Son illər dünya siyasətində yeni qütbləşmə tendensiyası müşahidə olunmaqdadır. Qərbin hegemonluğuna qarşı yönələn bu proseslərdə, xüsusilə də ABŞ-Çin rəqabətində balans dəyişməkdədir. Çin dövləti klassik güc nümayişindən çox, iqtisadi, diplomatik və texnoloji imkanları ilə “yumşaq güc” siyasətini önə çəkərək yeni bir qlobal düzənin əsas aktorlarından birinə çevrilməkdədir. Təsadüfi deyil ki, Şanxay Əməkdaşlıq Təşkilatının Tiencin şəhərində keçirilən sammiti və ardınca Pekində təşkil olunan hərbi parad, beynəlxalq medianın diqqətini bu istiqamətə yönəltdi. Mövcud geo-siyasi balanslar dəyişərkən, Cənubi Qafqaz və Azərbaycan kimi strateji bölgələrdə baş verənlər də daha çox əhəmiyyət kəsb edir. Mövzunun aktuallığı və çoxşaxəli məqamlarını nəzərə alaraq, siyasi şərhçi Əli Orucovla hafta.az üçün söhbətimizdə həm regional, həm də beynəlxalq arenada baş verən proseslər fonunda Çinin artan gücünü, onun ŞƏT-dəki rolu, eləcə də bu kontekstdə Azərbaycan-Ermənistan münasibətləri və Rusiya ilə formalaşan yeni siyasi reallıqları müzakirə etdik.
-Əli bəy, Şanxay Əməkdaşlıq Təşkilatının Tiencin şəhərində keçirilən sammiti, ardınca isə Pekində hərbi parad bir sıra aparıcı dünya nəşrlərinin Çinin rəhbərliyi ilə ABŞ hegemonluğuna qarşı yeni dünya düzəninin qurulması iddiasını irəli sürməsinə səbəb olub. Necə hesab edirsiz, doğrudan da belə bir düzən baş tuta bilərmi?
-Çinin son illər sıçrayışlı inkişafı və artan iddiaları Birləşmiş Ştatlarda ciddi narahatlıqlar yaradıb. Çin dünyanın böyüyən iqtisadiyatına və zəngin potensiala malikdir və bu da yeni nizamın formalaşdırılmasına geniş imkanlar yaradır. Pekin yumşaq gücdən məharətlə istifadə edərək Birləşmiş Ştatların yerini tədricən tutmaqdadır. Çin Ukrayna-Rusiya müharibəsindən ustalıqla bəhrələnir və şərtlərini diqtə edir. Hazırda bütün parametrlərə və göstəricilərə görə Pekin Qərblə rəqabət qabiliyyətlidir və bir çox sahələrdə liderliyi ələ keçirib. ŞƏT-in növbəti Zirvə Toplantısında Çin liderinin özünü rahat və inamlı aparması diqqətdən yayınmadı. Digər iştirakçı dövlətlərin Çinlə geniş əməkdaşlığa can atması təsadüfi deyil. Pekin həm ŞƏT, həm “BRİCS” formatında beynəlxalq siyasi münasibətlər sistemində ənənəvi stereotipləri dağıtmaqda və ətrafına yeni-yeni dövlətlər cəlb etməkdədir. Çinin üstünlüyü Birləşmiş Ştatlardan fərqli olaraq yürütdüyü qarşılıqlı maraqları təmin etməsi və öz maraqları naminə gücdən istifadədən çəkinməsidir. Baxmayaraq ki, Çin dünyanın ən qüdrətli ordularından birinə və nüvə silahına malikdir. Son dönəmlər də Silahlı Qüvvələrini və raket texnologiyalarını təkmilləşdirməkdə, nüvə arsenalını böyütməkdədir. Çin istehsalı olan silahlar dünya silah bazarından Qərbi sıxışdırıb çıxarmaqdadır. Biz Çinin hərbi texnoloji üstünlüyünü bir həftəyə yaxın davam edən Pakistanla Hindistan arasındakı müharibədə də gördük. Çin istehsallı hərbi təyyarələr də Fransanın istehsal etdiyi hərbi təyyarələrdən üstünlüyünü sübuta yetirdi...
Məhz Trampın da Rusiya ilə tezliklə sövdələşmələrə gedib onu Ukrayna ilə müharibəni dayandırmağa sövq etmək cəhdlərinin başlıca səbəblərindən biri Çininin artan rolunun və nüfuzunun qarşısını almaqdır. Pekin də bunu çox yaxşı anladığından Qərbin Moskva ilə hələ uzun müddət məşğul olmasında maraqlıdır. Ona görə də Rusiyanı açıq-gizli dəstəkləməklə həm Rusiyanı özündən asılı vəziyyətə salır, həm də Birləşmiş Ştatlarla bazarlığını aparır. Faktiki olaraq Çin uzun illər davam edən təkqütblü dünyanı iki qütblü dünyaya çevirə bilib. Pekindəki hərbi parad Pekinin rəqiblərinə əzələ nümayişi və varlığının isbatıdır...
