İki ildir 20 sentyabr - dövlət suverenliyi gününün əhəmiyyətini diqqətlə izləyən cəmiyyətimiz, müxtəlif təsir və təzyiqlərə baxmayaraq özünün Konstitusiya hüququnu qorumaq üçün daim tətikdə dayanmağın zərurətə çevrildiyini də dərk edir.
Bu istiqamətdə Hafta.az-ın suallarını Milli Məclisin deputatı Bəhruz Məhərrəmov cavablayıb.
- Azərbaycan Dövlət Suverenliyinin yol xəritəsini necə şərh edərdiz?
- Azərbaycan Konstitusiyası qəbul edilərkən dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq altı ali niyyətdən biri kimi müəyyən olunib. Lakin müstəqillik əldə edildikdən sonra 1993-cü ilə qədərki hakimiyyətlərin səbatsızlığı və xəyanətkar mahiyyəti ucbatından Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinin təcavüzə məruz qalması, nəticədə beynəlxalq hüququn normalarını, BMT Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistanın hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən çox işğal altında saxlaması, paralel olaraq məhz azərbaycanlı olduqlarına görə soydaşlarımıza qarşı etnik təmizləmə həyata keçirilməsi, ekosid, urbisid və kultrasid cinayətlərinin nəticəsi olaraq qlobal miqyasda suveren Azərbaycan ərazisi olaraq tanınan Livan ölçüdə bir regionun - Qarabağ və Şərqi Zəngəzurun viran qoyulması, işğal altındaki bölgəmizin təbii resurslarının talan edilməsi, tarixi, dini, mədəni abidələrin vandallıqla dağıdılması, Ermənistanın hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqları dalana dirəməsi sonrakı dövrlərdə bu ali konstitusion niyyətimizin realizəsi qarşısında əngələ çevrilmişdi. Nəticədə qeyd olunan qəbuledilməz vəziyyət, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrildi, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldildi.
- Azərbaycanın öz suveren hüquqlarını bərpa etməsi niyə 30 il sürdü. Ölkəmiz öz haqqını almq üçün hansı maneəlri adlamalı oldu?
- Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazilərimizin 20 faizinin 30 ildən artıq bir dövrdə işğal altında qalması, özünü beynəlxalq ictimaiyyət adlandıran bir sıra beynəlxalq subyektlərin Ermənistanın bu işğal və təcavüz siyasətinə dəstək verməsi də suveren haqlarımızın bərpası qarşısında maneə idi. Nəticədə Ermənistan sonrakı dövrlərdə də azərbaycanlılara qarşı etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər törədərək, habelə işğal altında olan ərazilərimizi kütləvi olaraq minalayaraq problemi daha da dərinləşdirdi. Lakin heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi. Belə ki, 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin ölkədə cərəyan edən təhlükəli proseslərin qarşısını alması, ictimai-siyasi sabitliyin təmin edilməsinin müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaratması, Prezident İlham Əliyevin isə Ulu Öndər siyasi kursunun layiqli varisi kimi siyasi müstəqilliyi gücləndirməsi, iqtisadi müstəqilliyə tam nail olması, güclü ordu və müdafiə sənayesi quruculuğu, azərbaycançılıq ideologiyası ətrafında tam milli birliyə nail olması, vətənə bağlı, milli təfəkkürlü gənc nəsilin yetişməsi vəziyyəti köklü surətdə dəyişdi.
