Bütün hallarda bu terror aktında İran məsuliyyət daşıyır – Qulamhüseyn Əlibəyli

15:52 27.01.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Tehranda Azərbaycan səfirliyinə edilən silahlı hücum ölkənin siyasi gündəmində iki ölkə arasındakı soyuq münasibətlərin daha gərgin fazasına keçərək təhlil olunmaqdadır. Siyasi Partiyalar Azərbaycan səfirliyinə edilən silahlı hücuma nə qədər soyuqqanlı yanaşmaq istəsə də, baş verən cinayət hadisəsinin səbəbkarlarının cəzalandırılması əsas faktor kimi önə çəkilib.

Aydınlar Partiyasının sədri, hüquqşünas  Qulamhüseyn Əlibəyli hafta.az-a bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum terror aktıdır və bu terroru planlaşdırılan təşkil və icra edənlər birbaşa məsuliyyət daşıyırlar.

“Səfirlik mənsub olduğu dövlətin suveren ərazısı hesab olunur və onun mühafizəsi yerləşdiyi dövlətin, konkret halda İranın  beynəlxalq hüquqi öhdəliydir. Terrorçu avtomat silahla səfirliyə daxil olub, səfirliyin bir əməkdaşını öldürüb, digərlərini yaralaya bilirsə, deməli səfirliyin xarici mühafizəsi ya pis təşkil olunub, ya da ümumiyyətlə olmayıb.Yaxud da mühafizəni həyata keçirənlər terrorçu ilə əlbir olub. Bütün hallarda bu terror aktında İranın məsuliyyəti yetərincə var və o, beynəlxalq hüququn tələblərinin pozulmasına görə məsuliyyət daşımalıdır”. 

Q.Əlibəyli qeyd edib ki, bu terror aktı onsuz da gərgin olan İran-Azərbaycan münasibətlərinin daha da gərginləşməsinə gətirib çıxaracaq.

“Münasibətlərin gərginləşməsində ilk növbətə rəsmi İran özü maraqlı tərəfdir. Bunu İranın  Azərbaycana münasibətdə dəfələrlə sərgilədiyi siyasətdə, rəsmi açıqlamalarda, təcavüzkar Ermənistanı himayə və mühafizə etməsində görmüşük. Terrorçunun etnik mənsubiyyətindən asılı olmayaraq İran və özünün qardaşı hesab etdiyi Ermənistan bu aktı torətməkdə maraqlı ola bilər. Ona görə də Azərbaycanın müvafiq orqanları istintaq prosesində bilavasitə iştirak etməlidirlər”.

Partiya sədri Fransada və Böyük Britaniyada səfirliyimizə olan hücumlara da toxunub. O, bildirib ki, adıçəkilən ölkələrdə səfirliklərimizə təşkil olunan hücumlar bir qrup tərəfindən törədilmişdi.

“O qrup silahsız idi və insan tələfatı ilə sonuclanmadı.  Bu terror hadisəsi isə silahlı basqın şəklində baş verib və insan təlafatı ilə, səfirliyimizin əməkdaşının şəhid olması ilə nəticələnib. Allah şəhidimizə rəhmət etsin”.

Siyasət rubrikasından digər xəbərlər