-Hindistanın Çindəki tədbirdə Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzv olmasına qarşı çıxmasını necə dəyərləndirirsiz?
-Azərbaycanın ŞƏT-in növbəti sammitində iştirakı və Prezident İlham Əliyevin rəsmi səfər zamanı təntənə ilə qarşılanması dövlətimizə göstərilən ehtiram və diqqətdən qaynaqlanır. Bu gün ölkəmizə etimad göstərilir və onunla hesablaşılır. Çağdaş dünyamızda dövlətlərin gücü ərazisi və əhalisi ilə deyil, beynəlxalq aləmdə oynadığı rolu, imzasına, dostluğuna və müttəfiqliyinə sadiq qalması ilə müəyyənləşdirilir. Planetin siyasi xəritəsinin yenidən çızılması və nizamın yenidən şəkilləndirilməsi uğrunda kəskin rəqabətin və qütbləşmənin baş verdiyi indiki qeyri-sabit, mürəkkəb dönəmdə Qlobal Şərqlə Qlobal Qərb arasında balansı qorumaq, hətta bu iki nəhəng siyasi güc arasında körpü olmaq Azərbaycanın xarici siyasətinin uğuru hesab edilməlidir. Bu da imkan verir ki, rəsmi Bakı öz maraqlarını da maksimum şəkildə qoruya bilsin...
Azərbaycan Çinlə strateji tərəfdaşdır. ŞƏT-də təmsil olunan dövlətlərin əksəriyyəti ilə də strateji müttəfiq və tərəfdaşdır. Bu dövlətləri iqtisadi, ticari və dostluq telləri bağlayır. Azərbaycanın Hindistanın ŞƏT-ə üzvlük məsələsini bloklaması Dehlinin qısasçılığından irəli gəlir. Məlumdur ki, qısa müddətli Pakistan- Hindistan müharibəsində Bakının haqlı və beynəlxalq hüquq normalarına uyğun sərgilədiyi davranışını Modi iqtidarı hələ də həzm edə bilmir. Qatı millətçi olan baş nazirin destruktiv və təxribatçı addımları Cənubi Asiyanı gərginlikdə saxlamaqdadır. Hindistan onsuz da Azərbaycanın artan beynəlxalq nüfuzuna belə addımları ilə mane ola bilməyəcək. Dehli təkcə Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklamadı, həmçinin dostu olan Ermənistanın da həmin quruma üzvlüyünə sədd çəkilməsinə səbəb oldu. Pakistan da Hindistana cavab olaraq Ermənistanın təmsilçiliyinə veto qoydu. Beləliklə də Modinin bu davranışı ŞƏT-i Cənubi Qafqaz kimi geostrateji regionun geniş imkanlarından kənarda saxladı. Hindistanın qərəzli və cılız hərəkərlərindən, əlbəttə, təşkilat məmnun qalmadı və bunun ümumi maraqlara zərər vurduğunun fərqində oldu. Hesab edirəm ki, Hindistan bununla Cənubi Qafqazdan, o cümlədən Azərbaycan üzərindən keçən qlobal layihələrdə, nəqliyyat- kommunikasiya, logistika xətlərində öz işini çətinə saldı. Nəzərə almaq lazımdır ki, bütün Qərb-Şərq, Şimal-Cənub nəqliyyat xətləri Azərbaycandan keçir və Azərbaycan nəqliyyat qovşağına çevrilir, o zaman Hindistan nələri itirdiyinin fərqinə sonradan varacaq. Pakistanla münasibətlərə görə seçim etmək Dehlinin ən böyük səhvidir.
-Putin bir yandan Çindəki tədbirdə ilk olaraq Paşinyanla görüşür, digər yandan Rusiyada Ermənistanın ən böyük logistika şirkətlərindən biri olan “Spayka”ya məxsus təxminən 100 yük maşını saxlanılır və artıq 4 gündür şirkətə aid furqonlar Rusiyaya yük çatdıra bilmir. Bunlarla paralel Ermənistanda revanşist və rusiyapərəstlərin mövcud hakimiyyətə qarşı fəaliyyəti gücləndirilir. Sizcə, Rusiya-Ermənistan münasibətləri hansı istiqamətdə inkişaf edir?