Azərbaycanın güc, nüfuz və imkanlarının artdığı bir şəraitdə 7 il öncə Ermənistanda hakimiyyət dəyişikliyi və hazırkı iqtidarın Köçəryan-Sarkisyan cütlüyünü hakimiyyətdən kənarlaşdırması Bakı-İrəvan dialoqunun praqmatik əsasda qurulmasına ümid yaratsa da, 2018-ci ildə dəyişən Ermənistan hökuməti münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində nəinki hər hansı ümidverici addım atmadı, əksinə yeni müharibə və yeni torpaqlar tezisini irəli sürərək Azərbaycanın və vasitəçilərin bütün sülh təkliflərini rədd etdi, danışıqlara sıfırdan başlayacağını bəyan etməklə Serjik-Köçəryan qaniçən rejiminin ənənələrini rəhbər tutaraq müzakirələri uzatmaq taktikasına üstünlük verdi. Ermənistanın Baş naziri bir az da irəli gedərək Xankəndidə "Qarabağ Ermənistandır, nöqtə" deməklə danışıqları birdəfəlik sonlandırdı. Təbii ki, Azərbaycan bu status-kvo ilə barışa və İrəvanın artan ambisiyalarına laqeyd qala bilməzdi. Lakin Azərbaycan Prezidenti yenə də müharibə arzulamır, hələ də dinc həll yoluna üstünlük verməyə çalışırdı.
- Ermənistanın təcavüzkar ordusuna qarşı Azərbaycan ordusunun əks-hücumundan sonra dünya ictimaiyyəti nəyi dərk etdi?
- Ermənistan Bakının sülh və dialoqa sadiqliyini, o cümlədən münaqişələrin həlli üsulu kimi müharibələri rədd etməsini zəiflik kimi dəyərləndirərək heç bir real əsasa söykənmədən işğal miqyasını genişləndirmək iştahına düşdü. 2020-ci ildə başlatdığı II Qarabağ müharibəsi məhz həmin iddiaların praktik realizəsi idi. Lakin Azərbaycan artıq 90-cı illərin əvvəllərində başsız, milli iradə tərəfindən idarə olunmayan zəif bənd deyildi. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə, ardıcıl təxribatlarına Prezidentimizin müzəffər Ali Baş Komandanlığında verdiyi cavab yeni bir dövr başlatdı. 44 gün davam edən müharibədə Azərbaycan ordusunun Ermənistan ordusunu darmadağın etməsi, işğal altındakı ərazilərin böyük bir hissəsinin azad olunması, Kəlbəcər, Ağdam və Laçın rayonlarının bir güllə atılmadan azad edilməsi qələbəmizə siyasi çalar qatdı. Bununla da Azərbaycan torpaqlarını 30 illik işğaldan azad edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi, beynəlxlaq hüququn ümumtanınmış normalarının aliliyini təmin etdi. Lakin narahatlıq yaradan məqamlar davam edirdi və bu qəbildən hallardan biri imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin mövcud olması idi. Halbuki üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərk-silah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da, Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Lakin Ermənistan kapitulyasiya şərtlərinə əməl etməyə məcbur qalsa da, sonrakı dövrdə, xüsusən Fransa başda olmaqla, Avrostrukturların, habelə ABŞ-nin Demokratlar iqtidarının dəstəyi ilə öhdəliklərindən yayınmağa, Azərbaycanın hələ də nəzarəti tam bərpa etmədiyi Qarabağ bölgəsindən və orada hökm sürən separatizmdən ölkəmiz əleyhinə rıçaq kimi istifadə etməyə başladı. Bu çərçivədə Ermənistan və qondarma Dağlıq Qarabağ rəhbərliyi Azərbaycanın səylərinə və təşəbbüslərinə baxmayaraq heç bir vəchlə sülh müzakirələrinə başlamaq istəməməklə qeyri-konstruktiv davranışlar sərgilədilər. Üstəlik Azərbaycan və Ermənistan arasında imzalanan 10 noyabr sənədinə əsasən, Ermənistan və qondarma Dağlıq Qarabağ arasında sosial problemlərin həlli məqsədilə Laçın üzərindən keçən humanitar dəhliz separatçılara silah və sursat daşınan marşruta çevrildi. Digər tərəfdən, qlobal himayədarlarına güvənən ermənilər mütəmadi olaraq təxribatlar törətməklə yeni müharibə təhlükəsi yaradırdılar. Nəticədə Azərbaycan daha bir qətiyyətli addım ataraq 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı, bir