Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə bağlı müvafiq tədbirlər görülür.
Hafta.az xəbər verir ki, sentyabrın 8-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Abşeron rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Abşeron və Zəngilan rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb.
Əvvəlcə Dövlət Komitəsinin sədri Bahar Muradova və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri əsasən qəyyumluq, ailə münaqişəsi, məişət zorakılığı, işlə təminat, ünvanlı sosial yardım almaq, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi və bir sıra digər məsələlərlə bağlı olub.
Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, ərizələri qəbul edilərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.