Ciddiyə alınmayan təhlükə - azyaşlıların internet asılılığı

13:26 18.03.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

, telefon asılılığından necə xilas etmək olar?

Müasir dünyamızı kompüter, smartfon və internetsiz təsəvvür etmək mümkün deyil. Təxminən, bir ilə yaxındır ki, koronavirus pandemiyası səbəbindən dünya ölkələrində tətbiq olunan sərt karantin rejimi bu vasitələrin əhəmiyyətini daha da artırıb. Tədqiqatlar göstərir ki, sərt karantin rejimi insanların, xüsusilə də yeniyetmə və gənclərin internet asılılığını daha da dərinləşdirib.

Qeyd edək ki, internet asılılığı termini ilk dəfə 1995-ci ildə İvan Qoldberq tərəfindən işlənib. Onun ilk dəfə zarafatla işlətdiyi bu ifadə az sonra müvafiq elmi dairələrdə ciddi termin kimi qəbul edilməyə başlanılıb. Patoloji internet istifadəsi kimi internet asılılığını bildirən ifadələr 1990-cı illərdən müxtəlif nəşrlərdə öz əksini tapıb. Psixiatr Kimberly Younqun “İnternetdən asılılığın meyarları” adlı yazısının dərc edildiyi hesabatda qeyd edilir ki, internet asılılığı gec yaşlarda başlayan psixoaktiv maddə, spirt və qumar asılılığının əksinə olaraq, daha gənc yaşlarda başlayır. Bu asılılığın kişilərdə qadınlara nisbətən 2-3 dəfə daha çox olduğu müəyyən edilib. İnternet asılılığının yalnız psixoloji deyil, fiziki problemlərə da gətirib çıxardığı bildirilir. Bunların arasında kökəlmə və kürək ağrısı daha geniş yayılıb. Bundan əlavə, yeniyetmələrin gündəlik həyatlarında sosial problemlər də ortaya çıxır. Gündəlik dərs, asudə vaxt və digər fəaliyyətlər nizamlı şəkildə həyata keçirilmir, daim diqqətin yayınması qiymətlərə mənfi təsir göstərir, bu cür şagirdlərin məktəb davamiyyəti də ürəkaçan olmur.

İnternet, mobil telefon, sosial media asılılığı bu gün digər ölkələr kimi Azərbaycanda da ciddi problemdir. Acınacaqlısı odur ki, yeniyetmə və gənclər arasında internet, sosial mediadan istifadə faizi böyüklərlə müqayisədə daha yüksəkdir. Məsələn, 14-18 yaşlı yeniyetmələr, hətta azyaşlı uşaqlar özlərini real həyatdan daha çox “İnstagram“, “Facebook“, Snapchat“, “TikTok“ və digər şəbəkələrdə isbat etməyə çalışırlar. Sosial şəbəkədəki “mən“ini real həyatdan daha vacib hesab edən gənclərin ”qazandıqları” bəyənmə, təkrar paylaşım və müsbət rəylər sayəsində özünə inamı artdığı və öz eqosunu gücləndirdiyi kimi, mənfi rəy və nifrət məsajları psixoloji problemlərə yol açır. Mütəxəssislər eyni zamanda valideyn nəzarətindən kənar qalan ünsiyyətin daha dərin fəsad və sui-istifadə hallarına yol açması barədə xəbərdarlıq edirlər. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı  2018-ci ildə kompüter və video oyunlarına aludəçiliyi rəsmi şəkildə psixi xəstəliklər kataloqunda xəstəlik kimi tanıyıb.Almaniyanın Münster Universitetinin kommunikasiya elmləri üzrə araşdırmaçısı Torsten Kvandt isə yaxın gələcəkdə mobil telefonlardan tutmuş sosial media asılılığına kimi bir sıra media aludəçiliyinin müstəqil media xəstəlikləri kimi sinifləşdirilməsini mümkün sayır. Onun fikrincə, adı rəsmən elan edilməsə də, internet, sosial şəbəkələrdən həddən ziyadə istifadə və asılılıq insan psixikası üçün sağlam sayıla bilməz və çox güman ki, yaxın gələcəkdə tibb elmində bununla bağlı konkret fikir və terminlər meydana gələcəkdir. Hazırda isə sosial medianın insan psixikasına mənfi təsirləri ümumiləşdirilmiş şəkildə “sosial media pozuntusu“ (social media disorder) adlandırılır.

Bəs, görəsən, azyaşlıları internet, telefon asılılığından necə xilas etmək olar? Bu məsələdə ailələrin üzərinə hansı məsuliyyət düşür? İnternet, telefon asılılığı uşaqlarda hansı xəstəliklərə yol açır?

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən psixoloq Vəfa Rəşidova deyib ki, internetdən asılılıq son illərin ən dəhşətli problemidir: “Əgər biz bunu pandemiyaya bağlasaq, doğru yanaşma olmaz. Çünki bu problem pandemiyadan əvvəl də var idi.