güllə belə atmadan növbəti tarixi nailiyyətə imza atdı. Bu, prezidentin Azərbaycan xalqı və dövlətçilik qarşısında növbəti misilsiz qətiyyət nümunəsindən ibarət yeni tarixi xidməti idi. Nəticədə Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq beynəlxalq aləm tərəfindən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini təmin edərək ərazi bütövlüyünün bərqərar olunmasına nail oldu. Lakin separatçılar nəinki vəziyyəti doğru qiymətləndirmək istəmədi, əksinə, humanitar böhran şousu yaradaraq bölgədə silahlı təxribatları və müharibə cinayətlərini intensivləşdirməyə üstünlük verdilər. Məhz bu təxribatların növbətisi nəticəsində xidməti vəzifələrini yerinə yetirən polislərimizin həyatını itirməsi ölkəmizin səbrini daşırdı. İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı altında növbəti dəfə döyüşə girən qəhraman Ordusu 2023-cü il sentyabrın 19-da antiterror tədbirlərinə başladı. Qondarma rejimin özünü buraxdığını elan etməsi ilə Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Beləliklə, Azərbaycan hakimiyyətin aliliyi və nəzarət funksiyasını tam şəkildə bərpa etməklə öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və öz coğrafi ərazisində suverenliyi olan bir ölkə kimi yeni inkişaf dövrünə qədəm qoydu. Əlbəttə, bu reallıq Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyətə malikdir və Prezidentin antiterror tədbirlərində Zəfərimizə nail olunduğu gün - 20 sentyabr - Azərbaycanın bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və dövlət suverenliyinin bərpa edildiyi təqvimin xüsusiləşməsi tarixi zərurətin diktəsinə çevrildi. Azərbaycan Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilidi və bu hüquqi akt Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kuliminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir.
- Dövlət Suverenliyi Günü təsisi ilə Azərbaycan tarixində hansı səhifə açıldı və dünyaya, beynəlxalq ictimaiyyətə nələr diqtə edildi?
- Dövlət Suverenliyi Günü Azərbaycanın mövcudluğunun və institusional davamlılığının təmininin ifadəsi müstəqillik və dövlət quruculuğu tariximizin Prezident İlham Əliyevin imzası ilə formalaşan şərəf səhifəsidir. Məhz onun müzəffər Ali Baş Komandanlığı altında Azərbaycan Silahlı Qüvvələrinin Zəfərləri ilə əleyhimizə formalaşan status-kvo köklü şəkildə dəyişdi. Prezident Azərbaycan ərazilərində separatizmə son qoymaqla ölkəmizin suverenliyini tam şəkildə bərqərar etdi. Bu gün artıq Xankəndi başda olmaqla, Qarabağ iqtisadi rayonunun hər bir guşəsində üçrəngli bayrağımız əzəmətlə dalğalanmaqdadır.
- Prezidentin Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" müəyyənləşərkən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış 5 milli hədəfdən biri kimi müəyyən edilib. Bu hədəfə çatmaq üçün hansı işlər görülür?
- Prezident haqlı olaraq hesab edir ki, qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Eyni zamanda dövlətin mövqeyi ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Azərbaycan dövləti öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışının təmin olunmasına qələbənin əbədiləşdirilməsi vasitələrindən biri kimi baxır. Dövlət başçısı demək olar ki, hər ay həmin bölgələrdə səfərdə olur. Qarabağ, Şərqi Zəngəzur tarixinin heç bir dövründə bu qədər intensiv, müasir quruculuq prosesinə ev sahibliyi etməyib. Artıq əminliklə deyə bilirik ki, işğaldan azad olunmuş bölgələrdə həyata keçirilən prinsipial quruculuq-bərpa prosesi, təbii resurs bolluğu və qazanılan tarixi imic bu ərazilərə sərmayə cəlbinə imkan verməklə yanaşı bütövlükdə Cənubi Qafqazda dayanıqlı inkişafa mühüm töhfə olacaq.