-Göz önündədir ki, Putinin keçmiş SSRİ-nin sərhədlərinin bərpası və dünyanın yenidən bölüşdürülməsi kimi ambisioz planları iflasa uğradı. Onun strateqlərinin və ətrafının yanlış hesablamaları Rusiyanı Ukrayna bataqlığına, ondan əvvəl isə Yaxın Şərq fırtınasına saldı. Kreml geriyə dönüşü olmayan yolda irəlilədikcə əlində olanları da davamlı olaraq itirməkdədir. Moskvanın özünün təbii təsir zonası hesab etdiyi Cənubi Qafqazda da proseslər artıq onun istədiyi kimi getmir. Özünün qurduğu və ərsəyə gətirdiyi, hər zaman himayədarlıq etdiyi, haqlı olaraq “forpost”u adlandırılan Ermənistan yeni baş nazirin rəhbərliyi, yönətiçiliyi ilə Rusiyadan uzaqlamaqdadır. Doğrudur, nə İrəvan, nə də Moskva hələ ki, açıq konfrantasiyaya getməkdən çəkinirlər və Kreml daha çox iqtisadi və siyasi təsir rıcaqlarından istifadə etməkdədir. Məlumdur ki, Emənistan iqtisadi və enerji təminatı cəhətdən Rusiyadan asılıdır. Rusiya Ermənistan məhsulları üçün böyük bazardır. Ancaq uzun müddət ikili oyun oynamaq getdikcə Paşinyan üçün çətinləşir və artıq açıq, qəti mövqe tələb olunur. İrəvan eyni anda bir-birinə zidd olan Qərblə, Birləşmiş Ştatlarla, Rusiya və onun patronajlığı altında yaradılan hərbi-siyasi və iqtisadi təşkilatlarda təmsil oluna bilməz. Ancaq Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə dövlətlərarası münasibətləri qurulmayınca və əlaqələr yaranmayınca İrəvanın alternativ təhükəsizlik, iqtisadi, siyasi müstəqillik təminatı demək olar ki, yoxdur...
Avqustun 8-də Ağ Evdə Trampın təşəbbüsü ilə əldə edilən tarixi razılaşmalar Moskvanı məmnun etmədi və ciddi şəkildə onun maraqlarına toxundu. Regionda inkişafa, davamlı sülhə və təhlükəsizliyə, rifaha, əməkdaşlığın möhkəmləndirilməsinə geniş imkanlar açan sənədlərin imzalanmasının həyata keçirilməsinə mane olmaq üçün Rusiya hərəkətə keçib. Hesab edirəm ki, Rusiyada Ermənistanın ən böyük logistika şirkətlərindən biri olan “Spayka”ya məxsus təxminən 100 yük maşınının saxlanılması və günlərlə şirkətə aid furaların Rusiyaya yük çatdırılmasına imkan verilməməsi Moskvanın təzyiqlərinin tərkib hissəsidir. Proseslərin bu cür axını hətta Kremlin Ermənistana qarşı iqtisadi sanksiyaları və ticarət müharibəsinədək apara bilər. Bununla paralel olaraq siyasi basqılar da artmaqdadır. Rusiya arsenalındakı “silahları” işə salıb və Paşinyana əzələ nümayişi intensivləşdiriləcək. Putinin ŞƏT Zirvə Toplantısı çərçivəsində görüşü qısa müddətli olduğundan məncə qarşılıqlı maraq doğuran müzakirəsinin geniş və hərtərəfli müzakirəsi aparılmayıb. Kadrlardan da göründüyü kimi, erməni baş nazir daha çox Ərdoğanla və İlham Əliyevlə təməslara üstünlük verir...
- Azərbaycan prezidenti İlham Əliyev Çindəki məlum sammit çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla təkbətək və Tükiyə lideri Rəcəb Tayyib Ərdoğanla birgə yetərincə mehriban görüşdü, Çin liderinə artıq iki ölkə arasında sülh yarandığını bildirdi. Görəsən, bu fonda Azərbaycan-Ermənistan Yekun Sülh sazişinin tezliklə imzalanacağına ümid etmək olarmı, yoxsa?..
-Çində Azərbaycan, Türkiyə və Ermənistan liderlərinin həmçinin birinci xanımların mehriban görüşləri gündəmin əsas müzakirə mövzularından biridir. Bu mənzərə uzun illər qarşıdurma və müharibə şəraitində olan dövlətlərin yeni dönəmə qədəm qoyduqlarının və barışa can atma mesajı kimi də yozula bilər. Etimad mühitinin yaradılması, anlaşıla bilən dildə danışılması yekun sülhə bir addım da yaxınlaşdırır və bu vacib amildir. Ankara-İrəvan və Bakı-İrəvan arasında münasibətlərin normallaşdırılmasında sərgilənən belə ortam ümidləri daha da artırır. Sülh sazişi artıq paraflanıb. Onun tezliklə imzalanması İrəvanın siyasi iradəsinə və qətiyyətinə bağlıdır. Əgər Ermənistan Konstitusiyasında tələb olunan Azərbaycana və Türkiyəyə qarşı təsbit olunan hallar aradan qaldırılarsa, dövlətlər arasında Yekun Sülh Sazişinin ilin sonuna, ən uzağı gələn il Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra imzalanması mümkün olar...