...

 -Həm də Nobel Sülh Mükafatı almaq niyyəti güdür...

 -Bəli, Nobel mükafatı da almaq istəyir. Amma o başqa məsələdir. Sizə deyim ki, bu vəziyyətdə Ukraynanın tərəfini tutan dövlətlər əslində ona bu dəstəyi lazımi səviyyədə vermirlər. İkincisi,  Ukraynada da artıq vəziyyət çox ağırdır. Xalqın böyük bir hissəsi cəbhəyə cəlb edilib, üstəlik, xeyli bir hissəsi də ölkəni tərk edib. Və orduya yeni qüvvələr səfərbər edilməsi də ciddi problemdir. Yəni Ukrayna bunu polis gücünə etməyə məcbur olur. Rusiyadakı həddə olmasa da, korrupsiya halları da var. Bir sözlə ölkədə daxili durum o qədər də stabil deyil...

Yəni bir var təbliğatın bizə təqdim etdiyi xəbərlər, şəkillər, mənzərə, bir də var, gerçəklik... Müharibədə hər şey olur: qəhrəmanlıq da, satqınlıq da... Lakin biz başa düşməliyik ki, Ukraynanın da imkanları hədsiz deyil. Və demək olar ki, əslinə qalsa, Rusiya ilə Ukrayna ümumilikdə eyni vəziyyətdədirlər...

 -Yəqin ki, bundan sonra Trampın təşkilatçılığıyla Putin-Zelenski görüşü baş tutsa da, Rusiya Prezidentini Ukrayna və dünya üçün ədalətli bir qərar verməyə vadar etmək mümkün olmayacaq?

 - Yenə deyirəm, buradakı əsas məqsəd, sadəcə hansısa ərazilərin nəzarət altına alınması deyil. Putin üçün məqsəd qalib obrazının yaradılmasıdır. Sabah atəşkəs elan ediləndən sonra o, tribunaya qalxıb Rusiya xalqına nə deyəcək?  Deyəcək ki, biz Ukraynadakı rusları xilas etmişik, NATO-nu məhv etmişik. Və sairə kimi cəfəng fikirlər söyləyəcək. Fəqət insanların həyatı üçün əhəmiyyət kəsb edən iki əsas əşya var: televizor və soyuducu. Bu ikisi arasında müqayisə aparanda ruslar da Putindən soruşacaq ki, bəs nə oldu, hanı bizə vəd etdiyin qələbə və firavan həyat?..

-Bütün bu baş verənlər fonunda avqustun 8-də Vaşinqtondan imzalanmış Sülh bəyannaməsinin taleyini necə görürsüz? Bu günlərdə İran araşdırmaçılarından biri iddia edib ki, yekun Sülh sazişi aprelin 24-də Trampın iştirakıyla İstanbulda imzalanacaq. Sizdə belə bir məlumat yoxdur ki?

-Xeyr, hesab edirəm ki, Azərbaycan-Ermənistan Sülh Sazişinin deyilən tarixdə imzalanması mümkün deyil. Çünki Azərbaycan tərəfi Ermənistandan Konstitusiyanın dəyişdirilməsini tələb edir. Bunun üçün isə referendum keçirilməlidir. Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib...

Həm də biz başa düşməliyik ki, Sülh Sazişi imzalansa da, orada iki tərəf üçün də bütün gərəkli məsələlər həllini tapmayacaqdır. Çünki hər şeydən vacib, sərhədlər müəyyən olunmalıdır. Və “Tramp yolu” deyilən kommunikasiyalardan başqa iki ölkə arasında digər kommunikasiyalar da var.  Humanitar mövzular da öz həllini tapmalıdır. Və s. və ilaxır...

-Ola bilərmi ki, o vaxtadək Azərbaycan tərəfi Konstitusiyaya dəyişiklik tələbindən çəkilsin?

-Axı bu, məntiqə uyğun olmayacaqdır...

-Bəzi politoloqlar, analitiklər deyir ki, əslində Konstitusiyaya dəyişikliyi Sülh sazişindən sonra da həll etmək mümkündür. Bununla bağlı tələbi sazişə bir maddə kimi əlavə etmək olar. Onsuz da siz dediyiniz kimi, Sülh Sazişi ilə bütün məsələlər həllini tapmayacaq ki...

