Bu pasportu alanlara hər yerdə “yaşıl işıq” olacaq
Hazırda bütün dünyanın gündəmində COVID-19 pandemiyasına qarşı nəzərdə tutulan vaksinlər və onların kimlərə tətbiq olunacağı məsələsidir. Qeyd edək ki, artıq koronavirusla bağlı müxtəlif ölkələrdə vaksinasiya prosesinə başlanılıb. Hazırda dünyada bir neçə vaksin var. Onlardan “Pfizer” və “BioNTech” şirkətlərinin hazırladığı vaksin, ”Moderna" şirkətinin hazırladığı vaksin, Çinin istehsal etdiyi “CoronaVac” vaksini, Rusiyanın hazırladığı “Sputnik-V” vaksin, Çinin “Cansono Biologics” və “Walvax Biotechnology”nin hazırladığı “Janssen” vaksinini misal göstərmək olar. Avropa və Amerika “Pfizer” və “BioNTech” şirkətlərinin birgə hazırladığı vaksindən istifadə edir. “Pfizer” Amerikanın nəhəng farmaseftik şirkətlərindən biri, “BioNTech” isə Almaniya şirkətidir. Bu vaksin 3-cü mərhələ sınaqlarından uğurla çıxıb və 95 faiz effektiv olduğu bildirilir. Peyvəndin yaşa, etnik qrupa və cinsə qarşı tutarlılıq göstərdiyi ifadə edilən açıqlamada peyvəndin 65 yaşdan yuxarı insanlarda 94 faiz təsirli olduğu qeyd edilib. Qeyd edək ki, vaksinin 95 faizli effektivliliyin alınmasından ötrü bir neçə həftə fasilə ilə iki dozanın vurulması tələb edilir.
Bu ayın sonuna doğru Azərbaycanda da vaksinasiya prosesinə başlanılacağı gözlənilir. Məlumata görə, insanlara könüllülük əsasında vaksinin hər iki dozası vurulacaq. Birinci dozanı qəbul edən insanlara ikinci dozanı vurdurmaları üçün xəbərdarlıq ediləcək. Elektron sistem e-təbib proqramı üzərində olacaq. Sistem demək olar ki, tam hazırdır. Bundan başqa, barkodlu və hər şəxsə məxsus ”COVID-19" pasportu da hazırlanıb. Ehtiyac yarandığı təqdirdə peyvənd etdirəcək şəxslərə bu pasport veriləcək. Həmin pasportla həm ölkə daxilində, həm də ölkə xaricində sərbəst şəkildə istənilən yerə getmək mümkün olacaq.
Mövzu ilə bağlı hafta.az-a danışan Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Könül Cəfərova da vurğulayıb ki, artıq dünyanın bir sıra ölkəsində yeni növ koronavirus infeksiyasına qarşı vaksinasiya tədbirlərinə başlanılıb: “Bu tədbirin yaxın zamanda könüllülük əsasında Azərbaycanda da tətbiq olunacağı gözlənilir. Artıq Türkiyə və Rusiyadan vaksinlər alınıb. Əksər ölkələrdə vaksinasiyanın birinci mərhələsinə risk qrupuna daxil olanlar cəlb olunub. Təbii ki, bizdə də ilk növbədə risk qrupuna daxil olan insanlar peyvənd olunacaq və onlara COVID-19 pasportu veriləcək. Bu pasportu alanlara demək olar ki, hər yerdə “yaşıl işıq” olacaq və sənəd həm ölkə daxilində, həm də ölkə xaricində tanınacaq. Risk qrupu dedikdə biz əsasən, yaşı 65-dən yuxarı olanları, uzun müddət xroniki xəstəliklərdən əziyyət çəkənləri və tibb işçilərini nəzərdə tuturuq. Vaksinasiyanın epidemik prosesin qırılmasına təsiri onun kütləvi olduğu halda mümkündür. Ona görə də biz insanlara kütləvi şəkildə peyvənd olunmağı tövsiyə edirik. Necə ki, indiyədək ölkəmizdə peyvənd təqviminə uyğun olaraq hepatit B, vərəm, difteriya, göyöskürək, tetanus, poliomielit, B tipli hemofil infeksiya, qızılca, parotit, məxmərək kimi xəstəliklərə qarşı vaksinasiya aparılıb, bu prosesə də elə yanaşmaq lazımdır. Burada qorxulu heç nə yoxdur. İndiyədək COVID peyvəndinin hansısa ciddi fəsadının olduğu təsdiqlənməyib. Əksinə, hesab edirəm ki, yeni vaksinlər bizim vətəndaşlarda daha tez immunitet yaradacaq. Biz avropalılardan, amerikalılardan fərqli olaraq daha sağlam qidalanırıq. Eyni zamanda, yaşadığımız ölkə olduqca əlverişli iqlim qurşağında yerləşir. Bütün bunlar bizim pandemiyaya daha tez qalib gəlməyimiz üçün əlavə üstünlüklərdir”.
