“DOST”umuz olan yeni mərkəzdə bir gün - REPORTAJ

11:36 13.04.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Martın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən 4 saylı DOST Mərkəzinin açılışı olub.

Açılış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub. Aprel ayının 8-dən etibarən isə burada vətəndaşların qəbuluna start verilib. Hafta.az-ın əməkdaşı yenicə fəaliyyətə başlayan mərkəzə üz tutdu. Burada yaradılmış şərait, vətəndaşlara göstərilən xidmət ilə yaxından tanış oldu.

132 ayrı xidmət bir ünvanda

Sayca 4-cü olan və 132 ayrı xidmətin bir ünvanda göstərildiyi bu məkan ən böyük DOST mərkəzidir.

Mərkəzin ərazisi 7 min kvadrat-metrdir. Bura günboyu 700 nəfər vətəndaşın qəbulu üçün nəzərdə tutulub. Növbəti illərdə isə bu sayın 1000-1200 nəfərə çatdırılacağı planlaşdırılır. Yenicə fəaliyyətə başlamalarına baxmayaraq, artıq günboyu 500-600 nəfərin müraciəti qəbul olunur. Mərkəzlər üzrə müraciətlər daha çox pensiya və müavinətlərlə bağlıdır.

Nəzərinizə çatdıraq ki, 4 saylı DOST mərkəzində Nərimanov və Binəqədi rayon sakinlərinə xidmət göstərilir.


Hazırda pandemiya şəraiti nəzərə alınaraq, daxil olan hər bir vətəndaşın girişdə temperaturu yoxlanılır, ona antibakterial məhlul təklif olunur. Təbii olaraq içəri maskasız giriş də qəti qadağandır.

İnklüziv İncəsənət Məktəbi

İnzibati bina ilə tanışlıq, qurumun fəaliyyəti və göstərilən xidmət növləri ilə bağlı olaraq 4 saylı Bakı DOST Mərkəzinin direktoru Çingiz Əliyev bizləri məlumatlandırdı.

O bildirdi ki, mərkəzdə vətəndaşlara 132 növ xidmət göstərilir. Bundan başqa, agentliyin daxilində “Kapital Bank”ın və “Beynəlxalq Bank” ın şöbələri də mövcuddur:

“Digər DOST mərkəzlərindən fərqli olaraq bizdə İnklüziv İncəsənət Məktəbi fəaliyyət göstərir və sərgi zalı var. İnklüziv İncəsənət Məktəbi BMT-in və bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi layihədir. Muzeydə isə əl işləri sərgilənir. Gələcəkdə onların satışları da nəzərdə tutulur”.

Qəbul prosesi

İnzibati binaya daxil olan vətəndaş şəxsiyyət vəsiqəsini ya qəbul masasına göstərir, ya da aparatların qarşısında dayanaraq könüllülərin də yardımı ilə vəsiqənin Fin kodunu bölməyə daxil edir. Ardınca müraciət istiqaməti üzrə xidməti sahə seçilir.

Təsdiq prosesi bitdikdən sonra sıra növbəsi götürüb gözləmə mövqeyinə keçir və lazım olan xidmət sahəsinə yönəldilir. Bu zaman vətəndaşın foto şəkili bildiriş ekranında görünür və o hara yaxınlaşmalı olduğunu müəyyən edir.

Direktorun sözlərinə görə, buranı digər DOST mərkəzlərindən fərqləndirən digər cəhət Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 5 pəncərəsinin olmasıdır. Sözügedən pəncərələr dövlət qulluqçularına və zərərli işdən vaxtından əvvəl ayrılan vətəndaşlara ayrılıb.

İnzibati binanın daxilində Tibbi Sosial Ekspertiza komissiyasının otağı da var. Burada öncədən qeydiyyatdan keçmiş vətəndaş həkimlər tərəfindən də müayinə oluna bilir.

Elə reportaj əsnasında Vətən Müharibəsi iştirakçısı qazi Tural Səlimzadə ilə ona göstərilən xidmətlə bağlı həmsöhbət olduq. Tural deyir ki, müraciəti əlillik dərəcəsinin verilməsi ilə bağlıdır:

“Demək olar ki, proses son mərhələdədir. Göstərilən xidmətdən isə olduqca razıyam”.
Otaqdakılar ilə sağollaşıb yolumuza davam etdik. Binanın daxilində notariat da var.
Çingiz Əliyev bildirdi ki, vətəndaşlar sənədlərin təsdiqini başqa yerə getmədən burada həyata keçirə bilərlər. Hələlik isə bu xidmət növünə nümayəndə təhkim edilməyib. Binanın ikinci mərtəbəsində isə 142 Çağrı mərkəzi fəaliyyət göstərir.

