Bu mərkəzlərdə işçilər mütəmadi olaraq tibbi yoxlamadan keçməlidirlər - Hüquqşünas

12:59 08.09.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Özəl reabilitasiya mərkəzlərinə nəzarət mexanizmləri mükəmməl deyil.

Bu fikirləri hafta.az-a hüquqşünas Sahib Məmmədov deyib.

 “Nəzərə almaq lazımdır ki, indi özəl sektorda yoxlamaların aparılmasına məhdudiyyət qoyulub. Amma bu o demək deyil ki, onlar tam nəzarətdən kənar qalmalıdır. Məsələn, insan alveri, məişət zorakılığı ilə bağlı qeyri-dövlət sığınacaqlarının, mərkəzlərinin yaradılması üçün akkreditasiyadan keçmək lazımdır. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Müəyyən təhsil mərkəzləri, reabilitasiya mərkəzləri var ki, onlara da müvafiq icra hakimiyyəti orqanları, məsələn, Elm və Təhsil Nazirliyi nəzarət edə bilər və s. Bu tip mərkəzlərlə bağlı müvafiq normativlər var. Tutaq ki, binanın, ortaqların şəraiti, yataq yerləri, qidalanma, heyət və onlara dair tələblər olmalıdır. Məsələn, orada işləyən sosial işçilər, sosial xidmətçilər mütəmadi olaraq tibbi yoxlamadan keçməlidirlər, o cümlədən onların psixoloji durumları müəyyənləşdirilməlidir, infeksion xəstəliklərinin olub-olmaması yoxlanılmalıdır və s. Bütün bunlarla bağlı bəzən başdansovduluq olur və nəticədə də bu yaxınlarda yayılan videodakı hallar baş verir”.

Ekspert vurğulayıb ki, baş vermiş hadisəyə görə, konkret uşaqlara əzab verməyə görə cinayət təqibi başlayıb: “Amma bu nəticədir. Səbəbləri aradan qaldırmaq üçün hesab edirəm ki, ciddi monitorinq sistemi qurulmalıdır. Lakin bu sistem də əlavə bürokratiyaya gətirib çıxarmamalıdır. Belə mərkəzlərin şəbəkəsi bizdə onsuz da azdır. Bürokratiyanı dərinləşdirməklə onların işini məhdudlaşdıra bilərik. Əksinə dövlət bu sahəni stimullaşdırmalıdır. Yerli hakimiyyət orqanları bununla bağlı sosial sifarişlər verməlidir. Eyni zamanda, sifarişi verən, maliyyələşdirən qurumlar bu mərkəzlərin üzərində nəzarət həyata keçirməlidir. Bununla bağlı xarici təcrübə çox yaxşıdır. Məsələn, mən Xorvatiya təcrübəsini qeyd edə bilərəm. Onlarda belə mərkəzlərin hər birini yerli hakimiyyət orqanları tender əsasında QHT-lərə təqdim edirlər. QHT-lər də bu prosesi təşkil edirlər. 3 ildən bir yenidən tender keçirilir və tenderi ya həmin QHT, ya da başqası udur. Və maliyyələşmədə stabillik davam edir və sifarişçi təşkilat da mərkəzə mütəmadi olaraq nəzarət edir. Hesab edirəm ki, Azərbaycanda da bu sistemi qurmaq lazımdır. Məsələn, bilirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünə aid sahələrdə bu sistemi qurub, mütəmadi olaraq sosial sifarişlər verir, həmin sifarişlər əsasında qurulan mərkəzlərə nəzarət edir və s. Yəni, bu sahədə tamamilə nəzarətsizlik var desək, ədalətsizlik olar. Amma bu o demək deyil ki, orada nəsə baş verməyə bilər. Ona görə də mütəmadi olaraq ictimaiyyət, KİV nümayəndələri həmin yerlərə baş çəkməli, vəziyyətlə yerindəcə tanış olmalıdırlar”.

Hüquqşünas söhbət əsnasında uşaqlara əzab verən reabilitasiya mərkəzinin işçilərini gözləyən cəzaya da aydınlıq gətirib: “Cinayət Məcəlləsində döymə və əzab vermə ilə bağlı maddə var. Bu az ağır cinayətlər kateqoriyasına aiddir. Əgər döymə və əzab vermədə bədənə az ağır, ağır və yaxud da xüsusilə ağır xəsarət yetirilibsə, bu artıq başqa maddələrdir. Yəni, daha ciddi cəzalar nəzərdə tutulub. Amma bu hal az ağır cinayətlər kateqoriyasına aid olduğundan təqsirləndirilən şəxslərin barələrində qəti imkan tədbiri kimi həbs yox, ev dustaqlığı seçilməsi məntiqlidir. Lakin dediyim kimi məhkəmə işi araşdırmalıdır, döymə, əzab vermə ilə bağlı ayrıca cəza ola bilər. Eyni zamanda, məhkəmə tibbi ekspertiza yoxlaması nəticəsində uşaqlara dəymiş xəsarətin ağırlığına uyğun olaraq da əlavə cinayət təqibləri də ola bilər. Yəni, bu məhkəmənin işidir”.