- Sülh Sazişinə imza atılmasıyla hər şey bərqərar olmur. Münaqişəni təşkil edən mövzular var, problemlər var. Bu problemlərin həll olunması məsələsi var. Və bizə davamlı sülh lazımdır. Nə mənada? Yəni bu gün Paşinyan sazişə qol çəksin, sabah başqası gəlib onun imzasını şübhə altına ala bilməsin...

-Biz də məhz onu soruşmaq istəyirdik ki, 2026-cı ilin iyun seçkilərində Ermənistanda hakimiyyətə hansısa rusiyapərəst revanşist qüvvə gəlsə, ondan öncə imzalana biləcək Sülh Sazişindən, yaxud elə həmin Sülh Bəyannaməsindən imtina etsə, nə baş verəcək? 

-Elə Paşinyan özü də mövqeyini dəyişə bilər. Bu, son 7-8 il ərzində tez-tez baş verib. Son vaxtlar bizdə Paşinyanın, az qala, "qəhrəman" obrazını yaradırlar. Amma unudurlar ki, onun bu “qəhrəmanlığı”  “dəmir yumruq”dan sonra meydana çıxdı. Və 44 günlük müharibənin bitməsindən sonra davam edir. Ondan əvvəl isə Paşinyanda heç bir belə əlamət görməmişdik...

-Hər halda rusiyapərəst və revanşistlərdən fərqli olaraq Paşinyanın davamlı olaraq sülh prosesini apardığı görünür...

-Düzdü, sülhə doğru gedir, amma “dəmir yumruq”dan sonra... Yenə deyirəm, davamlı sülh Ermənistanın öz Konstitusiyasını dəyişməsi ilə bağlıdır. Nə mənada? Konstitusiyanı dəyişmək üçün referendum keçirilməlidir. Referendum ərəfəsində geniş ictimai diskussiya aparılacaq və hər kəs öz sözünü deyəcək. Sonra da bu dəyişikliyə səs verən və ya verməyən Ermənistan ictimaiyyəti olacaq... Fürsətdir, baxaq, görək, ermənilərin əksəriyyəti Azərbaycanla sülhə hazırdırlar, yoxsa yox... Bizimkilərin çoxu deyir ki, biz sülhün tərfdarıyıq- Ermənistanla sülh gecikdirilmədən imzalansın, müharibə birdəfəlik bitsin... Yaxşı, biz əminikmi ki, Ermənistandakılar sülh tərəfdarıdır, yoxsa yox? Bizimki o məşhur şeirdə deyildiyi kimi alınır: sizi sevəcəyik, siz sevməsəniz də... Belə şey olmaz...

Yaxşı, bu gün sülhə qol çəkdik, sabah nə olacaq? Bizdə deyirlər ki, Rusiya Sülh Sazişinin imzalanmasını istəmir. Bəs Ermənistanda kim buna qarşı çıxır? Əlbəttə, ruspərəstlər. Birincisi,  bu münaqişəni kim yaradıb? Əlbəttə, Rusiya və ermənilər. İndi, baxaq görək, ermənilər bu siyasətdən imtina edirlərmi, yoxsa yox?

-44 günlük savaşdakı məğlubiyyətdən sonra Paşinyanı yenidən baş nazir seçməklə ermənilər göstərdi ki, əksəriyyəti Rusiyanın yüz illərdir onlara təlqin etdiyi dediyiniz münaqişə siyasətindən imtina ediblər... 

-Nəzərə almaq lazımdır ki, indiyədək Ermənistan Azərbaycanın müharibədəki qələbəsindən sonrakı şoku yaşayan bir cəmiyyət idi. İndi isə bir qədər özlərinə gəliblər və görürsən ki, müxtəlif cəfəng fikirlər səsləndirənlərin sayı çoxalmaqdadır. İkincisi, bir məsələyə də diqqət yetirək: müharibə bitəndən sonra Ermənistan nə axtarırdı? Axtarırdı ki, görək kim gəlib onun yerinə Azərbaycanla dava edəcək... Gah İranı, gah Hindistanı, gah da Fransanı deyirdilər. Sonda baxıb gördülər ki, heç bir dövlət onlara real dəstək vermir. Ona görə də  Vaşinqtona – Ağ Evdəki Sülh Bəyannaməsinədək gəlib çıxmağa məcbur qaldılar... Ancaq mən düşünürəm ki, deyəsən, indi də Rusiya yenidən ermənilərə nəsə vəd edib və Ermənistanın bəzi siyasətçiləri "hər şey hələ bitməyib" deyərək, hansısa oyunlar oynamağa hazır olacaqlar. Baxaq görək, gələcəkdə hər şey aydın olacaq...