Bu il 700 bal toplayan niyə olmadı? - DİM-in cavabı

17:33 12.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, ali məktəblərə qəbul imtahanları başa çatıb. Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumata əsasən, 2021-ci ildə Azərbaycanda keçirilən ali məktəbə qəbul imtahanlarında abituriyentlərdən heç biri 700 bal toplaya bilməyib. Bu isə cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Bəziləri abituriyertlərdən heç birinin 700 bal toplaya bilməməsini təhsilin keyfiyyətinin aşağı düşməsi, digərləri isə imtahan suallarının çətinliyi ilə əlaqələndirirlər. Maraqlıdır, görəsən, Dövlət İmtahan Mərkəzində bu barədə nə düşünürlər? Abituriyentlərdən heç birinin 700 bal nəticə göstərməməsini nə ilə izah edirlər?

Məsələ ilə bağlı hafta.az-a açıqlama verən Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Xanlar  Xanlarzadə bildirib ki, imtahanlarda yüksək bal toplayanlar daima cəmiyyətin diqqət mərkəzində olur:

“Bilirsiniz ki, imtahanlar iki mərhələli keçirilir. İmtahanların birinci mərhələsi cari ilin məzunları üçün buraxılış imtahanı, ikinci mərhələ isə ixtisas qrupları üzrə olan imtahanlardır. İmtahanlarda maksimal olaraq 700 bal toplamaq mümkündür. Yüksək bal toplayanlar daima cəmiyyətin diqqət mərkəzində olur ki, bu da başadüşüləndir. İmtahanların birinci mərhələsində abituriyentlər maksimum 300, ikinci mərhələsindən isə 400 bal toplaya bilirlər. Bu imtahanlarda da kifayət qədər yüksək bal toplayan abituriyentlər var.

Məsələn, I ixtisas qrupu üzrə 11 nəfər var ki, onlar maksimal, yəni 400 bal toplayıblar. II ixtisas qrupunda 2 nəfər, IVixtisas qrupunda da 2 nəfər 400 bal toplayıb. Əgər biz hər iki mərhələnin nəticəsinə baxsaq, burda da kifayət qədər yüksək ballar toplanılıb. I ixtisas qrupunda 697,1 bal ən yüksək göstəricidir. Bu qrupda 695,5 bal toplayan məzun da var. Digər qruplarda da yüksək nəticə göstərən abituriyentlər olub. Bu ballar 700 ballıq nəticə kimi qiymətləndirilməlidir. Kimsə iddia edə bilməz ki, məsələn, 690-700 bal toplayan məzun arasında hər hansı bir fərq var. Qeyd etdiyimiz ballar da 700 bala bərabər tutula bilər”.

Qurum rəsmisi xatırladıb ki, 1992-ci ildən bəri tətbiq olunan test üsulu ilə tələbə qəbulunun tarixində ilk dəfə 700 bal 2007-ci ildən toplanılıb: “Yəni, 15 ildən sonra maksimal bal toplanıb. Onların da sayı cəmi 3 nəfər olub. Daha sonra isə 2008-ci ildə 6 nəfər, 2009-cu ildə 2 nəfər, 2010-cu ildə 7 nəfər, 2011-ci ildə 4 nəfər maksimal bal toplaya bilib. Bu illərə görə statistika dəyişib. 2017-ci ildə 15, 2018-ci ildə 29 nəfər olmuşdu. Bunun da əsas səbəbi ondan ibarət idi ki, son  illər biz qəbul imtahanlarının ikinci mərhələsini iki dəfə keçirirdik. Yəni, abituriyentlərə ikinci şans vermişdik. Ona görə də onların imtahanlarda maksimal nəticə göstərmək imkanları olurdu. 2019-cu ildə qəbul qaydalarında dəyişiklik edildi və imtahan iki mərhələli oldu. Buraxılış imtahanlarının nəticələri də nəzərə alınmağa başlanıldı. Test tapşırıqlarının formalarında da dəyişiklik edildi. Həmin il abituriyentlərə yeni qaydalara alışmaq üçün müəyyən vaxt lazım olduğundan 700 bal toplayan olmadı. 2020-ci ildə amma 2 nəfər maksimal bal toplamışdı. Bir daha qeyd edirəm ki, bu il düzdür, maksimal nəticə göstərən yoxdur, amma maksimala yaxın nəticələr var. Ümumiyyətlə, bu məsələ imtahanın səviyyəsi, abituriyentlərin səviyyəsi haqqında hər hansı fikir yürütmək üçün əsas ola bilməz. Daha ciddi araşdırma aparılmalıdır. Dövlət İmtahan Mərkəzi tərəfindən yaxın günlərdə abituriyentlərin imtahanlarda topladıqları ballar, bal intervallarına uyğun olaraq sıralaması ictimaiyyətə təqdim olunacaq. O zaman daha dərin təhlil, daha dərin müqayisə aparmaq olar. Amma ümumi praktikaya əsasən deyə bilərəm ki, imtahanlar arasında elə ciddi fərq olmur. Abituriyentlərin nəticələri də təxminən bir-birinə yaxın olur. Ola bilsin ki, hər hansı ixtisas qrupunda nəticələr bu il yüksək və ya aşağı olsun. Bunlar dəyişəndir”.