Sadəcə pandemiya problem bir qədər də dərinləşdirdi. İnsanlar bir şeyi dərk etməlidirlər ki, biz sovet dövründə yaşamırıq. Biz inkişaf edən bir ölkəyik və eyni zamanda, dünyada baş verən proseslər hər kəsə məlumdur. Təbii ki, biz inkişaf etməliyik, müasir vasitələrdən istifadə etməliyik. Amma bizdə əsas problem budur ki, insanlar kompüterdən, internetdən normasından artıq istifadə edirlər. Təsəvvür edin, ac insana yemək üçün tort verirsiniz, o, tortu necə yeyirsə, bizim insanlarda da internetlə, sosial media ilə elə davranırlar. Əslində bu vasitələr insanların işini asanlaşdırmaq üçündür. Lakin təəssüflər olsun ki, insanlar bundan sui-istifadə etdilər, müxtəlif tətbiqlər, oyunlar yaradıldı. Düzdür, bu da normaldır. Amma insanlar bu vasitələrdən qaydasında istifadə edə bilmədilər. Yəni, bu məsələdən təkcə uşaqlar deyil, biz böyüklər də əziyyət çəkirik. Əslində həmin kompüteri, telefonu uşağa biz tanıtmışıq. Tutaq ki, uşaq 5-6 aylıq olanda valideyn ona telefonu veririr ki, uşağın başı qarışsın. Biz o uşaqdan 14 yaşda nə gözləyə bilərik”.

Müsahibimiz vurğulayıb ki, uşaqlarda internet və mobil vasitələrə yaranan bağlılıq birmənalı olaraq ailədən qaynaqlanır: “Bəzən valideynlər özləri uşaqlarına mobil telefon verib onlardan bununla başının qatmasını istəyirlər. Amma bu tamamilə yanlış bir davranışdır. Valideyn elə bilir ki, uşağa telefon verib saatlarla mətbəxdən çıxmamaqla övladını düzgün istiqamətləndirir. Əslində uşaqlarda telefon və internetə asılılıq yaratmamaq üçün onlarla daha çox maraqlanmaq lazımdır. Uşaqları başdan etmək, yola vermək  qətiyyən olmaz. Belə olduqda uşaqlar diqqət çəkmək üçün aqressiv davrana bilir. Bu problemlər həll olunmadıqda yeniyetməlik dövründə bunun qarşısını ümumiyyətlə almaq olmur. Uşaqlarla daha çox ünsiyyətdə olmaq, birgə vaxt keçirmək lazımdır. Məsələn, birgə film izləmək və sonra həmin filmi müzakirə etmək, bir neçə saat həyətdə oynamaq  uşaqların psixologiyasının korreksiyasında  çox böyük rol oynayır. Valideyn öz sevgisini övladına mənəvi cəhətdən aşılamalıdır. Belə olduqda uşaq həm sevgi doyumsuzluğundan əziyyət çəkməz, həm də daxilən rahat olar. Belə olanda internet, mobil telefon uşağın maraq dairəsində olmacaq. Təbii ki, bunun üçün ailədə nizam-intizam, disiplin olmalıdır. Düzdür, elə uşaqlar da var ki, onlar telefon, internetlə bağlı qadağaları aqressiya ilə qarşılayırlar. Bu yanaşmanı da valideyn korreksiya etməlidir. Və övladına başa salmalıdır ki, kompüterdən, telefondan zamanlı şəkildə istifadə etmək normal haldır. Heç bir valideyn düşünməsin ki, kompüter, telefon olmasa, onun uşağı düzələcək. Belə bir şey mümkün deyil. Necə ki, küçələrdə pisliklər var, yaxşı adam da var, pis adam da var, bu da təxminən belə bir şeydir. Yəni, cəmiyyətdə ziyanlı və ziyansız vasitələr var. Amma valideyn öz uşağını elə formalaşdırmalıdır ki, o, ziyanlı vasitəni anlasın və başa düşsün, özünə ziyan verməsin. Bu gün uşaqlar özlərinə ziyan verirlər, saatlarla kompüter, telefonla məşğul olurlar. Bunlar hamısı ailədə nizam-intizamsızlıqdan, disiplinin olmamasından irəli gəlir".

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən həkim-pediatr Vaqif Qarayev bildirib ki, uşaqları texnoloji avadanlıqlardan tamamilə məhrum etmək mümkünsüzdür: “Əslində bu qlobal bir problemdir. İndiki uşaqlarla əvvəlki dövrdəki uşaqlar arasında olduqca fərq var. Uşaqların telefonlara və digər texnoloji avadanlıqlara olan aludəçiliyi mütləq onların sağlamlığına ziyan gətirəcək. Məsələn, 2-3 yaşındakı uşaq saatlarla telefonda oynayırsa, beynini yorur, onda yuxu və yemək pozğunluğu yaranır, yayılan radiasiya onun aqressivliyinə səbəb olur”.

Pediatr bildirib ki, texnoloji vasitələrdən çox istifadə etməsi uşaqların nitqində ciddi qüsurlara, nitq ləngimələrinə də səbəb olur:  "Körpə valideynlərinin danışdıqlarını eşidir, sözlər yaddaşında qalır, amma dil saatlarla işləmədiyinə görə onun nitqində qüsurlar yaranır. Bəzən bu mövzuda bir sıra mübahisələr olur. Ananın biri uşağı telefondan tamamilə məhrum etdiyini və bunun mümkün olduğunu deyir. Digər ana isə uşağın mobil telefondan asılılığına son qoymağın qeyri-mümkünlüyünü deyir. Hətta bəzi analar əsəbi sakit olsun deyə uşağın uzun müddət telefonla oynamasına icazə verirlər”.

Həkimin sözlərinə görə, uşaqların diqqətini cəlb etmək üçün alternativ yollar axtarmaq lazımdır: "Körpələrin maraq dairəsinə uyğun vasitələrdən istifadə edilməlidir. Valideynlər bilməlidir ki, mobil telefon və digər texnolji avadanlıqlar uşaqların həm fiziki, həm də əqli inkişafına ciddi ziyan vurur. Anaların aktiv olması da vacibdir. Elə analar var ki, körpənin diqqətini cəlb etmək üçün fərqli metodlardan istifadə edirlər. Ona görə də bu məsələdə valideynlərin üzərinə məsuliyyət düşür”.

Oxunma sayı 391