“Xankəndi və ətraf ərazilər üzərində Azərbaycanın suverenliyinin bərpası öz məntiqi sonluğuna yaxınlaşır. Prosesin aydın mənzərə almasına əlbəttə ki, Azərbaycan dövlətinin apardığı şaxəli siyasətlə yanaşı, Xankəndi - Laçın yolunda Azərbaycan ictimai aktivistlərin keçirdiyi aksiyanın əhəmiyyətli təsiri var”.
Bunu hafta.az-a Qərb-Rusiya arasında gedən region davasının Azərbaycana təsirləri müstəvisində hüquqşünas Vüqar Dadaşov bildirib.
Ekspert bildirib ki, Ermənistan - Azərbaycan sərhəddində və eləcədə Xankəndi - Laçın yolu üzərində Azərbaycanın suverenliyinin bərpası çərçivəsində nəzarət buraxılış məntəqəsinin və digər müvafiq nəzarət postlarının beynəlxalq hüquq və standartlara uyğun qurulması artıq həll edilmiş məsələdir. Onun fikrincə, məsələnin həlli, erməni separatçılarına himayədarlıq edən rus "sülhməramlılar"ın birbaşa iştirakı ilə Xankəndi - Xəlfəli yolu ilə Ermənistandan Xankəndinə silah - sursat karvanının təkzibedilməz sübutlarla daşınması faktının dünya ictimaiyyətinə təqdim edilməsi, Xankəndi və ətraf ərazilər üzərində Azərbaycanın suverenliyinin tam bərpası ilə yanaşı və həm də rus "sülhməramlılarının" Qarabağdan çıxarılması üçün əsas yaradır.
V.Dadaşov hesab edir ki, proseslərin belə istiqamətdə getməsi Ermənistanla yekun sülh müqaviləsi imzalanana qədər Azərbaycanın öz suveren ərazilərində geniş antiterror əməliyyatının keçirilməsini də daimi gündəmdə saxlayır.
“ABŞ və Avropa İttifaqının Azərbaycanın istəyinə uyğun Ermənistan - Azərbaycan arasında birbaşa dialoqun qurulması tərəfdarı kimi çıxış etməsi, hər iki tərəfə tərəfdaş olduğunu bəyan etməsi və hər iki tərəf daxilində kommunikasiya infrastrukturunun suverenlik prinsiplərinə uyğun təşkilini dəstəkləməsi regionda sülhün bərqarar olmasına və Rusiyanın bölgədən çıxarılmasına hesablanıb. Rusiyanın israrlı təkliflərinə baxmayaraq Ermənistanın Azərbaycanla sərhəddə KTMT qüvvələrinin yerləşdirilməsinin rədd edərək Avropa İttifaqının mülki missiyasının Ermənistan tərəfdən sərhəddə yerləşdirilməsi bir mənalı Rusiya qarşı siyasi və hərbi nəticələr verə biləcək qərar idi. Azərbaycanın Rusiyaya Xankəndidə və ətraf ərazilərdə separatizmi alovlandırmaq cəhdi və oraya Ermənistandan silah-sursat daşınmasını təşkil etməsinə yüksək səviyyədə qəti etirazı proseslərin qeyd etdiyim məcrada getdiyini göstərir”.
Ekspert qeyd edib ki, Rusiya Ukraynada təcavüzkar müharibəsi ilə özünü bütün sivil dünyaya qarşı qoyub və Rusiya yaratdığı və dəstəklədiyi konfliktlərlə özünün regionlarda mövcudluğunu təmin edir. O, hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, Xankəndidə və ətraf ərazilərdə Azərbaycanın suverenliyinin bərpası Rusiyanın regiondan çıxışı ilə nəticələnməlidir.
“Bu həm də Ermənistandakı rus hərbi bazalarına aiddir. Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasına dair silsiləli və eyni ilə Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin rus sülhməramlılarına qarşı etiraz aksiyaları Rusiyanın bölgədən çıxarılması üçün aparılan davamlı əməli siyasi xəttidir. Gürcüstanda da xaricdən maliyyələşən təşkilatlarla bağlı Rusiyada qəbul edilmiş qanuna uyğun yeni qanun lahiyəsinə qarşı keçirilən aksiyanın prezident Salome Zurabaşvili tərəfindən dəstəklənməsi Cənubi Qafqazda Rusiya-Qərb qarşıdurmasının həlledici mərhələdə olduğunu göstəricisidir. Qərbin Rusiyaya qarşı bu davamlı təzyiqinə Moskvanın regionda xarakterindən asılı olmayaraq müxtəlif təxribatlar həyata keçirəcəyi şübhəsizdir”.