Azərbaycanlı ekofəalların Laçın yolundakı etiraz aksiyaları fonunda yaranan vəziyyəti dramatikləşdirməyə çalışaraq siyasi mənfəət qazanmağa çalışan separatçıların fırıldaqçı milyarder naziri Ruben Vardanyan ardıcıl şəkildə şok yaşamaqdadır.
Öncə planlaşdırdığı mitinqləri baş tutmayan separatçıların "naziri" indi də, əsəblərinə hakim ola bilməyərək rus sülhməramlıları ilə Paşinyan hökumətini "topa tutub".
Hafta.az separatçı "nazir"in bəzi etiraflarını və ona şok yaşadan məqamlarla bağlı açıqlamalarından bəzilərini diqqətinizə çatdırır.
Vardanyan deyir:
“Mən görürəm ki, müxtəlif ölkələrdə bir çox insanlar reaksiya verir, amma dövlətlər, beynəlxalq təşkilatlar səviyyəsində lazımi reaksiya yoxdur. Ancaq uzağa getməyə ehtiyac yoxdur, Ermənistanın özü reaksiya vermir və mən belə biganəlik və ehtiyatlılıq gözləmirdim”, - Vardanyan bildirib.
O, Ermənistanın İctimai Televiziyasının dövlət kanalı olmaqla heç vaxt onu və ya separatçıların digər nümayəndələrini müsahibəyə dəvət etməməsindən təəccübləndiyini bildirib.
“Bu, Artsaxda (Qarabağda red.) baş verənlərə cavab verməli olan dövlət kanalıdır. Maraqlıdır, Ermənistanın İctimai Televiziyasının əməkdaşları və rəhbərliyi burada baş verənlərə xalqla birlikdə cavab verməyi vacib saymırlarsa, bu vəziyyətə necə baxırlar, sonra dostlarının və tanışlarının gözünün içinə necə baxırlar”, - Vardanyan bildirib.
Onun fikrincə, bu, ya müəyyən tendensiyadır, ya da biganəlikdir, lakin heç biri qəbuledilməzdir. “Biz təkcə humanitar fəlakətə deyil, həm də böyük insan itkilərinə səbəb ola biləcək böhran vəziyyətindəyik (Laçın yolundan bütün humanitar yüklər maneəsiz hərəkət etmək imkanına malikdir, burada Vardanyan əvvəl deyildiyi kimi, vəziyyəti sadəcə son dərəcə dramatikləşdirir. red.) və mən başa düşə bilmirəm ki, bizim təşkilatların, partiyaların, hakimiyyət və müxalifətin reaksiyası niyə belə zəifdir”.
O, beynəlxalq təşkilatların reaksiyasını da qəbuledilməz adlandırıb. Hazırkı vəziyyətdə Rusiya sülhməramlılarının davranışını şərh edən Vardanyan deyib ki, onlar sadəcə olaraq “üzünü xilas etməyə çalışırlar”. “Bir daha onların öz maraqlarından çıxış etdiklərinin şahidi oluruq, amma susuruq. Azərbaycan və Rusiya ilə üçtərəfli bəyanat imzalayan Ermənistan onun həyata keçirilməsini tələb etmir. Azərbaycan buna uyğun olaraq öz müddəalarını sakitcə pozur, Rusiya isə Ermənistanın susması fonunda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Hamı sakitcə baş verənləri izləyir”, - Vardanyan bildirib.
Göründüyü kimi, Azərbaycanın Laçın yolunda 8 günlük aksiyası belə kifayət edir ki, separatçıların əsir aldıqları Xankəndindəki dinc ermənilər həqiqətin necə olduğunu görsünlər və anlasınlar.