Pandemiya dövründə xidmət

Binaya daxil olan şəxslərin temperaturları ölçülür. Ardınca onlar könüllülər tərəfindən antibakterial maddə ilə dezinfeksiya edilirlər. Maskadan istifadə etməyən vətəndaşa xidmət göstərilmir. Bundan savayı həftədə 2 dəfə binada dezinfeksiya işləri aparılır. Gün ərzində isə 2 dəfə olmaqla əməkdaşların temperaturu ölçülür. Hər hansı bir narahatlıq müşahidə edilərsə, həmin şəxs evə göndərilir. Ardınca aidiyyəti üzrə poliklinikada COVID-19 testi etdirilir. Nəticədən asılı olaraq əməkdaşın işə gəlib-gəlməyəcəyi müəyyənləşdirilir.

Söhbət əsnasında direktor bir məqamı xüsusi vurğuladı. Bu da kadr seçiminin həyata keçirilməsi zamanı gənclərə üstünlük verilməsidir:

“Agentlik olaraq kadr seçimi zamanı gənclərə, xüsusən də könüllülərə üstünlük veririk. Hazırda digər DOST mərkəzlərinin, eləcə də bizim əməkdaşlarımızın bir hissəsi daha öncə könüllü olmuş gənclərdir. Könüllülər növbəli əsaslarla (3 növbə və hər növbədə 15 nəfər olmaqla 45 könüllü) xidmət edirlər. “DOST” mərkəzləri işçilərinin təyini həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər strukturlarının əməkdaşları sırasından bir neçə mərhələdən ibarət çox ciddi seçim əsasında həyata keçirilir”.

Elə könüllülük demişkən, görəsən, DOST mərkəzində belə fəaliyyət üçün nə tələb olunur? Könüllülər hansı üsulla seçilirlər? Bunun üçün ilk növbədə, qurumun Facebook səhifəsində, yaxud “dost.gov.az” saytında könüllü olaraq qeydiyyatdan keçmək lazımdır.

“DOST mərkəzlərində könüllü olmaq üçün 16-29 yaş aralığında istənilən şəxslər müraciət edə bilərlər. Daha sonra müraciət edənlər müsahibəyə dəvət olunurlar. Burada gənclərə onların dünyagörüşü, bu günədək sosial ictimai fəaliyyətləri ilə bağlı müxtəlif suallar verilir. Müsahibədə yaxşı iştirak edən könüllülər daha sonra öz istəkləri üzrə seçdikləri mərkəzdə könüllülük fəaliyyətinə başlayırlar. Hazırda, “1”, “3” və “4” saylı DOST mərkəzlərində 50, “2” saylı mərkəzdə isə 40 nəfər könüllü var. Onların içində 45 nəfər gənc könüllü, 5 nəfər isə gümüşü könüllülərdir. Könüllülərin gündəlik fəaliyyət müddətləri 3 saatdır”.

Dünənin könüllüsü bugünün əməkdaşı

Mərkəzin girişində məsləhətçi kimi çalışan Aslanlı Rübabə daha öncə könüllü olaraq fəaliyyət göstərən gənclərdən biridir. Yenicə işə başlayan gənc xanımın təəssüratları isə belə oldu:

“2 apreldən bəri bu müəssisədəyik. Daha əvvəl 2 ay könüllü kimi fəaliyyət göstərdim. Müsahibəni də uğurla başa vurub məsləhətçi olaraq işlə təmin edildim. Bura müraciət edən hər kəsə uğurlar arzulayıram”.

Müsahibimizə işlərində uğurlar arzulayıb, oradan da ayrıldıq. Bina ilə tanışlığımız sona çatmışdı. Elə bu yerdə gələcək planlar, növbəti görüləcək işlərlə bağlı ağlımızı qurdalayan son suallarımızı da rəhbər şəxsə ünvanladıq. Ç.Əliyev söylədi ki, bu yaxınlarda səyyar xidmət təşkil ediləcək. Belə ki, imkanları məhdud olan vətəndaş bizə müraciət edəcək. Daha sonra, əməkdaşlarımız ayrılmış nəqliyyat vasitəsi ilə həmin vətəndaşa evində xidmət göstərəcək. Bununla bağlı hazırda işlər gedir.
Qeyd edək hazırda ölkə üzrə 4 DOST mərkəzi fəaliyyət göstərməkdədir ki, onlar da paytaxt Bakının ərazisində yerləşir. Növbəti illərdə isə bu sayın artacağı, hətta regionlarda da yeni mərkəzlərin açılacağı planlaşdırılır.

Oxunma sayı 728