Məsələyə münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla da hesab edir ki, vaksinlər ilk öncə risk qrupunda olan şəxslərə tətbiq edilməlidir: “Risk qrupunda olanlar əsasən tibb işçiləri, xəstələrlə təmasda olan tibbi texniki personalıdır. Həmçinin 65 yaşdan yuxarı, yanaşı xəstəlikləri olan insanlardır, hansı ki, ölüm halları daha çox bu cür insanlar arasında olur. İnsanların vaksinasiya ilə bağlı tərəddüdünə gəldikdə, təəssüflər olsun ki, vaxtilə koronavirusla bağlı dezinformasiya yayan şəxslər indi də vaksinlərlə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayaraq, insanları çaşdırır. Guya vaksinasiya olunan şəxslər sürətlə qocalmağa başlayır. Axı kimə vaksinasiya olundu ki, onun sürətlə qocalmasını gördük? Yəni yayılan bütün məlumatlar uydurma, şayiədir. Bir amili nəzərə almaq lazımdır ki, bu gün vaksinasiya nəticəsində uşaqların kütləvi ölümünə səbəb olan qızılca, göyöskürək, difteriya, polimelit kimi uşaqların şikəst olmasına gətirib çıxaran xəstəliklər yoxdur. Həmçinin uşaqlar arasında vərəmə yoluxanlar azalıb, Hepatit B-yə yoluxma azdır. Məhz vaksinasiya nəticəsində zamanında pandemiyaya səbəb olan, milyonlarla insanın həyatına son qoyan “təbii çiçək” xəstəliyi yoxa çıxıb və s. Yəni vaksinasiyanın faydaları haqqında çox danışmaq olar. Onun ziyanı yoxdur. Doğrudur, allergik reaksiyalar yarada bilər, onun da dərhal qarşısı alınır. Hesab edirəm ki, hər kəs vaksinasiya məsələsində məsuliyyətli olmalıdır".
Tanınmış sosioloq Əhməd Qəşəmoğlu isə bu qənaətdədir ki, COVID-19 peyvəndinin tətbiq olunması ilə bağlı təkmilləşdirilmiş mexanizm olmalıdır: “Burada söhbət könüllülük məsələsindən gedir. Bir tərəfdən də deyirlər ki, peyvənd olunanlara pasport veriləcək. Bəs, peyvənd olunmayanların taleyi necə olacaq? Sabah onları insanların kütləvi şəkildə toplaşdığı məkanlara, eləcə də xarici səfər zamanı təyyarəyə buraxmaya bilərlər. Bu da insanlara böyük bir məhdudiyyət yaradacaq. Digər tərəfdən, insanlar vaksinasiya olunmağa niyə meyilli deyillər? Bilirsiniz ki, bununla bağlı insanlarda çoxlu sual var. Bəzi tanınmış professorlar da bu peyvəndləri təhlükəli sayırlar. Hesab edirlər ki, COVID-19 düşünülmüş bir məsələdir və Yer kürəsində insanların sayının azaldılmasına hesablanıb. Təbii ki, insanlar da bu xəbərləri oxuyub təşvişə düşürlər. Yəni, bu gün insanlarda yeni peyvəndlə bağlı aydın təsəvvürlər yoxdur. Bundan əvvəl uşaqlara müəyyən yaş dövrlərini əhatə edən peyvəndlər vurulub və çox adam da buna etiraz etməyib. Son illər peyvəndlə bağlı olduqca şübhəli fikirlər gəzir. Ona görə də peyvəndləmə aparılmadan öncə insanların psixoloji rahatlığı üçün ciddi işlər görülməlidir. İnsanlar həqiqətən inanmalıdırlar ki, bu peyvənd təhlükəli deyil”.
Məsələnin hüquqi tərəflərinə aydınlıq gətirən hüquqşünas Səməd Vəkilov bildirib ki, qanunla məcburi şəkildə vaksinasiya qadağandır: “Yalnız tibbi zərurət olarsa, şəxsi vaksinasiyaya məcbur etmək mümkündür. Ona görə də bu prosesin könüllü olması hüquqi baxımdan daha məntiqlidir. Vətəndaşa COVID-19 pasportunun verilməsi bir az müəmmalı məsələdir. Axı, necə zəmanət vermək olar ki, bu vaksini vurduranlar təkrar koronavirusa və ya başqa yoluxucu xəstəliyə yoluxmayacaq? Buna heç kim əvvəlcədən təminat verə bilməz. Digər tərəfdən, bu pasportu əldə edənlərin əlavə üstünlüyə malik olacağı barədə söylənilənlər hüquq bərabərliyi prinsipinə ziddir. Hüquq bərabərliyi prinsipi insan hüquqlarının ən vacib komponentidir. Hüququn aliliyinin təmin olunması məhz qanun qarşısında hər bir şəxsin bərabərliyi anlayışı ilə münasibətdə götürülür. Bu mənada məsələyə çox həssas yanaşmaq lazımdır. Elə etmək lazımdır ki, peyvəndi qəbul etməyən şəxslərin də hüquqları qorunsun. Məsələn, bununla bağlı işçi qrup yaradılmalıdır və həmin işçi qrupunda həkimlərlə yanaşı hüquqşünaslar təmsil olunmalıdır. Eyni zamanda, dünya təcrübəsinə baxıb müvafiq qərar qəbul edilməlidir”.